1 Dekabr 2017 09:12
1 574
12 Punto 14 Punto 16 Punto 18 Punto

1990-cı ildə Sumqayıtda Sovet hökumətinin son ayları idi. Burdan Moskvaya dərman alışı üçün o vaxtın pulu ilə 1 milyon dollar pul keçirilmişdi.

Teleqraf.com xəbər verir ki, bu sözləri tanınmış psixiatr Mayıl Tağıyev Medicina.az-a müstəqilliyin ilk illərində özəl klinika açması ilə bağlı müsahibəsində deyib.

Maqnit müalicəsini kəşf edən alim baş vermiş ilginc hadisənin təfərrüatını danışıb:

“Sonra sovet dağıldı, aləm qarışdı və Moskva o dərmanı bizə vermədi. Burdan nazirlik səviyyəsində də adamlar getdi, o dərmanı gətirə bilmədilər. 1992-ci ildə, Sumqayıtın icra başçısı Yusif Sevdimalıyev məni çağırdı ki, sən bu dərmanı gətirə bilərsən? Mən də razılaşdım, özümlə bir miqdar pul da götürüb, getdim Moskvaya. O vaxt dövlətlərarası gömrük belə yox idi. Poçt qatarı ilə gətirə bilməzdik, çünki yolda çeçenlər qatara hücum edə bilər. 20 gün danışıqlardan sonra Moskvadan icazə ala bildik. Prezident Aparatına məlumat verildi, təyyarə göndərdilər. Domodedovodan təyyarəyə dərmanları yüklədik.

Gecə idi, şaxta, qar… Bir də gördük qara "Mercedes”lər gəldi, maşından qara maskalı adamlar düşdü, əllərində silahlar, ayağımızın altına da bir iki güllə atdılar ki, qorxaq. Mən, düzü, sakit qarşıladım, soruşdum hə, dərdiniz nədir? Dedilər, bu dərman burdan çıxmayacaq, aparmaq istəyirsənsə 70.000 dollar verməlisən. Mənim də o qədər pulum yoxdur, mal da dövlətin malıdır. Onda bir siyahı çıxardılar, bahalı dərmanlar idi, dedilər, pulunuz yoxdursa, bu dərmanları bizə verin, sonra koridor açılacaq. Heç soruşa da bilmədik ki, bunlar kimdir, nəçidir. Nəysə, dedim fikirləşim, vaxt aldım. Getdim səfirliyə, dedilər, bizlik deyil, nə bacarırsan elə. Gördüm yox, məsələ qəlizdir. Gəldim aeroportda ümumi dispetçerin yanına. Bir rus generalı idi. Özümlə apardığım 50.000 rublu qoydum qarşısına. Dedim, mənə koridor ver, çıxım gedim. General bir pula baxdı, bir mənə. Dedi, bu dərman dövlətindirsə, bəs sən niyə pul verirsən, marağın nədir? Bəlkə, satmağa aparırsan? Dedim, mən 15 ildir, baş həkim işləyirəm. Hələ o vaxt Semaşko deyib ki, yaxşı həkimi xalq yedizdirir. Məni də neçə ildir, xalq saxlayıb, evim, maşınım, bağım var. Bir dəfə də xalqın pulundan xalqa xərcləyəndə nolar? Kişi güldü, puldan 20.000 rublu qaytardı ki, qalanı bəsdir. Göstəriş verdi ki, koridor açın. O vaxt da azərbaycanlı tələbələr var idi. Elan verdim ki, kim Azərbaycana gedir gəlsin, bura. Onları da biletsiz həmin təyyarəyə mindirdik, gəldik Azərbaycana. Bakıya enəndə, Səhiyyə Şöbəsinin müdiri filan qarşıladı bizi. Təyyarədən düşüb, avtomat telefona yaxınlaşdım. O qara maskalı bandanın başçısı var idi, Sergey, mənə nömrəsini vermişdi. Zəng etdim buna ki, Sergey, mənəm, sən deyənə razıyam, siyahıdakı dərmanları verəcəyəm, tez aeroporta gəl. Bunu niyə etdim? O qarda, buzda əziyyət çəkib ora gəlsinlər, mənim çıxıb getdiyimi görsünlər. Bilsinlər ki, mən bunu bacardım. Dərmanları təhvil verdim, amma sonradan bu işə görə başım çox ağrıdı. Yaxşı ki, o vaxt təhvil-təslim qaiməsinin surətini özümdə saxlamışdım. 1993-cü ildə hakimiyyət dəyişikliyi olanda Səhiyyə şöbəsinin müdiri də dəyişdi, arada dərmanlardan xeylisi itdi. Məni də prokurorluğa çağırdılar ki, bəs sən gətirmisən, amma dərmanların çoxu indi yoxdur. Onda mən o sənədi təqdim etdim ki, mən hamısını təhvil vermişəm, bu da imzalı sənəd. Bu dərman məsələsinə görə o vaxt ölkə başçısı mənə mükafat verdi. Sonra Sumqayıtın icra başçısı məni çağırdı ki, bəs prezident tapşırıb, Mayılın nə arzusu var həyata keçirin. Mən də dedim ki, aptek idarəsi var, binanın altında, oranı özəl laboratoriya yaratmaq üçün mənə verin. Beləcə, ilk özəl tibbi klinikamın əsası qoyuldu. Hazırda yerləşdiyimiz yeri isə dəniz kənarında mənə ümumilli liderimiz Heydər Əliyev ayırdı, İlham Əliyev də bir neçə il əvvəl təmiri və inkişafı üçün dəstək verdi”.

Xatıladaq ki, Mayıl Tağıyev bu ilin oktyabrına kimi Sumqayıt Psixiatiriya Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər