Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün kvotanın hələ məlum olmadığını bildirib.
Bunu Teleqraf.com-a açıqlamasında QMİ-nin Xarici əlaqələr şöbəsinin müdiri, Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri deyib.
O, hazırda təmsil etdiyi quruma Həcc ziyarətinə getmək istəyənlərin müraciətlərinin daxil olduğunu bildirib: “Bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları təşkil edir. Hazırda ziyarətə getmək istəyənlərin müraciətləri qəbul olunur. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək”.
O əlavə edib ki, ziyarətə gedənlərin sənədlərinin qəbulu yanvarın 21-dən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.
Xatırladaq ki, öt il Həcc ziyarət üzrə Azərbaycandan ilkin kvota üçün 2000-dən çox yer nəzərdə tutulsa da, 1500 kvota yeri ayrılmışdı.