Bakıətrafı kənd və qəsəbələr təbii qazla tam təmin olunub.
Bunu Teleqraf.com-a açıqlamasında Azəriqaz İstehsalat Birliyi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev deyib.
Onun sözlərinə görə, qəsəbələrdə yeni fərdi yaşayış evləri tikilir və əhalinin sayı artır:
“Belə olan halda mülk sahibləri, eləcə də lisenziyaya malik tikinti şirkətinin nümayəndələri ASAN-Kommunal vasitəsilə razılaşma protokolu ilə tanış olur, ərizə forması doldurulur və razılaşma həyata keçirilər.
Fərdi yaşayış evləri Azəriqaz İstehsalat Birliyi tərəfindən müvafiq sərfiyyata uyğun qaz sayğacı ilə pulsuz təmin olunurlar”.
İbrahim Kərbalayev qeyd edib ki, təbii qazın verilməsi üçün dövlət rüsumu ödənilməlidir:
“Texniki icra layihəsinə uyğun sənədlərin hazırlanması və qaz xətlərinin çəklişi üçün müvafiq rüsum ödənilir, əhali təbii qazla təmin edilir.
Rüsum çəkilən qaz xəttinin məsafəsindən asılıdır. Həmin ərazidə daşıyıcı qaz xəttinin olub-olmaması araşdırılır. Qazın hansı mənbədən götürülməsi, hansı məsafəyə qədər ötürülməsi ölçülür və rüsum hesablanır”.