12:43
206
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən yay Ukrayna qoşunları gözlənilmədən Rusiyanın Kursk vilayətinin bir hissəsini ələ keçirdikdən sonra Prezident Vladimir Putin bildirmişdi ki, Müdafiə Nazirliyinin əsas vəzifəsi işğalı bitirməkdir. Bu bəyanatın üstündən altı ay keçsə də, ruslar hələ də bu Kursku azad edə bilməyiblər.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin “Bloomberg” agentliyi yazır.

“Putinin Ukrayna ordusunu Rusiya ərazisindən çıxara bilməməsi ABŞ Prezidenti Donald Trampın müharibəni dayandırmaq üçün israr etdiyi bir vaxtda əhəmiyyət kəsb edə bilər. Rusiya qoşunları Ukraynanın şərqindəki döyüş meydanında tədricən irəliləməyə davam edərkən, Kiyev istənilən danışıqlarda potensial ərazi mübadiləsi üçün Kursku kozır kimi saxlayır”, - məqalədə deyilir.

Mənbə vurğulayır ki, İkinci Dünya Müharibəsindən sonra Rusiya ərazisinin ilk işğalı Putin üçün böyük uğursuzluqdur, çünki onun daxili imici onun “millətin maraqlarını qoruyan güclü lider” olmasına əsaslanır.

Rusiyalı politoloq Mixail Vinoqradov deyir ki, ümumilikdə, hərbi əməliyyatların effektivliyi gözlənildiyindən aşağıdır: “Sistem nə ərazilərin itirilməsinə, nə də prosesin uzanmasına hazırdır”.

Həmçinin “Bloomberg” qeyd edir ki, döyüşlər Kurskun yalnız kiçik bir ərazisini əhatə edir. Ancaq Ukraynanın bir milyona yaxın əhalisi olan bölgəyə hücumu müharibənin üçüncü ilində Putinin başlatdığı işğalın nəticələrini hiss edən ruslar üçün şok oldu.

Rusiya rəsmilərinin hesablamalarına görə, Kurskda 150 minə yaxın insan döyüşlər səbəbindən evlərini tərk edib. Dövlətin öz vətəndaşlarını müdafiə edə bilməməsindən narazılıq da artır. Xüsusilə, yanvarda yüzlərlə insan Kurskda mitinqlərə çıxaraq şikayətləniblər ki, məmurlar köçkünləri yerləşdirmək və ya itkin düşən qohumlarını tapmaqda onlara kömək etmək üçün çox az iş görürlər.

Bununla belə, Britaniyanın “Chatham House” analitik mərkəzinin məsləhətçisi Nikolay Petrov söyləyir ki, Kreml Kurska milli yox, regional problem kimi baxır:“Bu, o deməkdir ki, heç bir tələskənlik yoxdur”.

Kursk əməliyyatı Rusiyanın Ukraynanın şərqindəki hücumunu dayandırmasa da, Kreml Ukrayna qüvvələrini bölgədən sıxışdırmaq üçün minlərlə əsgər göndərib.

“Bu, Putinə təsir edə bilər, çünki Tramp ona müharibəni bitirmək üçün təzyiq edir və sövdələşməyə getməyə tələsdirir, imtina edərsə, irimiqyaslı yeni sanksiyalarla hədələyir”, - məqalədə deyilir.

Rusiya isə açıq şəkildə bildirir ki, müharibə ancaq Moskvanın şərtləri ilə dayandırılacaq. Rəsmilərə görə, Rusiya daha iki-üç il müharibə apara bilər. Amma britaniyalı analitik Bota İliasın sözlərinə görə, qüvvələri tükəndiyi üçün Putin prioritetlərini dəyişdirmək məcburiyyətindədir, Rusiya lideri Kurskun ərazilərini geri almaqdan daha çox Ukraynadakı qazanclarına baxır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər