5 Fevral 21:22
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Komandamız öz akademiyasının yetirmələrinə də, əcnəbi oyunçulara da güvənəcək. İndi biz bunu düşünmürük”.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov səfərdə “Sabah”la 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Kunokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

35 yaşlı mütəxəssis qolsuz nəticəyə rəğmən, azarkeşlərin dinamik oyun izlədiklərini bildirib: "Hər iki hissədə iki komandanın da şansları oldu. Amma cütün taleyi cavab oyununa qaldı. Komandama bu oyuna görə təşəkkür edirəm. Yaxşı oynadıq, baxmayaraq ki, qol vura bilmədik. Amma rəqib də qol vura bilmədi”.

Cavadov AFFA İcraiyyə Komitəsinin növbəti mövsümdən legioner limitinin aradan qaldırılacağı və komanda sayının artırılacağına dair qərarını da şərh edib: “İndiyə kimi AFFA-da strategiyanı quranlar bizdən, şəxsən məndən savadlıdırlar. İllərdir ki, bu işi görürlər. Bəlkə onlar da özləri doğru olaraq bunu görürlər. Limitin ləğvinin nəticələrini həm növbəti mövsüm Premyer Liqa klublarında görəcək, həm də milli komandalarlmızda hiss edəcəyik. Təkcə əsas milli deyil, U-17, U-19 və U-21 millilərinə də bu qərarın təsiri olacaq. Yerli futbolçulara limitin ləğvi böyük zərbə də ola bilər. Amma yenə bunu da dərk etməli və bu yolla da getməliyik. Şəxsən mənim kimi bir baş məşqçi üçün bu, idealdır. Hər bir baş məşqçi üçün rahat olacaq ki, hazır futbolçu gətirəcək. Amma digər tərəfdən, bizim akademiyalarımız da var. Oradan 17-18 yaşlı futbolçu olub çıxmaq şansı vardısa, 40-50 oyunçu kənarda gözləməyə məcbur olacaq. Ən əsası, ehtiyat oyunçular skamyasında artıq 17-18 yaşlılar yox, daha təcrübəli azərbaycanlı futbolçular da oturacaq. Nüanslar çoxdur, amma qərar qəbul olunubsa, razılaşmalı və gözləməliyik ki, nəticəsi necə olacaq. Komanda sayının artırılması isə müsbət haldır. Nə qədər komandaların sayı çox olarsa, yerli furbolçuların da üzə çıxmağa şansı var. Gözləyib baxmalıyıq. Hər klubun öz strategiyası var. Çalışıb Azərbaycan millisini qaldırmalıyıq”.

Qeyd edək ki, "Sumqayıt" və "Sabah" komandaları arasında cavab oyunu fevralın 27-də keçiriləcək.


Müəllif: Röyanə Oğuz

Oxşar xəbərlər