16:34
Azərbaycanla Ermənistan arasında sülh tərəfdarı olan və bunu dərs dediyi uşaqlar arasında təbliğ edərək iki ölkənin dost olmasını istəyən 220 saylı məktəbin ingilis dili müəllimi Rövşən Əzizov işdən azad edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Axar.az-a bir müddətdir Ermənistanla Azərbaycan arasında dostluq və sülh tərəfdarı kimi xüsusi videolar hazırlamaqla gündəmə gələn R.Əzizov özü deyib.
O bildirib ki, işdən çıxarılması ilə əlaqədar məktəbə pedoqoji şura çağırılmasını xahiş edib. Lakin onun xahişi nəzərə alınmayıb.
Qeyd edək ki, onun son addımı - azərbaycanlı şagirdə erməni milli paltarı geyindirərək, Bakıdakı erməni kilsəsinin önündən foto paylaşması sosial şəbəkədə ciddi etiraza səbəb olmuşdu.
***
Bəs, Rövşən Əzizovda erməni sevgisi necə yaranıb?
Teleqraf.com-a daxil olan məlumata görə, Rövşən Əzizovun Feysbuk sosial şəbəkəsində olan hesabı erməni sevgisi ilə dolub-daşır. Özünü “sülh” təbliğatçısı kimi aparan bu şəxs, hətta ermənicə, "Yes abrumem Adrbeicanum. Yes baderazm çem uzum. Yes xağağutyunem uzum. Menk bedke arun çitapvum” kimi sözləri yazaraq paylaşır.
“Adnan Oktar məktəbi hər kəsə bunu öyrədir” yazıb, özünü Adnan Oktar ”məktəbi”nin yetirməsi sayan bu şəxs onu qınayanlara “Ermənilərin içində yaxşıları da var, inan mənə, erməni kimi doğulmaq günah deyil, Allah belə yaradıbsa, hamımız Allahın quluyuq. O, bizi yaradıb”, - yazaraq cavab verir.
Rövşən Əzizov sosial şəbəkədə özü haqqında məlumat bölümündə Karate Federasiyasında çalışması haqda məlumat da yazıb.
Rövşən Əzizovun daha bir yazısını olduğu kimi təqdim edirik: “Üzümüzə gələn il Ermənistan və Azərbaycan arasında müharibənin 30 illiyi tamam olacaq, inşallah, həmin ildə barışın əsası qoyulacaq, erməni-azəri dostluğuna, qardaşlığına nail olana qədər mübarizəyə davam, məni anlaya bilməzsiniz, amma bunun mənim üçün məniəvi və izaholunmaz səbəbi var”.