Payız mövsümü bütün xəstəlikləri özü ilə gətirir. Xüsusilə də xroniki, infeksion xəstəliklər bu mövsümdə kəskinləşir. Həm də bu mövsümdə tənəffüs xəstəlikləri də çox artır. Havanın temperaturu, atmosfer təzyiqi, küləyin təsiri ilə əlaqədar olaraq burun, udlaq, boğaz boşluğunda qrip kimi respirator xəstəliklər yaranır.
Bunu Teleqraf.com-a açıqlamasında həkim-terapevt Məlahət İsayeva deyib.
Onun sözlərinə görə, təzyiq düşdüyü zaman maddələr mübadiləsinin sürəti aşağı enir, yaxud da bəzilərində sürətlənmə olur. Bu isə bir çox xəstəliklərə səbəb olur:
“Atmosfer təzyiqi qan təzyiqini qaldırır ki, bu da ürəkdə müəyyən problemlər yaradır. Bu mövsümdə ürək, qan-damar, ağciyər, tənəffüs sistemində baş verən xəstəliklər, revmatizm kimi xəstəliklər daha çox özünü göstərir. Rütubətin artması oynaqların şişməsi, kəskin iltihabın əmələ gəlməsinə səbəb olur, dözülməz ağrılar verir. Eyni zamanda soyuq hava mədə bağırsaq, xroniki qastrit xəstəliklərini artırır, yoğun bağırsağın soyuqlaması kəskinləşir. Qan azlığı xəstəliklərdə özünü göstərir”.
Məlahət İsayeva bildirib ki, bu mövsümdə qrip virusu daha geniş yayılır:
“Qarşısı alınmadığı halda, miningit, bronxit, qaymorit kimi xəstəliklərə yol aça bilər. Xəstəliyin qarşısını almaq üçün profilaktik tədbir görmək lazımdır. İdmanla məşğul olmaq, sağlam həyat tərzi keçirmək, normal yuxu, sinir sistemini sakitləşdirmək burada çox böyük rol oynayır. Ürək-damar , insult, şəkər, qan təzyiqi və sairə xəstəliyi olanlar mövsümə hazırlıqlı olmalıdır. Sahə həkimləri tərəfindən belə xəstələrə profilaktik müalicələr təyin olunmalıdır”.
Həkim-terapevtin sözlərinə görə, payızda mövsümü meyvə və tərəvəzlərin istehlakına üstünlük verilməli, A, C, D, E vitaminləri zəngin qidalardan istifadə olunmalıdır:
“A vitamini balıq, yumurta sarısın, tərəvəzlərdə var. C vitamini sitrus meyvələri, yaşıl və qırmızı bibər, qara qarağat,kivi, çiyələk, kələm, noxud və pomidorun tərkibində var. D vitamini qızıl balıq, qaraciyər, pendirdə, E vitamini bitki yağlarında, badamda var. B6 vitamini də balıq, paxlalı bitkilər, bananın tərkibində mövcuddur”.
Məlahət İsayeva qeyd edib ki, havanın soyuması ilə əlaqədar insanlar geyimlərinə xüsusi diqqət yetirməlidirlər:
“Biz özümüzü soyuqdan, xəstə insanlardan qorumalıyıq. Yanımızda asqıran, öskürən insanlardan qorunmalı, sosial məsafə saxlamalıyıq. Payız xəstəlikləri özü ilə gətirdiyi üçün, insanlar arasında yuxarı tənəffüs yollarının xəstəlikləri daha çox artacaq. İnsanlar soyuq içkilərdən, tütündən imtina etməli, havaya uyğun geyinməlidirlər. Yalnız bu halda mövsümü xəstəliklərdən özümüzü qoruyub, sağlam ola bilərik”.