6 Noyabr 2020 15:13
6 205
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Seysmoloji Xidmət Mərkəzinin Seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Tahir Məmmədli Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Tahir müəllim, son dövr ərzində Azərbaycanda iki dəfə ard-arda - Xəzərdə və Saatlıda zəlzələ müşahidə olundu. Ölkəmizdə zəlzələ təhlükəsi haqda nə demək mümkündür?

- Azərbaycanda zəlzələ ocaqları çoxdur. Onların əvvəlcədən proqnozlaşdırılması dünyada olduğu kimi, bizdə də mümkün deyil. Ocaqlarda zəlzələ ehtimalı var, amma onun nə vaxt baş verəcəyini heç kim deyə bilməz. Ölkəmizdə potensial güclü zəlzələ ocaqları var.

- Azərbaycanda tektonik qırılmalar hansı ərazidə hiss olunur?

- Azərbaycanın bütün ərazilərində zəlzələ ehtimalı var. Amma Şamaxı, İsmayıllı, Gəncə, Zaqatala-Balakən və cənub regionunda bu ehtimal daha yüksəkdir.

Abşeron yarımadasında aktiv qırılma yoxdur. Tektonik qırılmalar Şamaxıdan başlayır, Gürcüstan sərhədinə qədər, oradan o tərəfə davam edir. Qafqaz istiqamətli çoxsaylı ümumi dərinlik qırılmaları var. Bundan başqa, anti-Qafqaz dərinlik qırılmaları da mövcuddur. Onların ayrı-ayrı seqmentləri aktiv olduğuna görə orada zəlzələ ehtimalı yüksəkdir. Zəif zəlzələ daim orada baş verir.

Gələcəkdə güclü zəlzələ ehtimalı da böyükdür. Aktiv qırılmalarda tektonik hərəkətlər baş verir və bu da zəlzələnin əmələ gəlməsinə səbəb olur.

- İzmirdəki zəlzələnin Azərbaycanda da hiss olunması fikirləri var idi, bu, nə dərəcədə həqiqətə uyğundu?

- O zəlzələnin ölkəmizdə hiss edildiyinə inanmıram, çünki kifayət qədər uzaq məsafədə baş verib. Kimsə hiss edibsə, deməli, ola bilər.

- İzmir tektonik zonadırmı?

- Türkiyədə tektonik zonlar çoxdur, o cümlədən İzmir yaxınlığında, Egey dənizində. Egey dənizində də belə zəlzələ ocaqlarında tektonik qırılma mövcuddur və orada mütəmadi zəlzələlər baş verir. Güclü zəlzələlər adətən dünyada az-az təkrarlanır. Təkanların gücü kiçildikcə, baş vermə dövriliyi artır. Bu, bütün dünyada belədir.

- Süni zəlzələ haqda nə deyə bilərsiz?

-Süni zəlzələ söhbəti insanlar arasında yayılan şayiədir. Belə zəlzələni yaratmaq mümkün deyil. Ola bilər, hardasa partlayış eləsinlər, bomba partladılsın. Nüvə başlıqları sınaqdan keçirilən zaman titrəyiş əmələ gətirir. Onu da seysmoloqlar müəyyən edə bilirlər ki, bu, süni zəlzələdir, hansısa bomba partlaması nəticəsində olub və ya həqiqi təkanlardır... Zəlzələ ilə süni yolla yaradılmış tirtəyişləri ayırmaq çox asandır.

- Xırda təkanlar böyük zəlzələ ehtimalıdır, yoxsa zəlzələ təhlükəsinin azalması?..

- Bunu birmənalı demək olmur. Çünki istənilən zəlzələ tektonik hərəkətlərin təzahür formasıdır. Xırda təkanlar göstərir ki, orada aktivlik var və müəyyən dövrlərdən sonra orada hərəkətə gələn süxur layları öz ölçüsünə uyğun güclü zəlzələ yarada bilər.

50-60 il əvvəl seysmoloqlar proqnoz məqsədilə bundan istifadə edirdilər. Belə düşünürdülər ki, zəif zəlzələlərin çoxluğu güclü zəlzələlərin göstəricidir. Alimlər elə bilirdilər ki, əgər zəif zəlzələ olmursa, nisbi sakitlikdirsə, bu da zəlzələnin xəbər vericisi ola bilər.

Dəqiqləşdirildi, məlum oldu ki, bunun məsələyə heç bir dəxli yoxdur. Güclü zəlzələ baş verməsi başqa fakortlarla əlaqədardır. Gedən tektonik hərəkətlər nəticəsində əmələ gələn süxur laylarının ölçülərindən asılı olaraq bu və ya digər ölçüdə güclü və ya zəif zəlzələlər əmələ gəlir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər