Bu günlərdə sosial şəbəkələrdə yayımlanan “Nizaminin Azərbaycana aidiyyatı yoxdur” kimi absurd düşüncələrə cavab olaraq bildirim ki, hələ 80 il bundan əvvəl sabiq SSRİ Elmlər Akademiyasında ciddi tədqiqatlar aparılıb.
Teleqraf.com xəbər verir ki, bunu AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli deyib.
Onun sözlərinə görə, planetar miqyaslı mütəfəkkir, şair Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyinin keçirilməsinə hazırlıq işləri ilə bağlı respublikamızın Tarix, Dil və Ədəbiyyat İnstitutunun rəhbərliyi 1938-ci ilin sentyabr ayında EA Azərbaycan Filialı Rəyasət Heyətinə, eləcə də SSRİ Elmlər Akademiyasına rəsmi müraciət edib:
“SSRİ EA akademik katibliyinin sorğusuna cavab olaraq, professor Yevgeni Eduardoviç Bertels Nizami Gəncəvinin kimliyi haqqında yığcam arayış hazırlamışdı. İlk dəfə yayımlanan və Rusiya EA Arxivindən əldə etdiyim həmin arayışı oxuculara təqdim edirəm:
“Nizami – Nizaməddin İlyas ibn-Yusif 1140/1141-ci illərdə Gəncədə (əvvəlki Yelizavetpol, indiki Kirovabadda) doğulmuş, bütün ömrünü orada yaşamış və 1202/1203-cü ildə (1209-cu il - A.R.) elə orada da dəfn edilib. Onun məzarı indi də məşhurdur, amma göründüyü kimi, tənəzzülə uğrayıb.
O vaxt Gəncə Şirvan xanlığının tərkibində idi və beləliklə, Nizami ərazi etibarilə İranla bağlı deyildi, halbuki fars ədəbiyyatına böyük təsir göstərib. O vaxt Şirvanın ədəbi dili – foedal-zadəgan dairələrinin ünsiyyət vasitəsi fars dili olub. Ona görə də Nizaminin əsərləri yuxarı dairələr üçün nəzərdə tutulduğuna görə fars dilində yazılıb. İstisna edilmir ki, Nizami fars dili ilə yanaşı müəyyən dərəcədə türk, ola bilər ki, gürcü dilini də bilirdi”.
Düşünürəm ki, bu gün də sosial şəbəkələrin imkanlarından yetərincə faydalanaraq cəmiyyətdə Nizami Gəncəvinin vətəni, kimliyi ilə bağlı şübhə toxumu səpənlər üçün professor Bertelsin mötəbər fikirləri ən tutarlı arqumentdir”.
Qeyd edək ki, şair Güntay Gəncalp Nizami Gəncəvinin Azərbaycan ədəbiyyatına aidiyyətini şübhə altına alan fikirlər bildirib.