Əgər sinif yarımqruplara bölünmürsə, onun şagirdləri həftənin 5 günü dərsə gələcək.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu tədrisin ənənəvi formasının bərpası haqqında danışarkən deyib.
Onun sözlərinə görə, əgər sinif yarımqruplara bölünürsə, bu müəllimin iş rejiminin də bölünməsi deməkdir: "Belə olduqda müəllimin distant dərs üçün vaxtı qalmır. Həmin siniflər üçün teledərslər var. Hər bir sinif üçün həftədə iki dəfə yayımlanır. Onlardan faydalana bilərlər".
Vəfa Yaqublu fiziki tərbiyə fənninin onlayn tədrisinə də aydınlıq gətirib: "Həftənin 5 günü dərsə gələn siniflər üçün fiziki tərbiyə fənni distant formada keçirilir. Bu halda müəllim dərsdə bədənin fiziki quruluşu, bədənin inkişafı haqqında məlumatları distant formada şagirdlərə çatdıra bilərlər".