2 İyul 2020 19:38
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün bütün dünya ölkələri koronavirusa qarşı müəyyən metodlarla mübarizə aparır. Amma bu mübarizə formaları bəzi hallarda müəyyən dövr üçün effektiv olsa da, sonradan öz əhəmiyyətini itirdi. Avropanın inkişaf etmiş bəzi ölkələri az qala virusa qalib gəldiklərini elan etdikləri ərəfədə ikinci dalğa baş verdi.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Hələ COVID-19-a qarşı vaksinin tapılmadığına diqqət çəkən deputat qeyd edib ki, bu səbəbdən insanlar həyat tərzimizi dəyişməlidir: "Virusla mübarizədə istənilən önləyici tədbiri sınaqdan keçirməliyik. Azərbaycan dövləti insanların sağlamlığını qorumaq üçün lazım olan bütün addımları atır. Cənab Prezidentin birbaşa nəzarəti ilə qısa zaman kəsiyində 5 modul tipli xəstəxananın istifadəyə verilməsi virusla mübarizədə mühüm addım idi. Məhz çarpayı sayının artırılması və müasir texnoloji tibbi avadanlıqların təminatı dövlətin insanlarımızın sağlamlığına həssas yanaşmasının bariz nümunəsidir. Eyni zamanda tibbi maskaların və digər qoruyucu vasitələrin istehsalı da dövlətimizin insan sağlamlığına olan diqqətini ortaya qoydu”.

Naqif Həmzəyev əlavə edib ki, tətbiq edilən sərt karantin tədbirləri də məhz insanların sağlamlığını təmin etmək üçün həyata keçirilir: "Digər əsas şərt isə ictimai qınaqdır. İnsanlarımız öz məsuliyyətini dərk etməli və sosial məsafəni qorumaqla yanaşı qoruyucu vasitələrdən istifadə etməlidir. Məhz bu yolla bizlər cəmiyyətimizin sağlamlığını təmin edə biləcəyik".


Müəllif: Tapdıq Qurbanlı