3 İyul 19:39
284

Naxçıvan Qarnizonu Qoşunlarında Vətən müharibəsinin iştirakçısı olmuş bir qrup hərbi qulluqçunun da cəlb edildiyi ehtiyat zabit hazırlığı kursunu başa vuran məzunlara ilkin zabit rütbələri təqdim edilib.

Teleqraf.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, kursları uğurla bitirənlərin xidmət yerlərinə yola salınmaları münasibətilə buraxılış mərasimi keçirilib.

Mərasimdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər məzunları təbrik edərək bildiriblər ki, məşğələlərdə kursantlar müxtəlif növ atıcı və iriçaplı silahlardan praktiki atışları, bütün növ zirehli tank texnikalarından sürücülük və atış çalışmalarını yerinə yetirib, Vətən müharibəsində qazanılan təcrübə uğurla mənimsənilib.

Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıran general-leytenant Fazil Ağalarov bildirib ki, bir neçə gün əvvəl Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə keçirilən birgə taktiki-xüsusi təlimində "BAYRAQDAR-TB2" silahlı pilotsuz uçuş aparatının uğurla tətbiq edilməsi, Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələri üçün yeni yaşayış və xidmət kompleksinin, yeni xidməti avtomobillərin istifadəyə verilməsi ordu quruculuğu istiqamətində görülən işlərin məntiqi davamıdır. Muxtar respublikamızda peşəkar hərbçi kadrların hazırlanması daim diqqət mərkəzində saxlanılır və bu məqsədlə müxtəlif hərbi ixtisaslar üzrə hazırlıq kursları təşkil olunur. Bundan əvvəl olduğu kimi bu dəfəki ehtiyat zabit hazırlığı kursunu bitirən məzunlardan bir qrupu ümumtəhsil məktəblərində “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edəcək.

Çıxışların ardından məzunlara rütbə, sertifikat və hədiyyələr təqdim edilib.

Kurs birincisi xatirə lövhəsinə buraxılış emblemini vurub və məzunların yeni vəzifələrə təyin olunmaları ilə bağlı əmrlər mərasim iştirakçılarına çatdırılıb. Əmrlər oxunduqdan sonra məzunların tribuna önündən təntənəli keçidi olub.

Sonda xatirə şəkili çəkdirilib.


Müəllif: Teleqraf.com