Teleqraf.com-un “Brifinq” layihəsinin budəfəki qonağı AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyevadır.
Qurban Yaquboğlu: Səadət xanım, tədqiqat sahəniz İmadəddin Nəsimi ilə bağlıdır. Öncə fəaliyyətiniz barədə qısa məlumat verməyinizi rica edirik.
- Araşdırmalarım əsasən Nəsimişünaslıq və hürufilik sahəsinə aiddir. Tədqiqat əsərlərimin ümumi sayı 200-dən yuxarıdır, 6-7 dildə müxtəlif ölkələrdə çap olunub. Yazılarımın bir qismi monoqrafik tədqiqat həcmindədir. Nəsiminin həyatı, dövrü, yaradıcılığının əks olunduğu monoqrafiyam inşallah, bu yaxınlarda işıq üzü görəcək.
Nərgiz Ehlamqızı: Bəs tədqiqat sahəsini necə seçdiniz? Kimsə yönləndirdi, yoxsa...
- Yox, öz seçimim oldu. Araşdırmalarımı da müstəqil şəkildə apardım. Hətta namizədlik işində belə sərbəst işləmişəm.
Nərgiz Ehlamqızı: Elmi rəhbəriniz kim idi?
- Rəhmətlik Qafar Kəndli. O, Xəqani Şirvani yaradıcılığı üzrə tanınmış mütəxəssisdir. Nəsimişünaslıq üzrə tədqiqatçı deyil, bu səbəbdən mənə tam sərbəstlik verdi.
Nərgiz Ehlamqızı: Bakı Dövlət Universitetini bitirəndən sonra elmi fəaliyyətinizi harada davam etdirdiniz?
- Bakı Dövlət Universitetini bitirəndən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda elmi fəaliyyətə başladım. Orada uzun illər çalışdım, 2001-ci ildən artıq Şərqşünaslıq İnstitutundayam.
Qurban Yaquboğlu: Səadət xanım, bu il “Nəsimi ili” elan olunub. İndiyə qədər diqqətdən kənarda qalan, gündəmə gətirilməsi vacib olan hansı məqamları əhəmiyyətli hesab edirsiniz?
- Əslində ölkə başçısının verdiyi sərəncam Nəsimi şəxsiyyətinə diqqəti cəlb etmək baxımından çox önəmlidir. Düzdür, Nəsimi hər zaman sevilib və diqqət mərkəzində olub, amma ciddi araşdırmaların obyekti olaraq çox zaman kənarda qalıb. Yəni bu, bir tərəfdən Nəsimi ilə bağlı ciddi tədqiqatların yaranmasına şərait yaradır, digər tərəfdən Nəsimişünaslıqda bəzi boşluqlar vardı ki, sərəncamla əlaqədar müəyyənləşib üzə çıxarıldı.
Nəinki geniş oxucu dairəsi, hətta elmi ictimaiyyət belə Nəsimi yaradıcılığının bəzi tərəflərindən xəbərsizdir. Bunlardan biri onun nəsr yaradıcılığıdır.
Bu, fəlsəfi traktatdır və nəsrlə yazılıb. O əsər barədə çox az məlumat vardı, xüsusilə Azərbaycanda elmi ictimaiyyət bu məsələdən xəbərsiz idi. Qəribədir ki, Nəsiminin “Müqəddimətül-həqayiq” əsəri Almaniyada nəşr olunub.
Qurban Yaquboğlu: Əsər hansı dildə yazılıb?
- Ana dilində – türk dilində qələmə alınıb. Əsər həm əslinə uyğun, həm də sadələşdirilmiş şəkildə nəşr edilib. Kitabı Azərbaycanda kifayət qədər tanınan alman türkoloq Mixail Hers hazırlayıb. Həm əlyazmanın surətini verib, həm də əsəri latın qrafikası ilə transfonoliterasiya edib. Azərbaycan dilinin özəllikləri qorunmaqla latın qrafikasına uyğunlaşdırılmış variantını verib. Yəni bu baxımdan çox dəyərli işdir.
Hürufilik üzrə tanınmış mütəxəssislərdən olan Fatih Usluer bir neçə il öncə Nəsiminin “Müqəddimətül-həqayiq” əsərinin orijinala uyğun şəklini, bu yaxınlarda həm orijinalını, həm də sadələşdirilmiş şəkildə təqdim etdi. Biz ölkə başçısının sərəncamına əsaslanaraq Şərqşünaslıq İnstitutunda Azərbaycan oxucusuna az məlum olan bu əsərin çapını öhdəmizə götürdük. Hazırda həmin əsər üzərində işləyirəm.
Mətnə müdaxilə etməyəcəyik, sadələşdirilməsi gələcəyin işidir, hazırda əsər Nəsiminin öz dilinə uyğun transfonoliterasiya olunaraq çapa hazırlanır.
Bundan başqa, Nəsiminin farsca divanı var, türkcə divanı qədər həcmli, şairin həyatına aid məlumatları ehtiva etmək baxımından önəmli əsərdir. Farsca divan oxucularımıza seçmə mənzum parçalar şəklində tanışdır. İnstitutumuzda yaradılan Nəsimi qrupu olaraq həmin əsəri nəşrə hazırlayırıq. Bu sahədə də boşluq vardı.
Bəlkə geniş dairələrdə heç Nəsiminin farsca divanının olması barədə təsəvvür yox idi. Eləcə də Nəsiminin əlimiz yetməyən, amma varlığı haqqında məlumatımız olan daha iki əsəri var, bunlardan biri “İnsan risaləsi”, digəri "Mənzumə fi məsləki hürufiyyə", yəni "Hürufilik məsləki haqqında mənzumə" adlı əsərlərdir. Biz bu əsərlərin axtarışındayıq, ümid edirik ki, Nəsimi ilində bizə yardım edərlər. O əsərlər üzə çıxarılsa, onun çapını da öz öhdəmizə götürərik.
Həmçinin Nəsiminin ədəbi mirasından daha bir əsər haqda məlumat almışam. Əsəri çapa hazırlayan Məhəmməd Rza Kərimidir, İranda nəşr olunacaq. “Təriqətnamə” adlı əsər nəzmlə nəsrin növbələşməsi ilə yazılıb. Bu üslub da bizim üçün maraqlıdır.
Mən hələ az qismini sadaladım. Bu sərəncamın verilməsi həm Nəsimişünaslıqdakı boşluqları müəyyənləşdirib üzə çıxarmağa, həm də o boşluqları aradan götürməyə bizə şərait yaradır.
Qurban Yaquboğlu: “Həqiqətlərin müqəddiməsi” anlamında olan “Müqəddimətül-həqayiq” əsəri haradan tapılıb?
- Əsər Türkiyədə üzə çıxarıldı. Düzdü, müxtəlif kitabxanalarda əlyazma halında var idi. Qəribədir, o əsəri əlinə alanda adamın birinci təsəvvürü belə olur ki, bu, Nəsiminin deyil. Eyni təəssüratı mən də yaşadım, başqa tədqiqatçılar da belə deyir. Çünki onun dili Nəsiminin həm türkcə, həm də farsa divanında gördüyümüz dildən fərqlidir. Yəni çox təmtəraqlı, obrazlı, məcazlarla dolu dil deyil.
Digər tərəfdən, əsərin geniş dairələrdə hürufiliyi təbliğ etmək, kütlə arasında yaymaq məqsədilə yazıldığını nəzərə alanda məsələ aydın olur. Əsərin dili sadə olmaqla yanaşı o dövrün ədəbi dili haqda bizə material verir, eyni zamanda Nəsiminin tərcüməçi kimi dilə nə dərəcədə diqqət göstərdiyi də müəyyən dərəcədə təsdiqini tapır. Həmin əsərdə Qurandan ayələr, hədislər ana dilimizə rəvan şəkildə tərcümə olunaraq bütöv şəkildə çatdırılır.
Mənsur Rəğbətoğlu: Səadət xanım, hürufilik haqda bir fikrə münasibət bildirməyinizi istərdik. O, islama qarşı etiraz hərəkatı idimi?
- XIV əsrdə meydana gəlmiş hürufilik islama zidd hərəkət deyildi. Əvvəla ona görə ki, hürufilərin əsaslandığı ideoloji baza elə Quranın özü, onun təfsirləridir. Təriqətin banisi Fəzlullah Nəimi “Cavidannamə”ni Quran ayələrinin şərhi şəklində yazıb. Özü də onu Quranın təvili kimi qəbul edirdi.
Fəzlullaha “sahibi-təvili Quran”, yəni Quranın bəyanının sahibi deyirdilər.
Bu baxımdan Fəzlullahın məqsədi islama alternativ cərəyan yaratmaq deyildi. Məqsəd Quranda söylənmiş bəzi gizli mətləbləri açıqlamaq və o sirrin üzərindən pərdəni qaldırmaq idi. Ona görə də nə hürufiliyi islama zidd bir hərəkət saya, nə də Fəzlullahın “Cavidannamə”sini Quran əleyhinə yazılmış əsər kimi dəyərləndirə bilərik.
Fəzlullahın özü çox ciddi mədrəsə təhsili görmüşdü, baş qazinin oğlu idi, çox fərqli bir mühitdə yetişmişdi, olduqca mütaliəli şəxs idi. O, həm Quranın özünə və təfsirlərinə, həm də dövrünün fəlsəfi düşüncəsinə bələd idi. Bu baxımdan onun təvillərində bəzən ilk baxışda Qurana zidd məqamları görmək olur, amma son nəticədə məqsəd təbii ki, islama qarşı çıxmaq deyildi.
Sadəcə həmin təfsir və şərhlərdə islami təfsirlərlə bəzən səsləşməyən məqamlar var. Fəzlullah Nəimi bəzən İncilə, Tövrata müraciət edirdi, Tövratda, İncildə, Quranda kəsişən məqamlara diqqət yönəldirdi, sanki dinlər arasında barışdırıcı, yaxud birləşdirici mövqedə dayanırdı. Ümumi mənzərə belədir – Fəzlullah Nəimi “Cavidannamə”ni Quranın şərhi olaraq yazıb.
Qurban Yaquboğlu: “Cavidannamə” ilə “Həqiqətlərin müqəddiməsi”ndə iki dünyagörüş bir-biri ilə nədə fərqlənir, yaxud harda kəsişir?..
- Fəzlullah Nəimi ilə İmadəddin Nəsiminin təkcə “Cavidannamə” ilə “Müqəddimətül-həqayiq” əsərində deyil, ümumiyyətlə şairin divanında da kəsişən və kəsişməyən məqamları var. Nəsiminin nəzərində Fəzlullah ideal şəxs idi. Nəsimi ustadı Fəzlullahı status baxımından Həzrəti Adəmə, İsaya bərabər tutur, onu çox idealizə edir. Bununla belə, bir sıra məsələlərin şərhində onların görüşləri ayrılır. “Cavidannamə” ilə “Müqəddimətül-həqayiq”i heç bir halda müqayisə etmək mümkün deyil. “Cavidannamə”nin üslubu olduqca ağırdır, bəzən bir cümləsini saatlarla düşünmək lazım gəlir.
“Müqəddimətül-həqayiq” tam əksinə, rəvan, anlaşıqlı yazılıb, cümlələr bir-birini tamamlamaqla məntiqi ardıcıllıqla düzülüb. Nəsimi orada hürufiliyi təbliğ etmək üçün həqiqətən çox əlverişli zəmin hazırlayıb.
Fəzlullahın “Cavidannamə”sini isə ancaq intellektuallar anlaya bilər.
Nəsimi ilə Fəzlullah arasında ziddiyyətli məqama daha bir nümunə göstərim. Məsələn, Fəzlullahda heç bir yerdə ağacdan, yaxud başqa əşyadan “ənəl-həqq” səsinin eşidilməsinə rast gəlinmir. O, insanın ilahi məqama yüksəlməsinə diqqət yetirsə də, Quranda, Tövratda da qeyd edildiyi kimi, Allahın səsinin ağacdan və ya koldan gəldiyini əsərində hər hansı şəkildə təsbit eləmir. Nəsimidə isə bunun əksini görürük, onun əsərlərində Yaradanın səsi bütün kainatdan eşidilə bilər.
Qurban Yaquboğlu: Belə çıxır Nəsimidə panteizm elementləri daha çoxdur?
- Bu, panteizm deyil, vəhdəti-vücuddur.
Qurban Yaquboğlu: Bəzən onları eyniləşdirirlər...
- Bəli, çox zaman panteizmlə vəhdəti-vücudu eyni götürürlər. Amma vəhdəti-vücud fərqlidir, bu təlimə görə, Yaradan yaradılmışlarda zərrə şəklində mövcuddur. O zərrə inkişaf yolu keçərək mükəmməlləşib əslinə qovuşa da bilər, yaxud öz halında da qalar.. Panteizmdə isə hər şeydə Allahı görmək mümkündür.
Nəsimi ilə Nəimi xarakter baxımından da fərqlidirlər. Nəsimi nə qədər səbirsiz, hövsələsizdirsə, Fəzlullah bir o qədər təmkinlidir. Nəsiminin məşhur beyti var:
Dilbər aydır, ey Nəsimi, səbr qıl, etmə fəğan,
Mən bu gün səbr eyləsəm, danla fəğanı neylərəm?
Yəni Fəzlullah həmişə Nəsimini səbrli olmağa çağırır.
Mənsur Rəğbətoğlu: Nəsiminin yaradıcılığında pessimizm nədən qaynaqlanır? Məsələn, Füzulidə müsbət aura olduğu halda Nəsiminin eşqində bədbinlik var.
- Mən Nəsimidə tam əksini görürəm. Son məqsədi aydın olan, özündə ali varlıqla təmas hiss edən insan necə bədbin ola bilər? Təbii, Nəsimi də insandır, ömür yolunda müxtəlif hadisələrlə rastlaşır, yeri gələndə kədərli, yeri gələndə sevinclidir, yaxud öz faciəsinə belə yuxarıdan aşağı baxmağı bacaran şəxsdir. Hansısa beyti götürüb Nəsimini dəyərləndirmək mümkün deyil.
Nəsimi öz ruhi yaşantılarını gözəl ifadə etməyi bacarır. Kədərlidirsə, onu çox kəskin ifadə edir, sevinclidirsə, onu da çox qabarıq çatdırır.
Füzuli ilə Nəsimini dönə-dönə müqayisə eləmişəm. Füzuli nə qədər qapalı təbiətli, bədbindirsə, Nəsimi tam tərsidir, hər bir şeydə sevinc görə bilir. Onların hər bir varlığa münasibətini izləmişəm, hətta sürahidən şərabın süzülməsi, çiçəyin açılması və müxtəlif elementlərdə Nəsimi ariflərin dili ilə desək, ilahi vüsal halındadır.
Füzuliyə açılmamış qönçənin halı, Nəsimiyə isə qönçədən çiçəyin açılması xoşdur.
Mənsur Rəğbətoğlu: Bir məsələ də maraqlıdır. Nəsiminin niyə məhz dərisi soyuldu? Ona başqa cəza verilə bilməzdimi?
- İmədəddin Nəsiminin ömür yolunun son illərini izlədikdə çox fərqli mənzərəyə şahid oluruq. 1412-ci ildən sonra o, hürufi şeyxi kimi çox böyük şöhrət qazandı. İndi Yaxın Şərq adlandırdığımız Şam torpağında sözü keçərli olur, sultan qədər nüfuza yiyələnir.
Bu qədər qüdrətli, kütlələr üzərində böyük təsirə malik olan şəxs kimi Nəsimi ilə Zülqədər bəylərindən Nəsrəddin və qardaşı Əli bəy, onun edam hökmündə adıçəkilən Qarayürük Osman bəy siyasi ittifaqa girmişdilər. Qarayürük Osman Şah İsmayıl Xətainin babasının babasıdır.
Misir sultanı Şeyx əl-Müəyyəd əl-Mahmudididən gələn fərmanda belə deyilir: Nəsiminin başı kəsilsin, dərisi soyulsun, 7 gün Hələbdə car çəkilsin, qolu və əli kəsilərək Nəsrəddin, onun qardaşı Əli bəyə və Qarayürük Osmana göndərilsin. Çünki Nəsimi onların da etiqadını pozub. Burda söhbət başı kəsilindən sonra dərisinin soyulmasından gedir və elə də olur.
Yeri gəlmişkən qeyd edim ki, bu, fitva deyildi, fərman idi. Etiqadını pozmaq dedikdə, Zülqədər bəylərinin, eləcə də Şah İsmayılın babasının hürufilik təriqətinə qəbul edilməsi nəzərdə tutulurdu. Bu cəhətə indiyədək kimsə diqqət yetirməyib.
Nərgiz Ehlamqızı: Zülqədər bəyləri ilə Nəsiminin edam hökmünü verən Şeyx əl-Müəyyəd arasında hansı konflikt vardı?
- Araşdırmalardan məlum olur ki, qardaşlardan xüsusilə Əli bəy uzun illər boyu, hətta həmin sultan Hələbin hakimi olduğu dövrdə də Şeyx əl-Müəyyədə qarşı olub. 1417-ci ildə Misir sultanı Nəsimi haqqında edam fərmanı verəndə Əli bəy mövqeyindən çəkilir. Bu, təsadüf ola bilməz.
Əslində Nəsiminin bu qədər qəddarcasına öldürülməsi tamamilə siyasi niyyətlərdən qaynaqlanır və bunun kökündə hər hansı məzhəb və ya dini məzmun dayanmır. Misir sultanı Nəsiminin nüfuzunun güclənməsindən çəkinir və onun siyasi iqtidar sahibləri ilə ittifaqından qorxur. Sultan heç edam hökmünü də birdən-birə vermir. Nəsimi aylarla həbsxanada qalır. Həbsxana günləri onu üzür və sonda sultana müraciət edir.
Nəsiminin 3 dildə qəsidəsi var, həm mədhiyyə, həm də həbsiyyə xarakterlidir. Həbsxanada çəkdiyi əzablara görə sultana müraciət edir ki, neçə aydır həbsxanada qalmışam, nə olur-olsun, bunlara son verilsin.
Mənsur Rəğbətoğlu: Həbsxanada işgəncə verilirdimi?
- Yox, Nəsimiyə işgəncə verilməyib. Çünki sultanın özü də sona qədər nə qərar verəcəyini bilmirdi, tərəddüd edirdi. Sultan Nəsimini din alimlərinin əli ilə edam etdirmək istəyirdi.
Nəhayət, Nəsimiyə məhkəmə qurulur. Həmin məhkəmənin tarixi sənədlərdə bizə gəlib çatan təsviri var. Mətnin diqqətli oxunuşu belə qənaətə gəlməyə əsas verir ki, həmin məhkəmədə sünnilik məzhəbinin dörd qolundan üçünün – malikilik, hənəfilik və həmbəlilik qolunun baş qaziləri iştirak edir. Hələbdə olan müxtəlif din xadimləri məhkəməyə cəlb olunur – hamısının adı qeydə alınıb. Onlar məhkəmədə Nəsimi ilə bağlı heç bir hökm vermirlər. Hətta Nəsiminin özünün bu məsələyə münasibətini soruşanda iki dəfə kəlmeyi-şəhadəti deyib susur. Nəsimi özü gedişata müdaxilə etmir...
Qurban Yaquboğlu: Deməli, Nəsimi məhkəmədə də iştirak edir...
- Bəli, iştirak edir. Çünki ona açıq məhkəmə qurulur, özünü də ora gətirirlər.
Nərgiz Ehlamqızı: Bəs niyə özünü müdafiə eləmir?
- Güman ki, haqqında hansı hökmün veriləcəyini bilirdi. Beləliklə, kəlmeyi-şəhadətini deyib susur, yəni ölümə hazıram... Məhkəmədə olan din alimlərinin heç biri Nəsiminin edam hökmünə imza atmır.
Maraqlıdır ki, məhkəmənin tən ortasında birdən-birə içəri bir nəfər daxil olur, yanılmıramsa, adı Çanaqçıoğlu olmalıdır. Deyir, mən sultanın yanından gəlirəm, məhkəmədə nə qərara gəlinsə, nəticəni sultana çatdırmalıyam. Din xadimləri deyirlər ki, sənin sözünlə Nəsimiyə ölüm hökmü yaza bilmərik.
Məhkəməni idarə edən Hələb hakimi Yaşbək deyir ki, istəyirsənsə hökmü özün yaz. Həmin şəxs hökmü yazır, orada olan qazilərin hər birinə imza atmaq üçün yaxınlaşır, heç biri imza atmır. Yenidən məsələyə baxılmaq üçün Misir sultanına göndərilir. Bir neçə gün sonra sultandan edam fərmanı gəlir.
Qurban Yaquboğlu: Misir sultanı türk idi?
- Xeyr, elə çəkişmələr onun üzərindədir... Əslində Misir sultanı bu fərmanı verəndən və onu icra etdirəndən sonra öz siyasi niyyətlərinə çatır. Onun dini təəssübkeşlik adı altında siyasi niyyəti vardı. Nəsiminin edamından sonra illərdir ona qarşı olan Əli bəy mövqeyindən çəkilir, üzrxahlıq məktubu yazır. Bu məktubu alanda Misir sultanının reaksiyası çox maraqlıdır. Məktubu oxuyandan sonra Əli bəyin elçilərinə deyir ki, əgər sözlərində səmimidirsə, üzə çıxsın, yoxsa göydə və yerdə gizlənməyə özünə yer tapmayacaq.
Halbuki buna qədər bərabər qüvvələr kimi qarşı-qarşıya idilər, artıq Nəsimini aradan götürəndən sonra Misir sultanının iddiaları artmış kimi görünür, Əli bəyə qarşı hökmlü xəbər göndərir. Əli bəyin qardaşı Nəsrəddin bəy Nəsiminin edamından sonra sultanla müttəfiq olur və digər türk bəyliklərinə qarşı müharibələrdə iştirak edir.
Nərgiz Ehlamqızı: Bəs onlar arasındakı qarşıdurmanın səbəbi nə idi?
- Faruk Sümeri “Oğuzlar” adlı dəyərli əsərində yazır ki, Misirdə uzun illər türk əsilli məmlük sultanlar hakimiyyətdə olublar, amma XIV əsrin sonlarına doğru artıq türk sultanları devrilir, hakimiyyətə çərkəz məmlükləri gəlir. Nəsiminin də, Zülqədər bəylərin də qarşı çıxdığı əl-Müəyyəd əslində çərkəz məmlüklərindən idi.
Qurban Yaquboğlu: Demək, Nəsimi də bu siyasi prosesin içində idi...
- Bəli, Nəsimi bu prosesdə həlledici və yönəldici rolu öz üzərinə götürmüşdü. Əslində buna təəccüblənməməliyik. Çünki bu, hürufilərin yeganə siyasi ittifaq yaratmaq təşəbbüsü deyildi.
Hələ Fəzlullah sağlığında Toxtamışın yanına canişini Fəxrəddini göndərir, Şirvanşahlarla ünsiyyət qurmağa çalışır, Əmir Teymura elçi göndərir, onu öz etiqadına dəvət edir, Miranşahla çox yaxın dostluq münasibətləri qurur.
Hürufi mətnlərini bu kontekstdə araşdıranda fərqli mənzərənin şahidi oluruq, onlar daim siyasi himayədar axtarırdılar, çox müxtəlif xanədanların nümayəndələrinə üz tuturlar. Onların ən sıx siyasi ittifaq yaratdıqları Qaraqoyunlular idi.
Mənsur Rəğbətoğlu: İsa Hüseynov “Məşhər” romanında Nəsimi ilə Əmir Teymuru qarşılaşdırır...
- Əlimizdə onların görüşlərini təsdiqləyən dəlil yoxdur, amma Əmir Teymurun oğlu Miranşahla görüşməsi tam ağlabatandır. Çünki hürufilərin Şirvana gəlişinin səbəbi Miranşahın razılıq verməsi ilə bağlı idi. Əli ül-Əla “Kürsünamə”sində deyir ki, biz Miranşahdan razılıq aldıq. Onu da qeyd edim ki, Nəsimi Əli ül-Əla vasitəsilə hürufiliyə daxil olub.
Yeri gəlmişkən, hürufi mətnlərində Şirvanşahın hökmdarı Əmir Teymurun qazisi, vəzir statuslarında gedir.
Sevda Səlimova: Hürufi mətnlərində yoxdursa o demək deyil ki, o vaxt Şirvanşahlar dövlət deyildi...
- XIV əsr qaynaqlarda Şirvanşah İbrahimin statusu Əmir Teymurdan asılılığa görə çox da ali göstərilmir. Şirvanşahların siyasəti müstəqil deyildi, Əmir Teymurla razılaşdırılırdı. Miranşah əslində Azərbaycan və çevrəsinin hakimi idi.
Hürufilərin Şirvanda fəaliyyətinə də Miranşah icazə verir. Hürufi mətnlərində qeyd edirlər ki, biz böyük sevinc hissi ilə gəmilərimizi dənizə saldıq və Şirvana üz tutduq.
Qurban Yaquboğlu: İrandan?
