“Təndir çörəyi və qutabı çox xoşlayıram”
Teleqraf.com-un suallarını Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müvəqqəti İşlər Vəkili Abdalla Jasim Alşamsi cavablandırıb. Bu yaxınlarda Azərbaycanın ən uca dağ zirvəsinə - Bazardüzünə qalxan diplomatla söhbətə sözügedən səfəri ilə başladıq.
- Cənab Abdalla Jasim Alşamsi, bu yaxınlarda Azərbaycanın ən uca dağ zirvəsi olan Bazardüzünə qalxdınız. Bu səfərlə bağlı təəssüratlarınızı bilmək istərdik.
- Təəssüratım çox yaxşıdır. Bu dağlarda olmaq həqiqətən də gözəldir. Qafqaz dağları haqqında əvvəllər də eşitmişdim. Nəhayət ki, gəldim, kəşf etdim və çox məmnun qaldım.
- Bazardüzü zirvəsini seçməyinizin xüsusi səbəbi var? Azərbaycanın daha hansı gəzməli-görməli yerlərinə səfər etmək istərdiniz?
- Bəli, Bazardüzü ən yüksək zirvə olduğuna görə, bu zirvəyə qalxdım. Qəbələ və Lerik rayonlarına gedib, oraları gəzmək niyyətindəyəm.
- Artıq uzun müddətdir ki, Bakıdasınız. Paytaxtımızla bağlı fikirləriniz maraqlıdır.
- Bakı gözəl şəhərdir və günbəgün daha da inkişaf edir. Xarici turistlər üçün ingilis dilində filmlər nümayiş olunan kinoteatrlar yaradılarsa, daha da yaxşı olar.
- Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli əlaqələri necə qiymətləndirirsiniz?
- Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli əlaqələr yüksək səviyyədədir və günbəgün daha da inkişaf edir. İkitərəfli rəsmi səfərlərin olması bunun əyani sübutudur.
- Birləşmiş Ərəb Əmirliklərinin Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyi nədən ibarətdir?
- Birləşmiş Ərəb Əmirlikləri Birləşmiş Millətlər Təşkilatının qətnamələrini və İslam Əməkdaşlıq Təşkilatının mövqeyini dəstəkləyir və erməni silahlı qüvvələrindən işğalı altında olan torpaqlar tək etməsini tələb edir.
- Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq hansı səviyyədədir?
- Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında beynəlxalq terrorçuluğa qarşı mübarizə istiqamətində əməkdaşlıq mövcuddur və yüksək səviyyədədir. Çalışırıq ki, gələcəkdə beynəlxalq terrorçuluğa qarşı mübarizə daha da yüksək səviyyədə olsun.
- İldə nə qədər azərbaycanlı turist BƏƏ-yə üz tutur?
- BƏƏ-ni seçən Azərbaycan vətəndaşlarının sayı barədə dəqiq məlumat yoxdur.
- İki ölkə arasında tələbə mübadiləsi həyata keçirilir? Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycanda təhsil almağa meyl edən gənclər varmı?
- Hazırda iki ölkə arasında tələbə mübadiləsi yoxdur. Birləşmiş Ərəb Əmirliklərinin Təhsil Nazirliyi və səfirliyimiz çalışır ki, bu sahədə əməkdaşlıq yaransın və belə bir imkan olarsa, mən özüm doktorant kimi ilk tələbə olacağam.
- Bir neçə ay öncə Azərbaycanda ilk Avropa Oyunları keçirildi. Bu idman yarışını izlədinizmi?
- Bəli, izlədim. Bakıda keçirilən ilk Avropa Oyunları çox yüksək səviyyədə təşkil olunmuşdu. Belə bir möhtəşəm tədbirin keçirilməsi bir daha sübut etdi ki, Azərbaycanın imkanları bu kimi beynəlxalq hadisələri təşkil etməyə qadirdir.
- Azərbaycan mətbəxinin hansı təamları xoşunuza gəlir?
- Azərbaycan mətbəxi ləziz yeməkləri ilə zəngindir. Xüsusilə təndir çörəyi və göy qutabını çox xoşlayıram.
Leyla Cavadova