20 Sentyabr 2017 09:14
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeniyetmə və gənclər arasında son zamanlar artan intiharların səbəblərinə valideynlərin öz gözləntilərini dəqiqəbaşı uşaqlarına deməsi, onları başqalarının uğurlu övladları ilə müqayisə etməsi və bunu tez-tez təkrarlaması, nəticədə isə uşağı psixoloji basqı altında qalması kimi amillər daxildir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında psixoloq Ramil Nəcəfov deyib.

Onun sözlərinə görə, bədbəxtlik ondadır ki, valideynlər ilboyu uşağın beynini hədə-qorxu ilə doldurur, “Dərslərinə fikir ver”, “İmtahanı yuxarı qiymət al”, “Universitetə qəbul olunmasan pis olacaq” kimi fikirlər səsləndirirlər: “Valideynlər öz övladlarını başqa qonşu uşaqları ilə müqayisə edirlər. Nəticədə imtahandan kəsilən uşaqların qorxudan özünə zərər verməsinə və hətta intihar etməsinə səbəb olurlar”.

Psixoloq valideynləri belə vəziyyətlərdə daha diqqətli olmağa çağırıb: “Həmin valideynlər öz aləmlərində düşünürlər ki, uşaqlarını çox istədikləri üçün belə edirlər. Guya onların gələcəyini düşünürlər. Elə bilirlər, belə lazımsız müqayisələrlə uşaqlarını həvəsləndirirlər. Xeyr, elə deyil.

Əksinə, uşağı stressə salır və həyəcan altında saxlayırlar. Uşağın imtahan vaxtı hər şeyi unutması və həyəcandan yanlış yazması valideynlərin üzündən baş verir. Valideynlər uşağa psixoloji təzyiq edirlər.

“İmtahandan kəsilsən, gözümə görünmə!”, “Kəsilsən, bütün əziyyətimizi zay edəcəksən!” tipli sözlərlə təzyiqlər edirlər. Bu sözləri işlətmək olmaz”.

Ramil Nəcəfov valideynlərə başqa taktika məsləhət görüb: “Əgər uşağınızın dərslərinə zəif hazırlaşdığını düşünürsünüzsə, onu qonşu və ya tanış uşaqlarla müqayisə etməyin. Başqalarının övladınızdan yaxşı oxuduğunu, daha ağıllı olduğunu deməyin.

Əvəzində övladınıza həmin yaxşılardan heç də geri qalmadığını anlatmağa çalışın. Bu zaman bu kimi ifadələr işlədə bilərsiniz: “Bax, o qonşunun oğlu Musa da səni kimi tarixdən zəif idi. Amma sonra öz üstündə işlədi. İndi tarix fənnini hamıdan yaxşı bilir. Sən də bir az çalışsan, ondan da yaxşı oxuya bilərsən”.

Yəni müqayisədə övladınızın şəxsiyyətinin alçaldılmasına yol verməyin. Əksinə, onun özünü başqalarından üstün hiss etməsinə imkan verin”.


Müəllif: Könül

Oxşar xəbərlər