3 İyun 2019 23:43
1 918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Əkbər Kazım Muğan kimi tanınan mühacir rəssam Ələkbər Kazımbəyov 1884-cü ildə Naxçıvanda Cəlal və Səadət xanımın ailəsində doğulub. Erkən yaşda anasını itirib.

1906-cı ildə İrəvanda orta təhsilini tamamlayan Ələkbər bəy ali təhsil üçün Moskvaya yollanıb, hüquq fakultəsinə daxil olub. Lakin sənətə olan marağı onu ixtisasını dəyişməsinə səbəb olub. İmtahan verərək Moskva Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq məktəbinə qəbul olub, burada məşhur rəssam Kazimir Maleviçdən, Leonid Pasternakdan dərs alıb. 1915-ci ildə təhsilini bitirib. (O, məşhur “Doktor Jivaqo”nun müəllifi Boris Pasternakla da tanış olub).

1916-cı ildə Qars vilayətinə - Ərdəhan şəhərinə gəlib.

Onun Qаrsdа və Ərdəhаndа mеşəbəyi, zərər görənlərə yаrdım məqsədilə Hacı Zеynаlаbdin Tаğıyеvin yаrаtdığı Хеyriyyə Cəmiyyətinin məntəqə müdiri vəzifəsində işlədiyi qeyd olunur.

Ələkbər bəyin həyatındakı ən maraqlı hadisə isə Mavəra-i Qafqaz Milli Şurasında nazir kimi fəaliyyət göstərməsidir. Əkinçilik və Meşəçilik naziri olub. Maarif naziri olduğu da qeyd olunur. İngilislər Qars Milli Şurasını dağıtdığı üçün siyasi fəaliyyətinə son qoyub.

Ələkbər bəy 1930-1934-cü illərdə Ərdəhаndа bələdiyyə rəisi, 1934-1936-cı illərdə Qаrs lisеyində rəsm müəllimi kimi çаlışıb. Ərdəhanın Mərkəz ilçəsinin Kaptanpaşa kəndində qeydiyyata düşüb.

1966-cı ildən başlayaraq ömrünün sonuna kimi arıçılıqla məşğul olub. Arıçılığı oğlu Nazim Muğana da öyrədib, sonuncu “Arıçının illik işləri” adlı kitab yazıb.

Ərdəhanda yaşadığı müddətdə Əkbər Kazım Muğan Vyanaya getmək istəyib, lakin bu arzusu baş tutmayıb.

Ailə həyatı

Əkbər bəy 1920-ci ildə Tuti xanımla evlənib, bir il sonra övladları Nazim dünyaya gəlib. Daha sonra Yasin, Nuri və Lətifə adlı üç övladı da doğulub.

Tuti xanımın valideynləri Xoy şəhərindən Ərdəhana köçmüş Güney Azərbaycan mühacirlərindən olub. Tuti xanım Tiflisdə gimnaziyanı bitirib. Dinə meyli çox güclü olub, buna görə də Əkbər bəy rəsm və heykəllə məşğul olduğu zaman, ona qarşı çıxaraq günah işlə məşğul olduğu üçün fırçalarını qırarmış. Təsadüfi deyil ki, Əkbər bəy xanımının rəsmini yatarkən ondan gizlicə çəkib.

Oğlu Nazim Muğan Ali Ziraət Mühəndisi olub, bir müddət siyasətlə məşğul olub, 1968-ci ildən etibarən Ərdəhan Ziraət İnstitutunun müdiri olub. Yasin Muğan Türkiyə İş Bankasında uzun illər müdir vəzifəsində çalışıb. Nuri Muğan isə İstanbulda Diş həkimliyi fakultəsinin dekanı olub. “Türk diş həkimliyinin tarixi” adlı monoqrafiya yazıb. Qızı Lətifə xanım hərbi hakim Saim Sonbayla ailə həyatı qurub, lakin 22 yaşında vəfat edib. Qızının Şirin Sonbay Yücəl adlı qızı olub, fəlsəfə müəllimi kimi fəaliyyət göstərib, Pertevniyal liseyindən təqaüdə çıxıb.

Əkbər Kazım Muğan uşaq yaşlarından etibarən rəssamlığa maraq göstərib. Ailəsi ilə birgə yaylağa çıxarkən kömür və su ilə ilk rəsmlərini çəkərmiş. Ailəsi rəsm çəkməsinə qarşı olduğu üçün çadırlarda gizlədərmiş.

Ə.K.Muğan 1966-cı ildə İstanbula köçüb. İstanbul Universitetinin Stomatoloji kafedrasında çalışan oğlu professor Nuri Muğanın yanına gələn Əkbər bəy 84-85 yaşında ikən yenidən sənətlə məşğul olmağa başlayıb. Əsasən həyatının son 3 ilində çəkdiyi 35-40 ədəd portret, mənzərə, natürmort və çoxfiqurlu kompozisiyalardan ibarət tablolar rəssamın ölümündən 14 il sonra oğlu Nuri Muğanın təşəbbüsü ilə İstanbulda Pamuk Bank Suadiye Sanat qalereyasında 4 aprel – 2 may 1986-cı ildə açılan sərgiyə ilk dəfə təqdim edilib. (Həmin sərginin kataloqunu əldə etmişik).

Tаblоlаrı Türkiyədəki muzеylərdə və şəхsi kоllеksiyаlаrdа sахlаnılır. Əkbər Kazım Muğanın bütün ömürboyu çəkdiyi əsərlər yüzə qədərdir, otuza qədəri oğlu Nuri bəyin evindədir. 1989-cu ildə Nuri Muğan Bakıda olarkən əsərlərdən birini Azərbaycan Milli İncəsənət Muzeyinə bağışlayıb.

Əkbər bəy ölümündən bir gün öncə Türkiyənin baş naziri olmuş, hərbi çevriliş nəticəsində edam edilmiş Adnan Menderesin 50x80 sm formatında kömürlə portretini çəkib.

Əkbər bəy 7 dekabr 1972-ci ildə İstanbulda vəfat edib. Ədirnəqapı məzarlığında dəfn edilib. Xanımı Tuti Muğan 17 yanvar 1980-ci ildə vəfat edib.

Qaynaq:

  1. Nizami Alıyev. “Nахçıvаn təsviri sənəti XIX əsrin II yаrısı-XX əsrdə”.
  2. Ziyadxan Əliyev. “Rənglərin qəriblik nəğməsi”.
  3. Ülkər Veysəlli. “Naxçıvan rəssamlarının Türkiyədəki fəaliyyəti”.
  4. Hakan Ertuğrul. Rusya’da Devrim, Muhacirler ve Ekber Kazım Muğan
  5. “Sanat çevresi” jurnalı, 90-cı say, 1986

Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər