12 Mart 2021 14:42
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dövlət qurumu vətəndaşdan diplomun notarial qaydada təsdiqlənmiş variantının elektron versiyasını öz sisteminə yükləməyi tələb edir. Yəni, vətəndaş onun haqqında dövlət qurumunda (Təhsil Nazirliyində) olan məlumatın doğruluğunu hansısa dövlət qurumuna sübut etmək üçün yenidən başqa bir dövlət qurumuna (Ədliyyə Nazirliyinə) getməlidir, ödəniş edərək onu təsdiqlətməli, skan versiyasını hazırlamalı və nəhayət, dövlət qurumunun informasiya sisteminə yükləməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib.

O hesab edir ki, bu, Azərbaycanın indiki inkişaf mərhələsi üçün olduqca xoşagəlməz, təəssüf doğuran və izahı bilinməyən bir vəziyyətdir:

“Təhsil Nazirliyi son illərdə bir neçə uğurlu, faydalı rəqəmsal həllər hazırlayıb. Lakin e-Gov Portalına diqqət yetirdikdə bəzi elektron xidmətlərin yalnız adlarını görmək olur, xidmətin özü aktiv deyil. Ümumiyyətlə, belə müşahidə etmək olur ki, Təhsil Nazirliyinin bir neçə aktiv elektron xidməti Portala inteqrasiya olunmadan ayrı bir resurs üzərindən təqdim olunur. Sual yaranır, Portal nə üçün lazımdır?

Maraqlıdır ki, Təhsil Nazirliyinin diplomlarla bağlı “Təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması” xidməti də yarımçıq vəziyyətdədir. Sistem yalnız 2011-2017-ci illər üzrə diplomları yoxlamağa imkan verir. Heç bir quruma inteqrasiya indiyədək baş tutmayıb.

Diplom bazası ilə bağlı 5 il bundan öncə də durum təxminən elə bu vəziyyətdə idi. Görəsən, ötən 5 ildə Təhsil Nazirliyi bu bazanı yeniləyə bilməyibmi ? Nə üçün universitetlərə bu haqda tapşırıqlar verilməyib?

Dəqiq xatırlayıram ki, bir universitet özünün 4-5 illik diplom bazasını Təhsil Nazirliyinin sisteminə cəmi bir-iki ay ərzində yükləyə bimişdi. Belə olan halda ötən 5 il ərzində ali təhsil müəssisələrində oflayn formada mövcud olan diplom bazasının Təhsil Nazirliyinə inteqrasiyasının indiyədək baş tutmaması təəssüf və təəccüb doğurur”.

Osman Gündüzün fikrincə, Təhsil Nazirliyi tez bir zamanda diplom bazasını qaydaya salmalıdır, rəqəmsallaşdırmalı və FİN-ə bağlanmalıdır: “Bu bazanı e-Gov və myGov Portalına, DİM-in sisteminə, təhsil müəssisələrinə inteqrasiya etməlidir. Təhsil Nazirliyi bu bazadan istifadə üçün dövlət və özəl müəssisələrə, universitetlərə servislər təqdim etməlidir ki, bu qurumlar vətəndaşdan diplomu və ya onun notarial təsdiqini tələb etməsin, vətəndaşın FİN nömrəsinə görə onun diplomunu tanıya bilsinlər.

Bununla həm də saxta diplom problemini birdəfəlik həll etmək olar”.

Ekspert bir müddət öncə təhsil haqqında qanunvericiliyə dəyişikliklər edildiyini də xatirladıb: “Artıq kağız formada diplomlar vermək qadağan olunub, diplomlar yalnız elektron formada olacaq.

Bu baxınmdan Təhsil Nazirliyinin öz informasiya sistemlərini tez bir zamanda buna hazırlaması, diplomların vahid bazaya toplanması üçün universitetlərə ciddi tapşırıq verməsi və inteqrasiya proseslərinə başlaması çox vacibdir.

Ümid edirəm e-Gov-a cavabdeh olan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Hökumətin İnkişafı Mərkəzi və Təhsil Nazirliyi tez bir zamanda bu problemi həll edə biləcəklər”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər