1 Yanvar 2021 09:05
1 986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan qəhrəmanlardan bir də İsa Məmmədovdur. Onunla nəinki ailəsi, dostları, döyüş yoldaşları, bütün Azərbaycan qürur duya bilər.

Şəhidimizin sorağını sosial şəbəkədən alıb, məzarını ziyarət etdik. Murovdağ, Suqovuşan uğrunda döyüşlərdə həyatını itirən şəhid qəhrəmanımız Binə qəsəbəsində torpağa tapşırılıb.

Xatırlayıram, müharibə gedən müddətdə bir şəhid anası “Övladıma soyuq olar, mən necə isti yerdə yatım” demişdi. O vaxt bu cümlənin həqiqətini başa düşə bilməmişdim. Binədə Şəhidlər qəbiristanlığına daxil olanda şaxtanın soyuğu mənə o cümlənin reallığını izah etdi.

Biz orda olanda şəhidin məzarı başında kimsə yox idi. Bizi Suqovuşana qovuşdurub, özü şəhadətə ucalan gülər üzlü şəhid ziyarətə gələnləri fotosundan salamlayır...

Qayıtdıqdan sonra atası ilə danşdıq. İsanın atası Nazim Məmmədov deyir ki, oğlu müddətdən artıq hərbi xidmət qulluqçusu idi. Aprel ayından Murov dağı ətrafında xidmət göstərən İsa 27 sentyabrda başlayan döyüşlərdə iştirak edib: “Döyüşlər başlayana qədər mütəmadi onunla əlaqə saxlayırdıq. Onlar yüksəkliyə qalxanda əlaqəmiz kəsildi, telefonlarını da yığmışdılar ki, ermənilər heç bir siqnal tutmasınlar.

O gündən oğlundan xəbərim çıxmadı. Nə harasa gedə bildim, nə məlumat aldım. Oktyabrın 2-3-ü komandirləri dedi ki, Murovda Kəlbəcərə tərəf irəli gediblər. Dövlət sirri olduğuna görə gedişatın necə olduğunu mənə açmadılar”.

İsa uşaqlığından əziyyətlə böyüyüb. 2 yaşı olanda valideynləri ayrılıb, atası İsanı təkbaşına böyüdüb: “İsa mənim ümid yerimidi. Arzulayırdım ki, böyüyər, ailə qurar. 67 yaşımda məni tək qoyub getdi... Allah ermənilərə lənət etsin! Neçə ailənin işığını söndürdülər”.

Müharibə başa çatdıqdan sonra əksər valideynlərdən fərqli olaraq İsanın atası övladından xəbər ala bilməyib. Son 5 günə qədər itkin, yaxud əsir düşdüyünü fikirləşiblər: “5 gün əvvəl oğlumun şəhid olması xəbərini mənə verdilər. Füzuliyə gətirmişdilər. Getdim orada nəşinə baxdım, gətirdim Bakıya. Necə şəhid olması barədə məlumat vermədilər”.

Uşaq yaşından hərbçi olmağı arzulayan 25 yaşlı İsa Məmmədov hərbi xidmətini başa vurduqdan sonra arzusunu gerçəkləşdirib. Vətən sevgisini atasından öyrənən İsanın ən böyük arzusu düşməndən qisas almaqmış: “Oğlumun heç kimlə işi yox idi. Ağıllı, mərifətli idi. Qonşuların hər çağırışına qaçırdı. Kimsənin xətrinə dəyməzdi. Özüm də onu başa salırdım. Ona vətən sevgisini aşılamışdım. Vətəndir, vətənin uğrunda hamımız getməliyik. Mən özüm də müraciət etdim, nə qədər yalvarsam da məni aparmadılar. Oğullarımız vətən uğrunda şəhid oldular. Təki gələcək nəslimiz şəhidlərimizə layiqli olsun, torpağı qorusunlar”.

Bu gün şəhidimizin İsa Məmmədovun ruhu şaddır. O, arzuladığı məqama, şəhidlik zirvəsinə ucalıb. Canı bahasına qoruduğu vətəni bizə əmanət edən qəhrəmanım, rahat yat. Əmanəti göz bəbəyi kimi qoruyacağıq...


Müəllif: Aysel Azad

Oxşar xəbərlər