14 Yanvar 2019 23:28
10 958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün mühacir şair Almas İldırımın vəfatının ildönümüdür. A.İldırım 1952-ci il yanvarın 14-də Malatyanın Qala qəsəbəsində dünyasını dəyişib. Malatyanın Sancaktar məzarlığında dəfn edilsə də, məzar yeri hazırda bilinmir.

Almas İldırımın son günləri haqqında şairin müəllim yoldaşı Ramiz Ardanın maraqlı xatirələri var.
Xatirələrdən həmin qismi təqdim edirik:

“… Almanların Rusiyaya hücum edib bir sel kimi irəlilədikləri zaman bir gün mənə dedi: “Rusiya parçalanır. Almaniyada, İstanbulda, İranda olan Azərbaycan türkləri hərəkətə keçdilər, hamımız birlikdə Rusiyaya sızaraq yurdumuza gedəcəyik. Almanların hərəkətlərini təqib edəcək və daxildən çalışaraq müstəqil Türk yurdları qurularkən işin başında olacağıq. Mən bu gün-sabah İstanbuldakı təşkilatımızdan bir məktub gözləyirəm”.
Bunları mənə gizlicə danışmışdı. Sonra əsas nöqtəyə gəldi: “Uşaqları indi yanımda götürə bilmərəm. Mənim işimi çətinə salarlar. Əgər razı olsan, iki uşağımı və xanımımı sənə əmanət edib gedəcəyəm”.

Razı oldum, təklifini qəbul etdim. O, Azərbaycana keçəcək, ora istiqlalına qovuşunca həm uşaqlarını, həm də məni oraya çağıracaqdı. “Kommunizmin ələ keçirdiyi mallarının hamısı deyil, beşdə biri əlimizə keçərsə, bu, yalnız ikimizi deyil, bizim kimi yüzlərlə insanı bəsləməyə kafidir” dedi.

Və təminat verdi: “And olsun ki, əlimə keçən mallarımın, mülklərimin yarısını sənin adına keçirəcəyəm”.
Almas İldırım böyük məmuriyyətlər də vəd etmişdi. Bu vədlər boşuna deyildi. Çünki istiqlalına qovuşacaq bir Azərbaycanda sözü keçəcəkdi. Bir səbəb də Rusiyada ikən yapdığı mücadilə və hər şeydən öncə Müstəqil Azərbaycan Qurtuluş Hərəkatının öncüsü və keçmiş Azərbaycan Məclisi başqanı Məhəmməd Əmin Rəsulzadənin nüfuzuna güvənirdi.

Ayrıca yenə bu qurtuluş hərəkatının öncüllərindən Mirzə Balaya güvənirdi. Çünki Mirzə Bala Almas İldırımın ögey qardaşı idi .

Böyük lider Məhəmmədəmin Rəsulzadənin bir müddət öncə öldüyünü eşitdim. Mirzəbala isə İslam Ensiklopediyasının hazırlayanlar arasında idi. İndi sağ olub-olmadığını bilmirəm.

Almanlar rus torpaqlarında hər gün zəfərdən-zəfərə doğru gedərkən verilən qərar bu idi. Amma tale elə yazmamış, kim nə deyə bilər ki?

Almanlar Stalinqradda ilişdilər. Başlarındakı onbaşının kiçik beyni böyük alman ordularının idarə edilməsinə kafi gəlmədi. Beləcə, azərbaycanlı Almas İldırım və daha neçə müstəqil yaşamaq diləyində olan türklərin xəyalları puç oldu.

Almanlar geri çəkildikcə Almas İldırımın ağzını bıçaq açmaz olmuşdu. Özünü içki ilə ovutmağa çalışdı. Hər gün biraz daha əriyir, çökürdü. Nəhayət, o kiçicik cüssə bu qədər böyük xəyal qırıqlığına dayana bilmədi, düşdüyü yataqdan qalxmadan Tanrısına qovuşdu.

Mən Konyaya gəlincə, məktublaşmalarımız davam etdi. Amma artıq o atəşli şair qalmamışdı. Pessimist bir insan olmuşdu, qanadları qırıq, uçmaqdan aciz bir quş kimi pərişan idi. Məktubunda belə yazırdı: “Bilirsən, ən ümidli zamanlarda belə, içimdə yenə bir şübhə vardı. Yurdumu görə, müstəqil Azərbaycana qovuşa bilməyəcəyimə dair bir şübhə. Nə yazıq ki, o zalım şübhə həqiqət oldu. Beş oğlum oldu: Azər, Aras, Odkan... Fəqət İranda əkiz uşağımız da olmuşdu. Birinin adı Eldəgəz, digərininki Yurdavardı. Onlar öldüyü gündən bəri içimə bu şübhə düşmüşdü. Nə edək, tale belədir! Amma bu acı qədər məni aparacaq”.
Necə ki, acı qədər onu apardı...”

***

Bu yaxınlarda Türkiyədə 1960-cı illərdə çap olunan dərgilərin birindən Almas İldırımın “Qalx sevgilim” şeirinə rast gəldim. Bakıda çap olunan kitablarla müqayisə edəndə gördüm ki, şeir xeyli təhrif edilib, Atatürkün adı keçən hissə isə çıxarılıb.

Həmin şeiri orijinalı əsasında təhrifsiz təqdim edirik:

Qalx sevgilim
Qalx, sevgilim, qalx da məni yola sal,
Gec qalınsa yurd başıma çökəcək…
Mən artıq gözləməm gün doğsun deyə,
Kim bu bitməz intizarı çəkəcək?...
Qalx ki, yollar uzun, əməl uzaqda,
Bu uğurda ölüm də var, tuzaq da.
Qalx sevgilim, qalx da atımı gəmlə
Sıcaq bir öpüşlə alnımı nəmlə,
Yetər, gün keçirdim mən bu özləmlə,
Sən aldırma, dağlar keçid verməzsə,
Fırtınalar qopub yolumu kəssə...
Qalx sevgilim, qalx da, quşlar ötüyor,
Gözümdə bir savaş eşqi tutuyor,
Qalx ki, zaman keçdi, günüm bitiyor…
Mən artıq qalamam qəhrin içində
Belə fürsət gündən, dəhrin içində...
Divarda qılıncım asılı duruyor,
Qınında oynamaz, paslı duruyor,
Uzaqda öz yurdum yaslı duruyor
El nə deyər, bax bu miskin duruşa,
Qollarında güc yoxmu bir vuruşa?
Qalx sevgilim, ver oxumu, yayımı,
Çək altıma o küheylan tayımı,
Kim o mənim inkar edən soyumu?..
Kim der ölmüş, hələ mənim canım var,
Damarımda qatqısız bir qanım var...
Kim demiş ki yatağında yata Türk,
İllər boyu qəflətlərə bata Türk
Ya deyilmi mənim atam Atatürk?
Hansı qüvvət bükən mənim qolumu,
Mən gedərsəm, kim kəsəcək yolumu?...
Qalx gözəlim, qalx da məni yola sal,
Düşünmə ki, qəlbimdə çox acı var,
Çökməm dizə, vurulmazsam arxadan
Hələ məndə Bozqurdumun gücü var...
Xəbər göndər dostlara, uzağa, yaxına
Türk yenə çıxacaq min bir axına.


Müəllif: Dilqəm Əhməd