Ermənistanın destruktiv mövqeyi sülh danışıqlarına yer qoymur. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ölkənin bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsinə dair həm ictimaiyyətə, həm beynəlxalq aləmə, eyni zamanda təbii ki, düşmən ölkəyə ünvanlanmış dəqiq və aydın mesajlar verdi. Azərbaycan Prezidenti bəyan etdi ki, Bakı imitasiya xarakterli heç bir danışıqlara qoşulmayacaq.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.
Politoloqun sözlərinə görə, Ermənistan rəhbərliyi danışıqları pozub və sülh prosesi dayanıb: “Bunun bütün məsuliyyəti, danışıqların pozulmasının nəticəsi olaraq baş verə biləcək bütün hadisələrin günahı Yerevanın üzərindədir. Çünki bu müddət ərzində Azərbaycan tərəfi mümkün qədər konstruktiv davranıb, danışıqlar prosesini pozacaq heç bir addım atmayıb.
Əgər Ermənistanın əvvəlki rəhbərliyi yalnız işğal faktının möhkəmlənməsi ilə status-kvonun davam etdirilməsinə çalışırdısa, Paşınyan bir az da irəli gedərək regionun enerji, demoqrafik və ekoloji təhlükəsizliyinin pozulması istiqamətində sistemli iş aparmaqdadır. Buraya işğal olunmuş ərazilərimizə etnik ermənilərin qanunsuz məskunlaşdırılmasını, işğal olunmuş ərazilərdə “xalq ordusu” adı altında Suriyadan etnik erməni terror qruplarının yerləşdirilməsini, qanunsuz silah daşımaları və bu kimi digər fəaliyyətləri aid edə bilərik. Bütün bunlar onu göstərir ki, Ermənistanın destruktiv mövqeyi sülh danışıqları üçün heç bir yer qoymur”.
Politoloq Ermənistanın mövqeyi ilə bağlı məsələyə toxunarkən qeyd edib ki, bu ölkə müstəqil ölkə deyil və öz qərarlarında da sərbəst hərəkət etmir: “Təsəvvür edin ki, Nikol Paşinyanın aylıq əməkhaqqı belə Açıq Cəmiyyət İnstitutu, başqa sözlə Soros tərəfindən ödənilir. Başqa sözlə, cənab Prezidentin də qeyd etdiyi kimi Paşinyan Soros rejiminin məhsuludur və bu gün Ermənistanda söz sahibi Sorosdur. Azərbaycan Ermənistanın təxribatlarını yaxşı anlayır və dərk edir. Yaxın zamanlarda işğalçıya layiqli cavabın veriləcəyinə əminik.
Sülh və diplomatik üsullara sadiq Azərbaycan öz hərbi gücünü bilir və təbii olaraq müharibə ehtimalını inkar etmir. Xüsusi olaraq eyd etmək istəyirəm ki, müharibənin başlanması eyni zamanda xalqın da çağırış və istəyinin nəticəsi olacaq. Çünki Ermənistanın davranışları, eləcə də beynəlxalq təşkilatların mövqesizliyi Azərbaycan üçün başqa yol qoymur”.
Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclası zamanı çıxışını şərh edən Yusif Bağırzadə bildirib ki, Ermənistanın yürütdüyü faşizm ideologiyası təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün təhdiddir:
“Bildiyimiz kimi, sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas keçirilib və Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev iclasda videoformatda çıxış edib. Prezident İlham Əliyev çıxışında qeyd edib: “Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan Xocalı soyqırımını törətmişdir. Ondan çox ölkə Xocalı soyqırımını tanımışdır. Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edib”. Cənab prezident bu nitqi ilə Ermənistanın Azərbaycana qarşı davam edən mənfur siyasətini növbəti dəfə ifşa etdi.
Ermənistanın anti-Azərbaycan siyasəti, bu ölkənin işğal altında saxladığı torpaqlarımızda həyata keçirdiyi, heç bir qanun çərçivəsinə, insanlığa sığmayan cinayətləri barədə Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə beynəlxalq qurumların tribunalarında etdiyi çıxışlarda bildirib və bu faktı dünya ictimaiyyətinə çatdırıb”.
Politoloqun sözlərinə görə, 180-dən artıq ölkənin dövlət və hökumət başçılarının qatıldığı belə bir iclasda Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər bir dövlət kimi Ermənistanın mahiyyətini aydın şəkildə ortaya qoyur:
“Ermənistan dünyanın gözü qarşısında bütün beynəlxalq konvensiyaların şərtlərini kobud şəkildə pozaraq həm ərazilərimizdə etnik təmizləmə siyasəti həyata keçirib, həm də tarixi, arxeoloji, mədəni, dini abidələrimizi məhv edib, bəzilərini isə erməniləşdirib. Ermənistanın əsas məqsədi işğal altında saxladığı Azərbaycan ərazilərindən süni şəkildə Azərbaycan xalqının izlərini silməkdir.
Ermənistan hər gün işğal altında olan ərazilərimizdə qanunsuz əməllərini davam etdirir, qanunsuz arxeoloji qazıntılar aparır, tariximizin, mədəniyyətimizin izlərini silməklə məşğul olur. Ölkə başçısı tərəfindən BMT-nin yüksək səviyyəli iclasında bu məsələnin yenidən gündəmə gətirilməsinin əhəmiyyəti böyükdür.
Cənab Prezident öz çıxışında Ermənistanın dünya üçün necə böyük təhlükə yaratdığını əsaslı şəkildə bir daha bəyan etdi. Dünya birliyi də başa düşməlidir ki, Ermənistanın hərəkətlərinin qraşısı alınmasa, bu ölkədə dövlət siyasətinə çevrimiş nasizm, njdeizm təhlükəsi bütün dünyanı təhdid edəcək. Odur ki, bütün bunların Ermənistanın əsl simasının dünya birliyinə çatdırılması baxımından olduqca vacibdir”.