23 martdan etibarən Mərkəzi Neftçilər Xəstəxanasında pandemiya ilə mübarizəyə başlamışıq. Çox qısa müddətdə koronavirus xəstələrini qəbul edəcək səviyyədə islahatlar aparılıb.
Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O bildirib ki, çalışdığı xəstəxanaya bu günə qədər 900-ə qədər koronavirus xəstəsi daxil olub və ilk günlərdə çətinlik yaransa da, qısa zamanda vəziyyət ələ alınıb:
"Almaniyada ölkə üzrə 22 faiz ölüm faktı qeydə alınıb. Bizim xəstəxanamızda isə bu göstərici 10 faizdən aşağıdır və bu statistika ölkə üzrə xəstəxanalarda da belədir. Ölkəmiz üzrə ölüm faizi 1,5 faiz təşkil edirsə, dünya ölkələrində bu rəqəm qat-qat artıqdır. Bu nəticələr isə ölkəmizdə mübarizə tədbirlərinin operativ şəkildə tətbiq edilməsi sayəsindədir".