24 İyul 2017 21:22
3 344
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Lozanna müqaviləsinin bağlanmasının 94 ili tamam olur. Bu gün həm də Osmanlı Türkiyəsinin varisi olan Türkiyə Cümhuriyyətinin "doğum" günüdür.

Osmanlı İmperiyasının Sevr müqaviləsi ilə itirdiyi torpaqlarının bir hissəsini Türkiyə Lozanna müqaviləsi ilə geri qaytara bilib.

Türkiyənin Qurtuluş Savaşında qazandığı zəfərin davamı olaraq Lozanna müqaviləsi 1923-cü ilin 24 iyulunda İsveçrənin eyniadlı şəhərində bağlanıb.

Lozanna sülh müqaviləsinin tərəfləri Türkiyə hökuməti, Birləşmiş Krallıq, Fransa, İtaliya, Yaponiya, Yunanıstan, Ruminiya, Bolqarıstan, Portuqaliya, Belçika və keçmiş Yuqoslaviya olub.

Qeyd edək ki, Türkiyə Böyük Millətlər Məclisi (TBMM) hökumətinin Yunanıstan hərbi qüvvələrinə qarşı əldə etdiyi əhəmiyyətli qələbədən sonra Mudaniya sülh müqaviləsi imzalanmışdı. Bununla da Sevr müqaviləsinin tərəfi olan ittifaq dövlətləri 1922-ci ilin 28 oktyabrında Türkiyə hökumətini Lozannada toplaşacaq sülh konfransına dəvət etməli olub.

Konfransda türk hökumətini təmsil etmək hüququ Mustafa Kamal Atatürk tərəfindən İsmət Paşaya verilib. Mudaniya müqaviləsində iştirak edən İsmət Paşa hökumətin xarici işlər naziri olaraq Lozannaya gedib. Həmin ərəfədə Antanta dövlətləri Lozannada TBMM hökuməti üzərində təzyiqləri artırmaq məqsədilə İstanbula iddia ediblər, lakin türk hökuməti buna sərt reaksiya göstərərək elan edib ki, 1992-ci ilin noyabrın 1-də Osmanlı səltənəti aradan qaldırılıb, onun imzaladığı sənədlər əsas olaraq götürülə bilməz.

Türk parlamentinin hökuməti adından Lozannaya göndərilən nümayəndə heyətinin qarşısına konkret vəzifələr qoyulub.

İsmət Paşa qarşısında Mustafa Kamal Atatürkün qoyduğu məqsədlər bunlar idi – Türkiyə Cümhuriyyətinin qeyd-şərtsiz tanınması, Türkiyədə erməni dövlətinin qurulması təhlükəsinin aradan qaldırılması, kapitulyasiyaları rədd etmək, Türkiyə-Yunanlstan problemlərini (Qrəbi Trakiya, Egey adaları, yerdəyişmə, döyüş təzminatı) həll etmək. Xüsusilə, nümayəndə heyətinə öncədən təlimat verilmişdi ki, erməni yurdu və kapitulyasiyalarla bağlı edilən təyzyiqlərin qarşısında danışıqları dayandırmaq qərarı verilsin.

1922-ci il 20 noyabrda Lozannada başlanan danışıqlar zamanı Osmanlının borcları, Türkiyə-Yunanıstan sərhəddi, boğazlar məsələsi, Mosulun gələcək taleyi, azlıqlar və kapitulyasiyanın qaldırılması, İstanbulun boşaldılması məsələsində razılaşma əldə olunmadı.

Buna görə də 1923-cü ilin 4 fevralında danışıqlar tam olaraq kəsildi, ortaya yeni müharibə ehtimalı çıxdı.

Türkiyə Cümhuriyyətinin baş komandanı Mustafa Kamal Atatürk dərhal türk ordusuna döyüş hazırlıqlarının başlaması barədə direktiv imzaladı. Mustafa Kmal eyni zamanda elan etdi ki, əgər yeni döyüş başlayarsa, bu zaman Sovetlər Birliyi Türkiyənin müttəfiqi olaraq müharibəyə daxil olacaq.

Yeni müharibə ehtimalını gözə ala bilməyən müttəfiq ölkələr sülh danışıqlarına təkrar başlamaq məqsədilə Türkiyəni Lozannaya dəvət etdilər.

Lozannada yeni sülh danışıqları 1923-cü ilin aprelində başladı, 24 iyul 1923-cü ilə qədər davam etdi. 24 iyulda Lozanna Sülh Zasişi imzalandı.

Sülh Sazişində tələb olunurdu ki, müqavilə prosesdə iştirak edən ölkələrin parlamentində ratfikasiya edilərək beynəlxalq saziş statusunu alsın.

Beləcə Lozanna Sazişi Türkiyə, Yunanıstan, İtaliya, Yaponiya, İngiltərə, Fransa parlamentləri tərəfindən ratfikasiya edilərək 1924-cü ilin avqustunda qüvvəyə mindi.

Lozanna müqaviləsinin şərtləri nədən ibarət idi?

- Bu müqavilə ilə Fransa və Türkiyə arasında imzalanan Ankara anlaşması əsasının təşkil edən sərhədlər qəbul edilib.

- İraq sərhəddi - Mosulla bağlı anlaşma təmin olunmadığı üçün, bu mövzu Ankara və Londonun ixtiyarlarına buraxıldı .

- Türkiyə-Yunanıstan sərhəddi: Mudanya razılaşması birmənalı qəbul olundu. Habelə Meri çayının qərbindəki Karaağac stansiyası və Bosna kəndi Yunanıstanın Qərbi Anadoluya etdiyi təxribata cavab olaraq təzminat kimi Türkiyəyə verilir.

- Adalar: Gökçe adası ilə Bozca ada muxtar rəhbərliyə tabe olmaq şərtilə Türkiyədə, digəy Egey adaları İtaliyada qalır. İtaliyanın Türkiyə ilə sərhəddinə yaxın adaları silahsızlaşdırılır. Lozannadan əvvəlki Sevr anlaşmasına əsasən 12 ada İtaliyada, digər adalar isə Yunanıstanda qalmalı idi.

Lakin II Dünya Müharibəsi zamanı 12 ada və Rodos 1945-ci ildə müttəfiqlərin əlinə keçdi və 1947-ci ildə rəsmən Yunanıstana təslim edildi.

-Türkiyə-İran sərhəddi: Lozanna müqaviləsi əsasında bu sərhəddə heç br dəyişiklik olmadı. Əksinə, Osmanlı İmperiyası ilə Səfəvi dövləti arasında 1639-cu ilin 17 mayında imzalanan sazişə əsasən Türkiyə-İran sərhədləri dəyişməz qaldı.

Lozanna danışıqları ilə faktiki olaraq böyük dövlətlərin Türkiyə üzərində oynamaq istədiyi saxta erməni dövləti və kaputlyasiyalar rədd edildi.

Müasir Türkiyədə bir qism insanlar hesab edirlər ki, əslində Lozanna müqaviləsi ilə Osmanlının böyük ərazilərindən imtina edilib və bu Türkiyə üçün bir məğlubiyyət sazişidir.

Digər qism isə hesab edir ki, öz dövrünün ağır şərtləri altında Türkiyə mümkün olanları əldə edərək indiki sərhədləri daxilində bir dövlət qurmaq imkanı əldə edə bilib.

Lozannada faktiki olaraq türk millətinin taleyi İsmət İnönünün taleyinə buraxılmış, İnönü mümkün olanı həyata keçirməklə böyük diplomat olduğunu da isbatlaya bilib.

İsmət Paşa Lozannaya getməzdən öncə Qərb cəbhəsinin komandanı vəzifəsindən çıxarılaraq xarici işlər naziri təyin edilmişdi. İlk dəfə Lozannada sülh konfransının keçirildiyi iclasa daxil olan İsmət Paşa müttəfiq ölkələrin xarici işlər nazirlərinin xüsusi kreslolarda əyləşdiyini, özünə isə sadə stol ayrıldığını görüncə, yenisini tələb edib, əks halda sülh konfransı tərk edəcəyini bəyan edib. Qısa mübahisədən sonra İsmət Paşa üçün yeni kreslo gətirilib.


Müəllif: Nemət Orucov

Oxşar xəbərlər