24 Fevral 2017 17:34
428
12 Punto 14 Punto 16 Punto 18 Punto

23-24 fevral tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının və Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə 26 fevral - Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib.

Teleqraf.com xəbər verir ki, Respublika Olimpiya Mərkəzində təşkil edilən tədbirdə əvvəlcə çıxış edən FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Xocalı soyqırımı ilə bağlı həqiqətlərdən söhbət açıb, 25 il bundan əvvəl erməni vandallarının xalqımıza qarşı törətdikləri bu dəhşətli faciənin heç bir zaman yaddaşlardan silinməyəcəyini bildirib.

Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha sonra yarışlara start verilib.

Ümumilikdə çempionatda 19 komandadan 80-ə yaxın idmançı iştirak edib. Yüz və min metrə qaçış, hündürlüyə, uzununa tullanma və yadro itələmə növlərində yarışan idmançılar həm şəxsi, həm də komanda hesabında mübarizə aparıblar.

Tofiq Əliyevin baş hakim olduğu çempionatda komanda hesabında birinci yeri Dövlət Yanğından Mühafizə Xidməti, ikinci yeri Gəncə Regional Mərkəzi, üçüncü yeri isə Dövlət Sularda Xilasetmə Xidmətinin komandası tutub.

Şəxsi göstəricilərə görə Əhədov Elmir (Fövqəladə Hallar Nazirliyinin Akademiyası), Rəcəbli Ülvi (Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi) və Mehdiyev Səlahəddin (Mülki Müdafiə Qoşunları) müvafiq olaraq birinci, ikinci və üçüncü nəticəyə nail olublar.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev tədbirdə çıxış edərək bu yarışlarda ötən illərlə müqayisədə daha yüksək nəticələr əldə olunduğunu diqqətə çatdırıb. Füzuli Musayev və Mehman İsmayılov qalib gələn idmançılara uğurlar arzulayıb.

Sonda komanda və şəxsi hesaba görə qalib gələn idmançılar diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər