Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası”nın 30 iyun 2015-ci il tarixli, 1 nömrəli protokol Qərarında nəzərdə tutulmuş qadağa saatlarında Bakı şəhərində yük avtomobillərinin sürücüləri yük daşımaları ilə bağlı növbəti tədbirlər həyata keçirilməkdədir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, əvvəlki dövrdə yük maşınlarının müəyyən edilmiş saatlarda şəhərə girişinə nəzarətdə müəyyən problemlər mövcud olub, qadağa saatlarında onların şəhərin küçələrində hərəkəti müşahidə edilib: “Artıq Daxili İşlər Nazirliyi şəhərin giriş və çıxışında xüsusi kameralar quraşdıraraq qadağa saatlarında yük avtomobillərin şəhərə daxil olmasına nəzarəti gücləndirir.
Mövcud qaydaları pozan avtomobillər dərhal kameralar tərəfindən qeydiyyata götürüləcək və müvafiq olaraq cərimə olunacaq. Bu da öz növbəsində yük maşınlarının qadağa saatlarında şəhərə daxil olması və yollarda problem yaratmasının qarşısını alacaq”.
Vaqif Əsədov deyib ki, noyabrın 15-dən başlayaraq yük maşınlarının Bakı şəhərinə girməsi üçün marşrutlar da müəyyən edilib: ” Bu marşrutlar belədir:
Lökbatan dairəsi – Xocahəsən yolu-Sulutəpə qəsəbəsi – Binəqədi yolu (Baş Dövlət Yol Polisi İdarəsinin qarşısı) – Mehdiabad yolu - Balaxanı yolu – Zabrat - Maştağa yolu - Albalılıq yolu – Mərdəkan yolu – Şüvəlan yolu-Qala yolu-Türkan yolu - Pirallahı yolu - Hövsan yolu-Suraxanı - Yeni günəşli - Gen. Mehmandarov küçəsi - Neapol dairəsi (Ukrayna dairəsi - Gəncə prospekti - Zığ yolu - Beton yol - Hövsan;
Sumqayıt yolu – Biləcəri yolu (Daş bazarı) - Binəqədi şosesi-sola Baksol yolu – Biləcəri qəsəbəsinin içi (yük boşaltma məntəqəsi) avtovağzal istiqamətində və əksinə, Baksol yolu – Taxta bazarı və əksinə;
Ə. Rəcəblidə geriyədönmə yeri, “Şır-şır” restoranının yanı, “Taxta” bazarı;
“Çermet” körpüsünün altı, Z. Bünyadov prospekti, Koroğlu metrostansiyası istiqamətində tunelin üstü, Ziya Bünyadov prospektindən – Ələsgər Qayıbov və Xalqlar Dostluğu küçələrinə (Heydər Əliyev prospektinə çıxmamaq şərti ilə) “Lukoil” YDnin yanında geriyədönmə yeri “Baku Steel Kompani” istiqamətində;
Qaradağ rayonu ümumilikdə, Pirallahı rayonu, Mehdiabad qəsəbəsi, Albalılıq qəsəbəsi, Nardaran qəsəbəsi, Bilgəh qəsəbəsi, Mərdəkan qəsəbəsi, Şüvəlan qəsəbəsi, Qala qəsəbəsi, Türkan qəsəbəsi, Biləcəri qəsəbəsi, Binəqədi kəndə, Sulutəpə qəsəbəsi, Xocahəsən qəsəbəsi, Yeni Günəşli, Hövsan qəsəbəsi, Suraxanı qəsəbəsi”.
Vaqif Əsədovun sözlərinə görə, hazırda vacib olan odur ki, sürücülər yayılan informasiyaları oxusunlar, əzbərləsinlər və maşrutlar üzrə hərəkət etsinlər: “Sonra deməsinlər ki, bilmirdik, xəbərsizdik”.
Şöbə rəisi əlavə edib ki, inkişaf etmiş ölkələrdə, o cümlədən Avropada, Rusiyada, Çində, iri meqapolis şəhərlərdə yük maşınları ilə bağlı həm məhdudiyyətlər qoyulub, həm də onların şəhərə giriş zamanı var: “Biz də bu təcrübədən yararlanmışıq. Misal üçün, Almaniyada şənbə-bazar Frankfurta ümumiyyətlə maşın girə bilməz. Düşünürük ki, dünya təcrübəsindən yararlanaraq bizdə paytaxtda nizam yaradaq”.