Türkiyənin maraqla izlənilən seriallarından olan “Akıncı”nın aprelin 16-da yayımlanan 16-cı bölümündə nümayiş etdirilən xəritədə Azərbaycan ərazisi Ermənistan torpaqları kimi təqdim olunub. Bu sosial şəbəkələrdə ciddi tənqidlərə səbəb olub.
Bununla bağlı açıqlama yayan "NTK media" serialdakı görüntüləri fantaziya adlandırıb.
"Akıncı" serialının 16-cı bölümündə, dünya ölkələrinin sərhədlərini öz maraqları naminə yenidən müəyyənləşdirməyə cəhd göstərən “Haritacılar” adlı qanunsuz bir təşkilata üzv olan serialın mənfi obrazı tərəfindən Türkiyə və onun qonşu ölkələrini göstərən qondarma xəritə nümayiş etdirilib. Tamamilə qondarma bir təşkilat olan “Haritacılar” tərəfindən əsas alınan o xəritə serialın bütün digər elementləri kimi bir xəyal məhsuludur. O epizodda olan xəritə və xəritədəki sərhədlər də həqiqəti əks etdirmir. Ssenariyə əsasən bir qondarma təşkilatın niyyətini göstərmək üçün qurulsa da, dost və qardaş Azərbaycan xalqının həssaslığı nəzərə alınaraq bu xəritə dəyişdirilmişdir".