11 Mart 2019 20:08
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət naziri Əbülfəs Qarayev martın 11-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Cəbrayıl, Füzuli, İmişli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

Əbülfəs Qarayev qəbuldan sonra Azərbaycan Ordusu hissələrinin Cocuq Mərcanlı kəndində yerləşən döyüş postuna baş çəkdi. Nazir əsgərlərin xidmət şəraiti ilə tanış oldu, əsgər kazarmasında, yeməkxanada oldu.

General-mayor Mayis Bərxudarov hərbçilərimizin yüksək döyüş hazırlığı haqqında məlumat verdi. Vurğulandı ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordu hissələrimizin təchizatı ilə bağlı bütün məsələlər yüksək səviyyədə həll olunur, hərbçilərimiz işğal altındakı torpaqları azad etmək üçün veriləcək əmri yerinə yeritməyə hazırdır.

Nazir Əbülfəs Qarayev ön cəbhədə, düşmənlə üz-üzə dayanan əsgər və zabitlərimizi salamlayaraq bu görüşdən böyük məmnunluq duyduğunu vurğuladı. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələr, o cümlədən ordu quruculuğu uğurla inkişaf edir. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsinə, Silahlı Qüvvələrimizin maddi-texniki təchizatına daim xüsusi diqqət göstərilir. Bu diqqət və qayğı sayəsində Azərbaycan Cənubi Qafqazda ən güclü orduya malikdir. Qəhrəman hərbçilərimiz 2016-cı ilin aprelində düşmənin ön cəbhədəki təxribatına layiqincə cavab verməklə bunu bir daha nümayiş etdirdilər. Məhz həmin zəfər sayəsində işğal altındakı torpaqlarımızın bir hissəsi, Lələtəpə yüksəkliyi, digər strateji yüksəkliklər düşməndən azad edildi, Cocuq Mərcanlı kəndinin sakinləri doğma yurduna qayırtdı. Vurğulandı ki, yenidən qurulan Cocuq Mərcanlı Qarabağ müharibəsində gələcək zəfərlərimizin müjdəsidir.

Nazir qeyd etdi ki, bu gün biz bütün sahələrdə, bütün cəbhələrdə düşmənlə mübarizə aparırıq. İşğalçı Ermənistan təkcə torpaqlarımızı deyil, tariximizi, mədəniyyətimizi, musiqimizi, milli mətbəximizi də hədəf alıb. Torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistanın hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına dağıdıblar. Bu gün mədəniyyət sahəsində çalışan insanlarımız da düşmənin irsimizə, tariximizə qarşı bəd əməllərinə, düşmənin məkrinə qarşı mübarizə aparırlar. Tarixi-mədəni irsimizi, mədəni dəyərlərimizi düşməndən qorumaq keçmişimizə və gələcəyimizə sahib çıxmaq deməkdir.

Nazir hərbçilərimizə yeni zəfərlər arzulayaraq Ali Baş Komandan rəhbərliyi ilə, əsgər və zabitlərimizin əzmi, qəhrəmanlığı sayəsində bütün torpaqlarımızın düşməndən azad olunacağına inamını ifadə etdi.

Sonda hərbçilərə kitablar, film izləmək üçün ləvazimatlar, milli filmlərin diskləri hədiyyə olundu.

Hərbi hissənin komandanlığı adından nazir Əbülfəs Qarayevə xatirə hədiyyəsi təqdim olundu.

Nazir mətbuata açıqlamasında Cocuq Mərcanlı kəndində keçirilən qəbulun, eləcə də ön cəbhədəki hərbçilərimizlə görüşün əhəmiyyətini vurğuladı.

Yerlərdə vətəndaşlarla keçirilən bu cür görüşlərin mədəniyyət sahəsinin inkişaf etdirilməsində önəmindən bəhs edən nazir bildirdi ki, budəfəki görüş xüsusi əhəmiyyət daşıyır. Çünki bu görüş 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusunun zəfərindən sonra yenidən qurulan Cocuq Mərcanlı kəndində keçirilirdi. Bu kəndin sakinləri doğma torpağına qayıdıb, ölkə başçısı İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində kənd yenidən qurulub. Bizim fədakar vətəndaşlarımız bu gün öz doğma torpağında, təhlükəsiz şəraitində yaşayır.

Nazir vurğuladı ki, qəbulda sakinlərin müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib: “Mədəniyyət sahəsində işin təkmilləşdirilməsi, mədəni irs abidələrinin qorunması və digər məsələlərlə bağlı müraciətlər oldu. Burada qaldırılan bütün məsələlərin öz həllini tapacaq”.

Diqqətə çatdırıldı ki, kənddə müxtəlif tədbirlərin təşkil olunmasında mədəniyyət işçiləri də daha yaxından iştirak edirlər. Martın 12-də Cocuq Mərcanlıda Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər