9 İyul 2014 12:37
2 876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə Bakı çimərliklərinin birində skuterlərin toqquşması nəticəsində iki nəfərin xəsarət alması barədə məlumat yayıldı. Bu, ilk belə hadisə deyil. Ötən yay mövsümlərində də skuter qəzaları və digər su nəqliyyatı vasitələri - hidrosikllərin (su motosikleti), motorlu qayıqların ucbatından çimərliklərdə yaranan xoşagəlməz hallar barədə xəbərlər eşidirdik.

Novxanıdakı özəl çimərliklərdən birində istirahət edən Nigar Həsənova 3 gün əvvəl üzləşdiyi hadisə barədə danışdı: “Həm təhlükəsizlik, həm də təmizlik baxımından keyfiyyətli olar deyə ödənişli çimərliyə getdik. Avtomobil dayanacağı üçün 5 manat, çətirə 5 manat, köşkdən ötrü 15 manat ödəyib istirahət etmək istəsək də, skuterlərin sahil boyu hərəkəti buna imkan vermədi. Skuteri götürən gənclərin, uşaqların yanında təlimatçı yox idi. Onlar skuteri istədikləri kimi idarə edir, istirahətə gələn insanların dincliyini pozur, ətrafa təhlükə yaradırdılar”.

Belə şikayətçilərin sayı kifayət qədərdir. Çimərliklərin həm də qayıq, skuter, hidrosiklləri idarə etmək üçün əlverişli yer olması səbəbindən dənizə bu məqsədlə üz tutanların sayı çoxalıb. Bu sahədə naşıların peşəkarlardan çox olması isə dənizə istirahətə gedənlərdə narazılıq doğurur.

Xüsusən, skuteri dənizin dayaz yerində idarə etmələri orada çimənləri təhlükə ilə üz-üzə qoyur. Yəni sürətlə idarə olunan hidrosiklin hər an suda çimən adamın üstündən keçməsi deməkdir. Belə olan halda çimərliklərdə təhlükəsizliyə cavabdehlik məsələsi gündəmə gəlir.

Baxmayaraq ki, Nazirlər Kabinetinin 1998-ci il 216 nömrəli qərarı ilə çimərlik ərazisinə texnikanın və qayıqların daxil olması qadağan olunub. Amma bu qərara heç kəs əhəmiyyət vermir. Skuterlə hoqqa çıxaran çimərlik sakinləri heç bir məhdudiyyət olmadan insanların sıx olduğu sulara şütüyür, təhlükəsizlik qaydalarını veclərinə almırlar. Ödənişli çimərliklərdə təşkil oluna skuter xidmətindən əldə olunan gəlir isə az deyil.

Bəzi çimərliklərdə skuterlə 10 dəqiqəlik gəzinti 20-30 manat, bəzilərində isə 40 manatdır.

Özəl obyektlər qanunvericiliyi pozurlar

Skuterlərin sahibləri müstəqil olduqlarını söyləsələr də, onların təhlükəsiz hərəkətinə nəzarəti Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi həyata keçirir. Müfəttişlik kiçik həcmli gəmilərin və onların dayanacağı üçün bazaların, qurğuların, yanalma körpülərin və keçidlərin təhlükəsiz istismarına texniki nəzarət edir.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin sektor müdiri Mənsur Piriyev deyir ki, ümumiyyətlə qayıq, skuter kimi su nəqliyyatı vasitələrinin insanların çimməsi üçün nəzərdə tutulmuş zolaqda idarə edilməsi qadağandır. Onun sözlərinə görə, Nazirlər Kabinetinin 1998-ci il 216 nömrəli qərarı ilə çimərlik ərazisinə texnikanın və qayıqların daxil olması yasaqlanıb. Amma hazırda bu tələblər kobud şəkildə pozulur: “Fövqəladə Hallar Nazirliyinin xilasetmə texnikaları, yəni skuterlər, qayıqlar, digər xilasetmə avadanlıqları çimərlikdə müəyyən işarələnmiş zolaq üzrə hərəkət edirlər.

İnsanların çimdiyi əraziyə həmin texnikaların girməsinə yol verilmir. Çünki həmin ərazilərdə texnikanın istifadə olunması insanların həyatı bahasına başa gələ bilər. Təəssüf ki, bir sıra istirahət mərkəzləri, istirahət zonaları, özəl obyektlər pul qazanmaqdan ötrü bu texnikadan istifadə edir və qanunvericiliyin tələblərini pozurlar.

Hətta Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları həmin insanları işarələnmiş ərazilərdən o biri tərəfdə sürməyi tələb etsələr də, çox vaxt bu tələblərə də məhəl qoymurlar. Bu halda biz Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarına müraciət edirik və həmin qayıqları, skuterləri müəyyən formada nəzarətə götürürlər".

Obyektlərin pul qazanmaq istəyi

Sektor müdirinin sözlərinə görə, qanunu pozanlar müvafiq qurumlar tərəfindən cərimələnirlər: “Yaxşı olar ki, vətəndaşlar bu kimi hallarla qarşılaşanda birbaşa FHN-nə zəng etsinlər və iradlarını bildirsinlər ki, nazirliyin də müvafiq qurumu bu cür faktları araşdırsın, həmin istirahət obyektləri və şəxslər barəsində tədbirlər görsün”.

Mənsur Piriyev deyir ki, skuterlərin xidmətə verilməsində də qanun pozuntusu var: “Skuterdən istifadə edənlərin sürücülük vəsiqəsinin olub-olmadığına baxmırlar. İstirahət mərkəzlərində bədbəxt hadisə baş verərkən məsuliyyəti həmin skuterin sahibi daşımalıdır”.

Təhlükəli əyləncəni sevənlər

Mövzu ilə bağlı bir neçə istirahət mərkəzləri ilə əlaqə saxladıq. “Amburan” istirahət mərkəzindən 5 ildən artıqdır skuter xidmətinin göstərildiyini dedilər. Mərkəzin meneceri Nahid Məmmədov bildirdi ki, təlimçisiz skuteri dənizə buraxmırıq: “Amma bəzən məcburiyyət qarşısında qalırıq. O da qarşı tərəfin idarəetmədən anlayışı olduğu təqdirdə baş verir. Adətən, cütlüklər skuterlə dəniz gəzintisini sevir və dənizə təlimçisiz baş vurmaq istəyirlər”.

“Sunny” istirahət və əyləncə mərkəzindən, “Relax” yay düşərgəsindən də oxşar cavablar aldıq. Yəni skuterlə xidmət göstərilir, amma təhlükəsizliklə bağlı məsələlər o qədər də önəm daşımır.

Maraq artdıqca, qeyri-ənənəvi nəqliyyat vasitələrinin satışında aktivlik hiss olunur. Paytaxtda müxtəlif cür ekzotik nəqliyyat vasitələrinin satıldığı mağazalar var ki, burada qiymətlər elə də ucuz deyil.

“Yamaha” mağazasında 2 və 4 təkərli motosikletlər, elektrokarlar, skuterlər və hidrosikllər satılır. Burada motorlu yaxta 165 000 manat, üçyerli hidrosikl 23 500 manat, ikiyerli hidrosikl 23 000, 4 təkərli motosikl 13 500, skuter 2200, dördyerli elektrokar 23 900 manata təklif olunur. Satıcıların dediyinə görə, hər il yay aylarında alıcıların sayı çoxalır. Keyfiyyətindən, funksionallığından, dizaynından asılı olaraq su nəqliyyatı vasitələrinin qiyməti müxtəlifdir.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər