30 Aprel 2018 22:27
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Komissiya yaradılıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, Fərmanın icrasının vaxtında, tam və yüksək səviyyədə təmin edilməsi məqsədilə yaradılan Komissiya ilk iclasını keçirib.

Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib: “ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimindən sonrakı ilk iki gündə məhz sosial müdafiə sahəsi ilə bağlı iki mühüm sənədi imzalaması əhalinin sosial müdafiəsinin gücləndirilməsinə göstərilən dövlət qayğısının növbəti təzahürüdür. Bunlardan biri “1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 20 aprel 2018-ci il tarixli Sərəncamdır. Həmin şəxslərə Sərəncamda nəzərdə tutulan məbləğlərdə birdəfəlik maddi yardımın çatdırılması işləri 9 May-Qələbə gününə qədər tam yekunlaşacaqdır. Prezidentin andiçmə mərasimindən sonra sosial müdafiə sahəsi ilə bağlı imzaladığı ilk sənəd isə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmandır. Həmin Fərmanın imzalanması şəhid ailələrinin rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirildiyini, eyni zamanda, sosial ədalət prinsipinin ölkəmizdə tam təmin olunduğunu bir daha özündə təcəssüm etdirir”.

Nazir qeyd edib ki, Fərman 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsini nəzərdə tutur: “Sosial müdafiə əhəmiyyətli bu mühüm Fərmanın yüksək səviyyədə icrası, xüsusilə də qeyd edilən birdəfəlik ödəmənin verilməsi prosesinin tam şəffaf, ümumən vətəndaş məmnunluğuna səbəb olacaq şəkildə həyata keçirilməsi bu gün qarşımızda duran əsas vəzifələrdəndir. Nazirliyin əmri ilə yaradılan Komissiya tərəfindən bu istiqamətdə tədbirlərin təşkili və həyata keçirilməsi təmin olunacaq. Komissiya birdəfəlik ödəmələrin şəffaf şəkildə verilməsinin təşkili mexanizmini bir ay müddətində müəyyən edəcək”.

Nazir bildirib ki, Fərmanda nəzərdə tutulan şəxslərin ümumi siyahısının hazırlanması üçün aidiyyəti qurumlara müraciətin göndərilməsi ilə bağlı Komissiya tərəfindən konkret müddətlər müəyyən edilib: “Eyni zamanda, birdəfəlik ödəmənin verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin “Sosial ödənişlər” alt-sistemində “Birdəfəlik ödəmələr” bölməsi və müraciətlərin vahid elektron reyestri yaradılacaq. Hərbi qulluqçunun ad və soyadını, atasının adını daxil etməklə müvafiq siyahıda olub-olmamasını müəyyən etməyə imkan verən internet informasiya resursunun fəaliyyəti də təmin ediləcək”.

Komissiyanın iclasında qeyd olunub ki, Fərmanda ödəniş edilməsi nəzərdə tutulan şəxslərin vərəsələrinin hər hansı süni maneələr və süründürməçilik olmadan şəffaf şəkildə həmin hüquqlarının tanınması təmin ediləcək, eyni zamanda ödəniş mexanizmi də aidiyyəti qurumlarla razılaşdırılaraq sadə, əlçatan və səmərəli şəkildə qurulacaqdır.

İclasda 19 aprel 2018-ci il tarixli Fərmanın icrasının nazirlik tərəfindən vaxtında və yüksək səviyyədə təmin edilməsi üçün Komissiyanın qarşısında duran vəzifələrin yerinə yetirilməsi ilə bağlı görəcəyi işlər ətraflı müzakirə olunub, nazir tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər