17 Noyabr 2017 11:48
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 17-də bəzi kütləvi informasiya vasitələrində yol hərəkəti qaydalarını pozan, Yol Patrul Xidməti əməkdaşlarının saxla əmrinə tabe olmayan Adıgözəlov Elvin Nüsrət oğlu adlı şəxs barədə məlumat yayılıb və həmin məlumatda Elvin Adıgözəlovun Dövlət Gömrük Komitəsində yüksək vəzifə tutan Nüsrət Adıgözəlov adlı şəxsin oğlu olduğu iddia edilir.

Teleqraf.com-un məlumatına görə, bu barədə DGK-nin Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir ki, ümumiyyətlə, gömrük orqanlarında Nüsrət Adıgözəlov adlı əməkdaş xidmət etmir: "Bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil".

Qeyd edək ki Nərimanov rayonu ərazisində “10-LJ-600” dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü Heydər Əliyev prospektində yüksək sürətlə hərəkət edərək manevr qaydalarını pozduğuna görə ona Yol Patrul Xidmətinin (YPX) "99-YP-481" dövlət qeydiyyat nişanlı xidməti avtomobilində olan polis əməkdaşları tərəfindən "saxla!" əmri verilib.

Lakin sürücü əmrə tabe olmayıb. Polisin təqibindən sonra maşını saxlayaraq polis əməkdaşlarına müxtəlif bəhanələr gətirən sürücü onlara heç bir sənəd təqdim etməyib. Müfəttiş sürücüdən kəskin spirt qoxusu gəldiyinə görə, onu Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə dəvət edib.

Bu zaman sürücü heç bir söz demədən avtomobillə ərazidən uzaqlaşıb. Yenidən YPX əməkdaşları tərəfindən təqib olunan sürücü buna məhəl qoymayaraq avtomobili ilə Nizami rayonunun Çobanzadə küçəsində yerləşən restoranlardan birinin həyətinə daxil olub və maşını orada saxlayaraq restoranda gizlənib.

Sürücünün maşını evakuatorun götürə bilməməsi üçün divara və digər maşına mümkün qədər yaxın vəziyyətdə saxlamasına baxmayaraq, avtomobil çətinliklə də olsa ərazidən götürülərək cərimə meydançasına aparılıb.

YPX əməkdaşları tərəfindən aparılan ilkin araşdırmalar nəticəsində avtomobilin 1984-cü il təvəllüdlü Adıgözəlov Elvin Nüsrət oğluna məxsus olduğu müəyyən edilib. Sürücü haqqında araşdırmalara başlanılıb.

Elvin Adıgözəlovun Dövlət Gömrük Komitəsində vəzifə sahibi olan Nüsrət Adıgözəlovun oğlu olduğu bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər