Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs Türkiyən elm dünyasının ən məşhur simalarından biridir. Professor Nuri Saryaldan bəhs edirik.
Azərbaycan əsilli Nuri Saryal türk elm adamı, maşınqayırma mühəndəsidir.
Nuri Saryalın atası Mir İsmayıl Seyidzadə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri olub. Mir İsmayıl Seyidzadə Kiyev Politexnik İnstitutunun Elektrotexnika fakültəsinə qəbul olunsa da, maddi çətinliyə görə ikinci kursda təhsilini dayandırmaq məcburiyyətində qaldı. AXC parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarı ilə təhsilini elektrotexnika sahəsində davam etdirmək üçün Berlin Universitetinə göndərildi.
Seyidzadə ailə isə birlikdə Azərbaycanda Sovet rejimi bərqərar olduqdan bir neçə il sonra ölkədən gedib. Türkiyədə yaşadığı illərdə “Bakı rüzgarı” adlı kitab yazıb.
Nuri Saryalın anası alman Elena Hoffmandır. Elena 1935-ci ildə İslam dinini qəbul etdikdən sonra adını Leyla olaraq dəyişdirib.
Tələbəlik illəri
1929-cu ildə Azərbaycanın paytaxtında doğulan Nuri 1931-ci ildə ailəsi ilə birlikdə Türkiyə vətəndaşlığı aldıqdan sonra “Saryal” soyadına keçib. Ankarada Türk Maarif Cəmiyyəti, Ankara Atatürk Liseyindən sonra Robert Mühəndislik Məktəbini fərqlənmə ilə bitirib. Burada maşınqayırma mühəndisi ixtisasına yiyələnib. ABŞ-ın İndiana Universitetində magistr dərəcəsi alan Nuri Saryal Almaniyanın Berlin Texniki Universitetində doktorantura elmi dərəcəsinə yiyələnib.
Elmdə yüksəliş
1962-ci ildə Türkiyənin Orta Doğu Texniki Universitetinin Maşınqayırma Mühəndisliyi kafedrasında köməkçi dosent olaraq işə başlayıb. 1963-cü ildə həmin fakültənin dekanı, bir il sonra universitet rektorunun köməkçisi təyin edilib.
1975-ci ildə professor elmi dərəcəsinə yüksələn Nuri Saryal iki il sonra Orta Doğu Texniki Universitetinin rektoru olub. 1979-cu ildə rektorluqdan ayrılıb Almaniyada Ştutqart Texniki Universitetində üç ay seminar keçib. Bundan sonra Münhen Universitetinə dəvət olunan Saryal burada iki il yarım dərs verib. 1980-ci ildə isə yenidən Orta Doğu Texniki Universitetinin professoru idi.
1992-ci ildə Almaniya Federal Respublikasının Prezidenti Rixard fon Vaytzekker tərəfindən birinci dərəcəli “Ali Ləyaqət Nişanı”na layiq görülüb.
Rəsulzadənin dostu
Nuri Saryalın Türkiyədə mühacirət həyatı yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə ilə yaxın münasibətləri olub. Həyat yoldaşı Nəriman xanımla evlənməsində Rəsulzadə və onun xanımı Leyla xanımın böyük rolu olub.
Heç vaxt ata vətəni ilə bağlarını qoparmayan Nuri Saryal uzun illər Türkiyədəki Azərbaycan Kültür Dərnəyinin fəallarından biri olub. Hətta Sovet illəri dönəmində Bakıda da olub. 1979-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının rəhbəri Həsən Abdullayevin dəvəti ilə... Elm adamının Türkiyənin paytaxtı Ankara şəhərindəki evinin önündə Azərbaycan bayrağı dalğalanır.