Qonşu ölkələrdə yağışlı hava şəraiti müşahidə olunursa, bu, artıq xəbərdarlıqdır. Lakin həmin ölkələrdə, eləcə də Türkiyədəki kəskin hava şəraiti heç də həmişə Azərbaycana təsir eləmir. Yaxın 3 gün ərzində ölkə ərazisində, paytaxtda, eləcə də bölgələrimizin hava şəraitində mühüm dəyişiklik gözlənilmir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova Türkiyənin İstanbul şəhərində proqnozlaşdırılan sərt hava şəraitinin Azərbaycana mümkün təsirləri barədə danışarkən deyib.
Onun sözlərinə görə, avqustun 22-23-24-də paytaxtda və bölgələrdə zəif cənub-şərq küləyinin üstünlüyü müşahidə olunacaq, avqustun 25-də isə bu, qərb küləyi ilə əvəzlənəcək.
Gülşad Məmmədova qeyd edib ki, bu müddətdə yağmursuz hava şəraiti gözlənilir: “Havanın temperaturu bölgələrdə 35-39°, dağlıq rayonlarda 25-30°, Bakı və Abşeron yarımadasında 32-37° olacaq. Ümumilikdə yaxın 3 gündə ölkə ərazisində hava şəraitində ciddi dəyişiklik olmayacaq”.
Qeyd edək ki, hidremeteoroloqlar İstanbul əhalisinə ciddi xəbərdarlıq edərək bu gün güclü yağış, qəfil sel, daşqın, ildırımın olacağını proqnozlaşdırıblar.