- Bəli, İran ərazisindən Xəzər dənizi ilə Şirvana gəlirlər, amma burada istədikləri rəğbəti görə bilmirlər.
Qurban Yaquboğlu: Nəsiminin Şirvanda doğulması ilə bağlı fakt dəqiqdirmi, yoxsa mübahisəlidir? Onun qardaşının qəbrinin Şamaxıda olduğu deyilir...
- XX əsrin əvvəllərində, daha dəqiqi, 1923-cü ildə Salman Mümtaz ilk dəfə “İmadəddin Nəsimi” adlı məqaləsində yazır ki, Nəsiminin qardaşının məzarı Şirvanda, Şahxəndan qəbiristanlığındadır. Bunu Seyid Əzim Şirvaninin bu beytiylə əsaslandırır:
Mən öləndə Şahxəndanda basdırın.
Çünki onun Şahidi-Xəndanı var.
Salman Mümtaz həmin beytdən çıxış edir ki, Seyid Əzimin haqqında danışdığı Şahxəndan elə Nəsiminin qardaşı Şahxəndandır, məzarı bu gün də ziyarətgahdır. Çox təəssüf ki, məzarının yazısı qalmayıb. Məzarının üstündəki yazıları Salman Mümtaz oxuyub, çapa hazırlayıb, nədənsə onu çap etməyib. Arxivi də dağıdılıb.
Qurban Yaquboğlu: Nəsiminin Şirvanda doğulduğu fikri Salman Mümtazdan başlayır, yoxsa?..
- Salman Mümtaz təfərrüata varmır, sadəcə qeyd edir ki, Nəsiminin qardaşının məzarı buradadır. Deyir, Nəsimi Azərbaycan şairidir, amma Şirvan şairi olduğunu qeyd eləmir. 1960-cı illərdə tədricən Həmid Araslının, Mirzəağa Quluzadənin və digərlərinin tədqiqatında artıq xüsusi vurğulanır ki, Nəsimi Azərbaycan şairidir, Şirvan doğumludur, şamaxılıdır.
Halbuki əlyazmaları, çap variantlarını bir-bir araşdırmışam, heç birində Nəsiminin şirvanlı olmasını təsdiqləyən sübuta rast gəlmədim. Təbrizdə doğulduğu deyilir, hər ikisi Azərbaycandır...
Qurban Yaquboğlu: Amma Nəsiminin Şirvana gəldiyinə heç bir şəkk-şübhə yoxdur...
- Miranşahdan icazə alındıqdan sonra bəli, həm Fəzlullah Nəimi, həm də İmadəddin Nəsimi bu əraziyə gəlir. Fəzlullah Miranşahın sözünə o qədər inanır ki, öz ailə üzvlərini, yaxın xəlifələrini, müridlərini götürüb Şirvana, dəqiqliklə Bakıya, Qız qalasının ətrafına gəlir.
Hürufilərin əsərlərində Qız qalasına aid elə məlumatlar var ki... Onların nəzərində bu abidə ezooterik statusa malikdir. Fəzlullah özünü zühur edən Mehdi elan etməyə hazırlaşır, Qız qalasını da Mehdinin zühur edəcəyi yer kimi görür. Ona görə israrla buranı istəyir, ailəsini, yaxın adamlarını yığıb bura gəlir.
Qurban Yaquboğlu: Hürufilərin məzhəbi ilə bağlı məsələ nə yerdədir?
- Bu ətrafda da mübahisələr var, mənim qəti qənaətim belədir ki, Nəsimi şiə məzhəbində olub. Özü deyir, imami məzhəbiyəm, Həzrəti Əliyə səmimi məhəbbəti var. Düzdür, sünni şairlərin də Həzrəti Əliyə məhəbbəti böyükdür. Amma Nəsiminin əsərlərində Mehdi etiqadı qabarıqdır, əsərlərində 12 imamın mədhi yer alır. Həzrəti Əlinin xüsusi məqamı var ki, kimsə ilə müqayisə oluna bilməz.
Amma Fəzlullahın özünün də sünni və ya şiə olması ətrafında mübahisələr var, çox güman ki, elə Nəsiminin özü də məzhəbini sonradan dəyişib. Çünki onların mədrəsədə aldığı təhsil ortodoksal islama uyğun idi.
(Ardı var)