14 Mart 2019 20:05
2 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nəsimi irfanı ilə Azərbaycan bayrağındakı üç rəng bir araya gəlmiş olur”

Müsahibim vaxtilə Azərbaycan mediasında Müşfiq Həqq imzası ilə tanınan və hələ Azərbaycanda ikən Dimes ruhani ismini qəbul edib bu imza ilə “Ayna” qəzetində yazılar yazan, bütün insani zəifliklərinə rəğmən irfani halları həyat amalı etmiş və hazırda İstanbulda yaşayan həmyerlimiz Dimes Hak Alerlidir.

- Nəsiminin 650 illiyi ilə bağlı sərəncamdan sonra Feysbukda sizin bəzi ittihamedici şərhlərinizə rast gəldim. Xüsusən də, alimlərimizi Nəsimini anlamamaqda qınadınız. Bir sosial şəbəkə istifadəçisi də yazmışdı ki, deyəsən, hər kəsin öz Nəsimisi var. Sizə görə Nəsimi kimdir?

- Buna ittihamdan çox üsyan demək gərəkdir. Çünki Nəsimi ilə bağlı on illərdir yalan, yanlış fikirlər hələ də davam etməkdədir. Günəşlə bağlı çox söz söyləmək olar, amma həqiqət bu ki, Günəşin özü heç vaxt dəyişməz. Mənim vurğuladığım xüsus Günəşin həqiqi özünün unudulmasıdır. Nəsimi ilə bağlı hər kəsin söz deməsi Nəsimi məqamı və həqiqəti doğru təsbit olunsaydı, əlbəttə ki, problem yaratmazdı. Amma Azərbaycanda Nəsimiyə baxış, onun həqiqəti, dərin idrakı ortada olmadığı üçün hər kəsin söz deməsi fayda gətirmir, əksinə, Nəsimi şəxsiyyəti üzərindəki tozu, pərdəni daha da qalınlaşdırmış olur.

Sovet dövründə Nəsimi ilə bağlı xüsuslardakı ideoloji yalanların davam etməsi, işi daha da çıxılmaz vəziyyətə salıb. Nəsimi ilə bağlı sərəncam özlüyündə gözəldir, amma bu sərəncamın effektiv icra mexanizmi və Nəsimi şəxsiyyətinin, irsinin qoruma mexanizmi yoxdur. Adını belə çəkmək istəmədiyim hansısa bayağı müğənni Nəsiminin qəzəlini layiq olmayan şəkildə oxuyur, buna kimsə müdaxilə edə bilirmi? Yox. Nəsimi, Xətai, Seyid Əzim, Təbrizli Şəms, Hacı Bektaşi Vəli, Yunus Əmrə, Mövlanə kimi türk irfanının böyük nümayəndələri bu gün təkcə Azərbaycanın, Anadolunun deyil, bütün bəşəriyyətin mənəvi inanc sərvətidir. Bu sərvəti qoruma mexanizmi olmadığına görə ortada olan bəzi sözbazlar onu ucuzlaşdırmağa çalışacaqlar.

Sovet və Qərb alimlərinin təsiri ilə Azərbaycanda da Nəsimiyə ateist, panteist şair kimi baxırlar. Bunun ikisi də yanlışdır. Ateist iddiası onsuz da çox absurd iddiadır. O ki qaldı panteizmə, Nəsimi panteist deyil, vəhdəti vücudçudur. Sadə şəkildə izah etsək, panteizm “bütün kainat tanrıdır” düşüncəsinə malikdir, vəhdəti vücud isə bütün hər şeydə Allahı görsə də, Allahı həm də bunların ötəsində görür. Bu mövzuda gərək Azərbaycanda konfranslar keçirilsin, irfan əhlini, dərvişləri də dəvət etsinlər. Seyid Nəsimi, Şah Xətai məqamında bizdən dinləniləsi çox şeylər var. Nəsimini Nəsimi ruhunu yaşadan insanlardan dinləmirsinizsə, dərk edə bilməyəcəksiniz.

- Bizə Nəsimi ədəbiyyatda şair kimi tanıdılıb. Dövlət də bu şəkildə qəbul edir. Bu baxımdan istəyirəm ki, sizin Nəsimi kimdir? Yəni Nəsimi adının önündə nəyin olmasını doğru hesab edirsiniz?

- Nəsimi əsla şair deyil. Nəsimi həm də şairdir. Onu sadəcə şair filosof adlandırmaq Nəsimi məqamını kiçiltməkdir. Nəsimi böyük pirdir, övliyadır, batini inanc sahibidir. Nəsimi inancını şeirlə ifadə edib. Nəsiminin ustadı Nəimi “Cavidannamə”ni nəsrlə yazıb, indi ona yazıçımı deyək? Nəsimi və Xətainin şeir yazmaları şairliklə bağlı deyil. Əlbəttə ki, Azərbaycan dilinin zənginləşməsinə, bu dildə ədəbiyyatın formalaşmasına böyük töhfələr veriblər. Amma əsas budur ki, onlar inanclarını şeirlə ifadə ediblər.

