Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs türk kinosunun ən məşhur simalarından biridir. Azərbaycan əsilli aktrisa Tuğba Melis Türkdən bəhs edirik.
Tuğba Melis Türk – aktrisa, model…
Tuğba Melis 1990-cı il sentyabrın 7-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində doğulub. O, hələ gənc yaşlarından şöhrətin zirvəsinə qalxmağı bacaran qadınlardan biridir.
Gözəlliyi və aktyorluq istedadı ilə həmişə göz önündə olan Tuğba Melis Türkün atası azərbaycanlıdır. Ailəsi ilə Sofiyadan İstanbula gələn Tuğba burada uğurunun zirvəsinə qalxır.
İstanbul Aydın Universitetinin İncəsənət fakültəsinin məzunu olan Tuğba həmin illərdə xüsusi aktyorluq dərsləri alıb.
“Miss Kemer” gözəllik yarışında ikinci, “Miss Turkey 2009” gözəllik müsabiqəsinin finalçısı olan Tuğba Melis Türk 2011-ci ildə “Best Model of Turkey” yarışının qalibi olub.
Aktrisanın kino karyerası 2007-ci ildə çəkildiyi “Hepsi 1” serialı ilə başlayır.
Aktrisa ayrı-ayrı vaxtlarda ekranlara öz möhrünü vuran “Fazilet hanım ve kızları”, “Muhteşem yüzyıl”, “Arka sokaklar”, “Leyla ile Mecnun”, “Adını Feriha koydum”, “Kaçak” kimi məşhur seriallarda rol alıb.
Bir çox bədii filmdə rol alan Tuğba ümumilikdə 30-a yaxın ekran əsərində çox sayda obraza həyat verib.