25 May 2021 16:49
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Karantin qaydalarının yumşaldılması birbaşa epidemioloji vəziyyətə bağlıdır. Verilən məlumatlardan da göründüyü kimi, yoluxma halları xeyli azalıb, sağalanlar xəstələnlərin sayını ötüb.

Bunu Teleqraf.com-a açıqlamasında professor Adil Qeybulla deyib.

Onun sözlərinə görə, gündəlik xəstə müraciətlərinin sayında enmə müşahidə olunur: “Bu da göstərir ki, sosial həyatın müəyyən sahələrində yumşalma tədbirləri tətbiq olunmalıdır. Bunlardan biri açıq havada maskasız gəzməkdir. Çünki insanlar qapalı mühitdə, iaşə müəssisələrində maskasız əyləşir, danışır, əylənir. Açıq havada isə onlardan maska tələb olunur. Bu, tam absurd qərardır. Açıq havada maska taxılması qadağasına çoxdan baxılmalı idi”.

Professorun fikrincə, kütləvi məclislərin təşkilinə növbəti aydan baxıla bilər: “İctimai nəqliyyatda müşahidə olunan sıxlıq əhalinin işini çətinləşdirirdi. Yeni qərarda metronun, idman zallarının fəaliyyəti bərpa olundu.

Nəzərə alanda ki, yumşalma tədbirləri mərhələli şəkildə aparılır, növbəti mərhələdə toylarla bağlı qərar qəbul edilə bilər. Üç dalğa ərzində xeyli xəstələnənlər, peyvənd olunanlar oldu. Bu isə bütövlükdə xeyli insanda immunitetin formalaşması deməkdir. Hesab edirəm ki, payız mövsümünə qədər peyvənd olunanların sayı artacaq. Bu da bizi kollektiv immunitetə yaxınlaşdırır”.


Müəllif: Teleqraf.com