Nəsiminin digər irfan ustadlarından fərqi də fikrini şeirlə mükəmməl şəkildə ifadə etməsindədir. Bu isə həmin inancın həm kamilliyini, həm dərinliyini, həm də lakonik ifadə edilə bilməsini göstərir. Nəsimi məqamı şəriət əllaməliyinin, təriqət oyunbazlığının, insanlara şəriət adı ilə cəhalətin təbliğ edilməsinin qarşısında duran ən böyük silahdır. Ona görə də Nəsimini Əhli-beyt aşiqi kimi görsələr də, onu şiə mollaları da, sünni mollaları da sevməz. Onu hətta çağdaş alimlər də sevməz. Çünki Seyid Nəsimi həqiqəti ortaya çıxsa, molla və alimlərin illərdir söylədikləri yalanlar Quran elmi ilə ifşa edilmiş olacaq. Nəsimi irfanı ilə Azərbaycan bayrağındakı üç rəng bir araya gəlmiş olar: İslam, türkçülük və çağdaşlıq. Çünki Azərbaycan insanının türkçü qismi dindən, liberal qismi türklükdən, islamçı qismi türklük və çağdaşlıq fikrindən çox uzaq qalıb. Nəsimi məhz bu birlikdir. Nəsimi türk bədənində ilahi idrakın çağdaş yorumudur.

- Maraqlı məqama gəldik. Nəsiminin İslamı indiyədək bizə təbliğ edilən İslamdan nəyi ilə fərqlənir? Xüsusən, Ənəlhəqq məqamı nədir?

- Nəsimi islamın inkişaf tarixində ərəblərin, farsların öz sözlərini dediklərindən sonra (pis və ya yaxşı) islamdakı türk sözünün onlardan çox daha dərin və uca olan nidasıdır. Eləcə də Təbrizli Şəms və Şah Xətai. Bu böyük pirlərdən sonra hələ ki yüksək çıxan bir nida yoxdur. Bilirsiniz ki, təsəvvüfdə 4 mərhələ var: Şəriət ərəbcə “şəri” sözündən gəlir, “qanun” deməkdir. Təriqət ərəbcə “təriq” sözündən gəlir, “yol” deməkdir. Mərifət “məruf” sözündən gəlir, “bilgi” deməkdir. Həqiqət isə Mövla Əlinin dediyi kimi ucalıq sirlərinin 5 duyğu orqanının ötəsindəki bir məqamıdır.

Mərifətə qədər gəlmək lazımdır ki, həqiqəti dərk edəsən. Təəssüf ki, islam dünyası bədəncə böyüsə də, sayca milyardı ötsə də, idrakı böyüməyib. Bu, şəriət mollasının islama xəyanəti və intriqasına görədir. Niyə mollalar Quranın “qorxun” ayələrini daha çox təbliğ edib insanları özlərindən asılı vəziyyətə salır, amma sevgi ilə bağlı ayələri dilə gətirmirlər? Çağdaş dünyada hər yerdə şəriət-din yalanı ilə bəsit şəriət davası edənlər ilahi təkamülü inkar edən cahil və kafir sürüləridir. Hər şey zaman və məkanın, insanların fərqli inkişaf səviyyələrinin ilahi idrakla dəyərləndirilməsi ilə anlaşılmalıdır.

Əlbəttə ki, Ərəbistanın bəzi bölgələrində, bədəvilərin yaşadığı ortamda, sərt səhra iqlimində və s. durumun sərt qanunlarla idarə edilməsi lazım gələ bilər, amma Bakıda hansı əsasla şəriət qanunları qoya bilərsiniz? Nə edəcəksiniz: Azərbaycan əhalisini zorla bədəvi ərəbmi edəcəksiniz? Şəriət kimə faydalıdırsa, buyursun tətbiq etsin. Fəqət Azərbaycan torpağının mayası və idrak dərinliyi bəsit şəriət deyil, İrfan elmi ilə yoğrulub. Zira Nəimi və Nəsimi kimi Tanrı ərənləri Allah ilə insanın qovuşma məqamını insanlara aşılayıb. “Allah insanda təcəlli edib” deyiblər. Burada hər şeyi geniş izah etmək imkansızdır.

Fəqət mühüm bir xüsusu açıqlamaq istəyərdim: İnsan Allah deyil əlbəttə, lakin Allah insandadır. Necə ki, Allah İsada, Əlidə, Şah Fəzldə və s. Adəmdə olduğu kimi təcəlli etmişdir. Soruşmaq gərək: əgər Allah Adəmdə təcəlli etməmişdirsə, nədən mələklərə səcdə əmri verilsin ki? Əgər Adəm Allahdan kənarda isə o zaman şirk olmurmu? Nəsimi “mən Allaham” deməyib, “Ənəlhəqq” deyib. Rus-Sovet və Qərb alimləri Həqq məqamı ilə Allah məqamı arasındakı fərqi bilmədikləri və ya gizlədikləri üçün Ənəlhəqqi “mən Allaham” kimi qələmə veriblər. Onlardan köçürən alimlərimiz də eyni faciəli səhvi təkrarlamış olublar. Halbuki İrfan elminə vaqif dərvişlərə soruşsalar, bu səhvi etməzdilər. İzah edim: Quranda Allah, Hu, Rəhman, Rəhim, Adəm, Həq, Biz, Ruhulqüds və sair məqamlar vəhdət zatının yaradılış və işlək mexanizminin mühüm xüsuslarıdır. Çıxış nöqtələri eynidir, fəqət işarət etdikləri xüsuslar fərqlidir.

Bu fərq idrak olunmalıdır, çünkü Quran boşuna bu qədər məqam ismi çəkmir. Əgər hər şey bu qədər bəsit olsa idi, o zaman Quran elə sadəcə “Allah” deyər və başqa məqamları zikr etməzdi. Gerçək budur ki, Allah yaradıcı gücün həqiqi ismi deyil, çünkü Zatın ismini tam müəyyən etmək imkansızdır. Quran bununla bağlı belə deyir: "Shahida Allahu annahu la ilaha illa huva valmala-ikatu vaoloo alAAilmi qa-iman bilqisti la ilaha illa huva alAAazeezu alhakeem", (Ali İmran/18), yəni ortada bir La İlahə İlla Hu-O məqamı var. O yəni, isminin müəyyən edilməsi imkansız bir güc qaynağı. Bu səbəbdən İsmi Əzəm, Zata işarət edən xüsus kimi vurğulanmaqdadır.

Allah Yaradıcı gücün İlahi kodudur. Allah mütləq qüdrət sahibidir, amma kamil deyil. Boşuna deyil ki, Allahın 99 adı içərisində əl-Kamil adı yoxdur. Allahdan kənarda nəyinsə var olacağını düşünsək, tövhidi pozmaq və şirk olur. Elə isə sual olunur: bəs İblis haradadır? Demək ki, İblis də Allahdadır. Bu səbəbdən Allah məqamı mütləq güc məqamıdır, fəqət kamillik məqamı deyil. Canlılar və Adəm yaradılmadan öncə ilahi iradə batini idrakla içində olan kamillik qaynağını - Həq məqamını tapdı və Ona “İlliyyün - Ucalar - Aliyyül Ala” dedi.

Və yalnız Həq məqamının illiyyün təməli idrak edildikdən sonra Adəm uca örnək üzərinə həqiqət kodu ilə yaradıldı. Zira haqq məqamı, kamillik məqamıdır. Allahın içində yaşadığı bütün sürəc, kamillik Adəmlə var olub ortaya çıxmışdır. Ona görə Adəmə səcdə əmri verilib. Adəm Allahın kamillik təcəllisidir. Bu anlamda Mənsur, Nəsimi, Xətai ənəlhəqqi “mən Allaham” demək deyil, “Mən kamillik məqamının o andaki təcəllisi, haqqı bəyan edən və həqiqət üçün savaşan biriyəm” deməkdir.

Zatən yaradılışın qayəsi də kamilləşmə olduğu üçün, inna lillah məqamı Allah, inna ileyhi raciun məqamı da Həq məqamı olmalıdır. Bax o zaman “Mömin möminin aynasıdır” hədisi-qudsisinin hökmü gərəyi mömin olan Allah mömin olan insanda Ənəlhəq demiş olur. Allah bizdən şeytanımızı da müsəlman etməyimizi buna görə istəyir, yəni ilahi təkamül mexanizmi insanla və insandan təcəlli edir. Bu səbəbdən insan Əşrəfül məxluqat və mələklərin səcdə yeridir. Təbii ki Həqqi anlayan və bəyan edən insan. Yəni Nəsimi və onun kimilər. Mövlana deyirdi ki, “ənəlhəqq” demək yox, deməmək günahdır. Çünki sən kamillik məqamına çata bilmirsənsə, bax o zaman günahkarsan. Azərbaycan türkləri dünyaya Təbrizli Şəms, Nəsimi, Xətai kimi şəxsiyyətlər veriblər ki, təkcə bu üç nəfər İlahi İdrak sahibi Qərbin və bütün dünyanın filosoflarından üstündür.

(davamı var)


Müəllif: Dilqəm Əhməd