9 Aprel 2021 10:07
1 640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Siyavuş Novruzovun “Musavat TV”nin efirində yayımlanan canlı debata içkili çıxması iddialarına debatın moderatoru Sevinc Telmanqızı münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Sevinc Telmanqızı debat zamanı hər iki qonaqla eyni məsafədə əyləşdiyini və belə bir hal olacağı təqdirdə bunu hiss edəcəyini bildirib:

“Efiri izləyənlər bilirlər ki, mən moderator olaraq hər iki qonağın ortasında əyləşmişdim. Hər ikisinə eyni və yaxın məsafədə idim. Əgər Siyavuş Novruzov içkili olsaydı, ən azı ətrafa içki qoxusu yayılardı, ya da bu, onun yerişində, özünü idarə etməsində görünərdi. Mən qoxuya qarşı həssas adam olsam da, ondan hər hansı spirt qoxusunun gəldiyini deyə bilmərəm. Qənaət, təxmin başqa şeydir, reallıq başqa.

Hətta efirdən bir neçə saat sonra bu cür iddialar sosial şəbəkədə yazıldığı üçün Mirmahmud bəylə də əlaqə saxladım. Ondan da qənaətini soruşdum. Çünki Siyavuş bəy studiyaya gələn kimi Mirmahmud bəylə çox mehribancasına qucaqlaşdı, görüşdü, onu 20 ildir ki, görmədiyini dedi. Mirmahmud bəy də opponentinin içkili olması ilə bağlı iddiaları bölüşmədiyini dedi”.

Sevinc Telmanqızı bildirib ki, sadəcə Siyavuş Novruzov efirdən öncə də, efir zamanı da çox pozitiv olub, zarafatlar edib, lətifələr danışıb, şeir deyib.

Onun sözlərinə görə, verilişin gedişində isə həm opponentinə, həm efirə telefon zəngi ilə qatılan Ağ Partiya sədri Tural Abbaslıya, eləcə də aparıcı olaraq ona qarşı olduqca pozitiv, tolerant davranıb:

“Özü də dedi ki, Mirmahmud bəyi 20 ildən sonra ilk dəfə üz-üzə gördüyü üçün çox sevinclidir. Opponentinin sözünü kəsmirdi, suallara qarşı dözümlü idi, deyilən fikirlərə qarşı öz arqumentlərini səlis şəkildə səsləndirirdi. Bəzi mövzularda ziddiyyətli, mübahisə yaradan fikirlər, açıqlamalar versə də, bu, onun içkili olması anlamına gəlmirdi. Efirdən bir gün əvvəl telefonla verilişə dəvət edəndə də eyni əhvalda idi. Zarafat edib, lətifə söylədi və mənimlə opponentinin kim olacağı ilə bağlı müzakirə apardı. Mən sadəcə onun jurnalistlərlə çox pozitiv, mehriban davrandığını hiss etdim”.

Xatırladaq ki, aprelin 7-də efirə gedən canlı debat zamanı izləyicilərin yazdığı şərhlərdə və verilişdən sonra səslənən bəzi iddialarda S.Novruzovun efirə içkili gəlməsi və bunun deputatın davranışlarında öz əksini tapması iddia olunurdu.

Məsələ ilə bağlı Siyavuş Novruzov da iddiaları təkzib edib və yayılan şayiələri debat zamanı tənqid etdiyi adamlarla əlaqələndirib...


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər