"Bu gün Azərbaycan səhiyyə sahəsində dövlət proqramlarının uğurla icrasına görə nümunəvi ölkələr sırasında göstərilir. Lakin bu proqramların icrasına nəzarətlə bağlı daha konkret mexanizmlərin tətbiqinə ehtiyac var”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı deputat Soltan Məmmədov deyib.
Deputat xatırladıb ki, Hesablama Palatasının 2021-ci ilə dair hesabatında bu barədə qeydlər var idi:
“İndiki halda Azərbaycanda icbari tibbi sığorta sisteminin uğurlu tətbiqi ayrı-ayrı xəstəliklərlə mübarizə sahəsində qəbul olunmuş dövlət proqramlarının icbari tibbi sığorta sisteminə inteqrasiyanın mümkün olduğunu deməyə əsas verir. Bu, belə proqramlardan faydalanmaq istəyən bütün vətəndaşlara bərabər imkanlar yaratmaq üçün vacibdir.
Uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması məqsədilə 5,2 milyon manat vəsait ayrılıb. Bunun cəmi 826 min manatı xərclənib, 331 kardiocərrahiyyə əməliyyatı keçirilib. Çox yaxşı olardı ki, ayrılan vəsait bu sahədə xidmətlərin təkmilləşdirilməsinə, peşəkar mütəxəssislərin yetişdirilməsinə sərf olunsun. Ölkədə yeni doğulan hər 1000 uşağın 7-8-i ürək qüsurlu olur. Yəni bu, çox ciddi bir problemdir və dövlətin ayırdığı resursları yönəltməklə bu problemin həllində daha yüksək nəticələr əldə etmək mümkündür”.
Deputat qeyd edib ki, Azərbaycanda icbari tibbi sığorta zərfinə daxil olan xidmətlərin sayı ildən-ilə artır: “Bu proses özəl tibb müəssislərinə göndərişlərin sayında da artımla müşayiət olunur. Hesabatdan da göründüyü kimi, özəl səhiyyə müəssisələrin göndərişlərin həcmində 5,7 dəfə artım qeydə alınıb. Bu baxımdan, həm dövlət, həm də özəl səhiyyə qurumlarında göstərilən tibbi xidmətlərin keyfiyyətinə nəzarətin gücləndirilməsi də diqqətdə olmalıdır. Diaqnostika, müayinə, profilaktika, müalicə protokollarına riayət edilməsi ilə bağlı məsələlərə məhz Səhiyyə Nazirliyi tərəfindən nəzarət tədbirləri ilə bağlı məlumatların da hesabatda əksini tapması ümumi mənzərə haqqında daha aydın təsəvvür yarada bilər”.