24 Aprel 2020 12:54
2 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl açıq ürək əməliyyatı keçirən Azadlıq Partiyasının sədri Əhməd Orucun oğlu Abdul Oruclu atasının səhhəti haqda məlumat verib. Abdul Oruclu Prezident İlham Əliyevin atasının əməliyyatını öz üzərinə götürməsinə də aydınlıq gətirib. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Əhməd bəyin səhhəti necədir, həkimlər nə deyirlər?

- Şükür, indi daha yaxşıdır. Atam beş gündür reanimasiyada idi. Təxminən, ayın 5-dən 10-na qədər bu vəziyyətdə qaldı, həmin günlərdə ağır infarkt keçirdi. Buna görə də açıq ürək əməliyyatı keçirilməli, ürəyində beş damar dəyişdirilməli idi. Həmin beş damarı dəyişmək üçün stend qoymaq olmurdu, buna görə ağır ürək əməliyyatı keçirməli idi. Açıq ürək əməliyyatı riskli idi, heç bir həkim üzərinə götürmürdü. Bunun üçün iki xəstəxana dəyişmişdik, heç kəs yaxın buraxmırdı. Əməliyyat olunduğu xəstəxanaya qədər müraciət etmişdik, risk vardı deyə, burda da açıq ürək əməliyyatı keçirməyi məsləhət görmürdülər. Deyirdilər ki, əməliyyat üçün vəziyyəti stabilləşməlidir. Amma onu da deyirdilər ki, bu vəziyyətdə qalmağı da risklidir, həyati təhlükəlidir.

Həmin dönəmdə prezidentin nümayəndələri siyasi partiyaların rəhbərləri ilə əlaqə saxlayırdılar. Atayla da reanimasiyada olanda əlaqə saxladılar. Onda bildilər ki, reanimasiyadadır. Buna qədər dəfələrlə can atsaq da, əməliyyata götürmürdülər, riskli idi axı. Prezidentin məlumatı olandan, bundan xəbərdar olandan sonra atamı “Bakı Medikal Plaza”da əməliyyata hazırladılar. Bu prosesdə prezidentin nümayəndələri bizim yanımızda oldular. Onlara dərin təşəkkürümü özlərinə də bildirdim. Elə bir vəziyyətdə kömək edildi ki, atanın baş verənlərdən xəbəri yoxdu, vəziyyəti çox ağır idi. Bu halda prezidentə məlumat çatandan, prosesi öz üzərinə götürəndən sonra dövlət başçısının nümayəndələri bizi inandırırdılar ki, arxayın olun, əməliyyat uğurla həyata keçiriləcək, məsələ nəzarətə götürülüb.

Beləliklə, ata ayın 13-də əməliyyata götürüldü, uğurla keçdi. Bundan sonra prezidentə və onun nümayəndələrinə dərin təşəkkürümü bildirdim. Prezidentin nümayəndələri əməliyyat prosesini daimi nəzarətdə saxladılar, bundan sonrakı günlərdə də gündə iki dəfə xəbər alırdılar. Daim bizlə bərabər oldular. Bu əməliyyat uğurla başa çatandan sonra mən prezidentə həm onun nümayəndələri, həm də mətbuat vasitəsilə dərin təşəkkürümü bildirdim.

Prezidentinin Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin əməkdaşı Turqay Budaqov daim bizim yanımızda oldu, buna görə onda xüsusi olaraq təşəkkür edirəm.

- Əhməd bəyin bu köməyə - prezidentin müalicə prosesini öz üzərinə götürməsinə reaksiyası necə oldu?

- Əməliyyat ərəfəsində atanın vəziyyəti həddən artıq ağırlaşdı, buna görə gün ərzində ona verilən dərmanların dozasını artırdılar ki, özünü bir qədər yaxşı hiss etsin. Prezidentin nümayəndələrinin bizimlə əlaqə saxladığı məqamlarda özü də bilirdi ki, vəziyyəti çox ağırdır, yaxşı deyil. Həm koronavirusa, həm də risklərə görə əməliyyat baş tutmurdu, bu da bizi narahat edirdi. Yəqin ki, ata tam sağalandan sonra özü də mətbuata açıqlama verəcək. Mən belə düşünürəm ki, onun özü də bu dəstəyə görə öz təşəkkürünü bildirəcək. Əlbəttə, onun yerinə tam nəsə deyə bilmərəm, amma yəqin ki, təşəkkürünü bildirəcək.

Bu günün özündə də, onun özü nəsə danışmaq, nəyisə izah etmək vəziyyətində deyil, buna hazır deyil. Ona çox danışmaq, həyəcanlanmaq olmaz, buna görə telefonu belə qadağan ediblər. İndi müayinələr gedir, yəqin yaxın günlərdə tam sağalacaq.

- Səhhətində nə vaxtdan problemlər vardı?

- Atam on ildən artıqdır, ürək xəstəsidir. O vaxt anju etdirəndə, dedilər ki, stend qoyulmalıdır. Amma stend qoymağa yaxın durmurdu, həmişə deyirdi ki, Allahın verdiyi ömürdür, heç nə olmaz. Buna görə stendləri qoydurmadı, sonra vəziyyəti belə ağırlaşdı. Axırda da xəstəxanaya infarkt vəziyyətində gətirildi. Həkimlər də elə onda dedilər ki, ona stend qoymaq olmaz, qoyan kimi keçinəcək. Açıq ürək əməliyyatı da ağırdır, nəinki bizm ölkədə, bütün dünyada problemli sahədir. Buna görə də heç bir həkim bu riskə girmək istəmirdi.

Sonra xəstəxanda bir professor bizə yaxınlaşıb dedi ki, bu xəstə belə qalmamalıdır, tez əməliyyat olunmalıdır, Səhiyyə Nazirliyindən xəbər gəlib, xəstənin səhhəti artıq prezident tərəfindən nəzarətə götürülüb. Buna qədər bizi yubadırdılar. Buna görə də, cənab prezidentə dərin təşəkkürümüzü bildiririk. Bu ağır günlərdə bizim yanımızda olan o nümayəndələr ki vardı, o insanlara da öz dərin təşəkkürümüzü çatdırırıq.

- Belə bir dəstəyin olacağını gözləyirdinizmi və ya müraciət edəcəkdinizmi?

- Bu haqda düşünmürdük. Mən siyasi proseslərdən tamam kənaram, tamam başqa sahədəyəm, siyasətlə heç vaxt əlaqəm olmayıb. Amma insan dar məqamlarda heç nə düşünə bilmir. Mənim bütün mübarizəm, nə olur-olsun, atanı həyata qaytarmaq idi. Nəticədə belə bir vəziyyət yarandı və hər şey yaxşı qurtardı. Mən daim həkimlərlə bir yerdə idim, onlardan xahiş edirdim ki, atam üçün nəsə edin. Bunun üçün çalışırdım. Şükür ki, indi ata daha yaxşıdır.

- Müalicə prosesi harada davam etdiriləcək: Azərbaycanda, yoxsa...?

- Bizə bir həftə vaxt veriblər, birinci gün yenidən müayinələr olmalıdır. Müayinə müsbət nəticə versə, mənfi hal görünməsə, xarici ölkəyə getməyə ehtiyac olmaz. Amma indidən nələrin olacağını deyə bilmərəm, hər şey müayinədən asılıdır. İnşallah ki, buna ehtiyac qalmaz, inanıram ki, mənfi hal olmayacq.

- Müxalif düşərgədəki silahdaşlarından, dostlarından gəlib baş çəkən, öz köməyini təklif edən oldumu?

- Sözün açığı, atam xəstəliyi və səhhəti haqda mətbuata məlumat verməmişdi. Heç kimə demədik, düşünürdüm ki, ən ağır yükün altından da çıxa bilərəm, buna görə də ətrafda çox adama deməmişdim. İnanırdım ki, ata yaxşı olacaq, özü də inanan insandır. Buna görə də, kimsəyə, harasa bu haqda demək istəmirdik. Amma prezidentə məlumat çatandan sonra vəziyyət müsbətə doğru dəyişdi. İndi çox sevinirik ki, proses belə yekunlaşdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər