Müvafiq komissiya 6 rayon üzrə 159 arıçıya 45 min 320 manat subsidiya ödənilməsi barədə qərar qəbul edib.
Kənd Təsəsrrüfatı Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, bu gün Kənd Təsərrüfatı Nazirliyində Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın ödənilməsinin təmin edilməsi üzrə növbəti iclas keçirilib.
Subsidiyanın verilməsi prosesində ictimai nəzarəti və şəffaflığı təmin etmək məqsədilə Respublika Komissiyasının iclasında Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak ediblər.
İclasda rayon (şəhər) komissiyalarından daxil olan sənədlərə baxılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələrindən ibarət işçi qrupu yaradılıb.
Respublika Komissiyasının iclasında arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına 10 manat subsidiyanın verilməsi ilə bağlı 6 rayon komissiyasından daxil olmuş sənədlərə baxılıb, 159 arıçıya saxladıqları 4532 arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə (pətəyə) 10 manat hesabı ilə cəmi 45 min 320 manat məbləğində subsidiyanın verilməsi barədə qərar qəbul edilib.
Hazırda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanı almaq üçün rayon (şəhər) komissiyalarına müraciətlər daxil olmaqdadar.
Rayon (şəhər) komissiyalarından zəruri sənədlər daxil olduqca, Respublika Komissiyasının iclasında subsidiyanın verilməsi ilə bağlı həmin sənədlərə baxılacaq.