22 Dekabr 2017 23:14
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pilot ərazilərdə - Mingəçevir şəhərində və Yevlax rayonunda 4-17 dekabr 2017-ci il tarixində siqaretlə mübarizəyə həsr olunmuş sağlamlıq həftələri təşkil edib.

Agentlikdən Teleqraf.com-a verilən məlumata görə, sağlamlıq həftələri ərzində müxtəlif yaş qruplarına aid 1149 nəfər tibbi müayinələrdən keçib və ailə həkimləri tərəfindən onlara müvafiq məsləhətlər verilib. 338 nəfər sağlamlıq vəziyyətinin təyini məqsədilə müxtəlif laborator və instrumental müayinələrdən keçib.

Müraciət edən vətəndaşların 36 nəfəri 0-15, 162 nəfəri 16-25 yaş, 250 nəfəri 26-35 yaş, 194 nəfəri 36-45 yaş, 227 nəfəri 46-55 yaş, 227 nəfəri 56-70 yaş arasında, 53 nəfəri isə 70 yaşdan yuxarı olublar.

Bu həftələrdə iştirak edənlərin tibbi müayinələrdən keçmə tezliyi də müxtəlifdir. 329 nəfər son 1 ay, 358 nəfər son 3 ay, 166 nəfər son 6 ay, 95 nəfər son 1 il, 59 nəfər isə son 3 il ərzində tibbi müayinədən keçmişdir. 3-5 il ərzində müayinələrdən keçənlərin sayı 27 nəfər təşkil edib. 115 nəfər isə sonuncu dəfə tibbi müayinədə 5 və daha çox il öncə olub. Ümumi müraciət etmiş 1149 nəfərdən 853 nəfəri son 6 ay ərzində müayinələrdən keçib.

Sağlamlıq həftələrində müayinələrdən keçənlərin 1006 nəfərinin tütün istifadəçisi olduğu müəyyən edilib. Tütün istifadəçilərində müayinələr zamanı bir sıra patologiyaların olduğu aşkar edilib.

Müayinədən keçənlərin 26 nəfərində kəskin bronxit, 95 nəfərində xroniki bronxit, 9 nəfərdə isə ağciyərlərin xroniki obstruktiv xəstəliyi müəyyən edilib.

Həmçinin, müayinə müddətində tütün çəkənlər arasında aludəçiliyin başlanma dövrünü müəyyən etmək məqsədi ilə sorğu keçirilib. Sorğuda 317 nəfər şəxs iştirak etməyə razılıq verib. Məlum olub ki, tütün çəkənlərin 24 nəfəri 10-14 yaş, 64 nəfəri 15-19 yaş, 123 nəfəri 20-29 yaş, 79 nəfəri 30-39 yaş, 20 nəfəri isə 40-49 yaş arası bu zərərli vərdişə başlayıblar.

Sorğu nəticəsində diqqəti cəlb edən maraqlı məqamlardan biri də bəzilərinin tütündən istifadəyə başladığı yaşdır.

İstifadəçilərdən 3 nəfəri bu zərərli vərdişə 50-59 yaşında, 4 nəfəri isə 60-79 yaş arasında başlayıb.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər