Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi II Respublika Müsabiqəsi elan edir.
Komitədən Teleqraf.com-a verilən məlumata görə, müsabiqə ixtiraların, yeni texnologiyaların yaradılması və tətbiqinə alimlərin, ixtiraçıların, mühəndis-texniki işçilərin və təsərrüfat subyektlərinin cəlb edilməsinə yardım göstərilməsi, ixtiraçılıq sahəsində təbliğatın genişləndirilməsi məqsədilə perspektivli patentlərin müəyyən edilməsi məqsədilə keçirilir.
Müsabiqə 2013-cü ildə dövlət qeydiyyatına alınan ixtira patentləri arasında “İlin Patenti” nominasiyası üzrə qalibi müəyyən edəcək. Müsabiqəyə Azərbaycanın hüquqi və fiziki şəxslərinə məxsus olan və 2013-cü ildə Avrasiya Patent İdarəsində qeydiyyata alınan Avrasiya patentləri də təqdim oluna bilər.
Müsabiqə komissiyası tərəfindən müsabiqənin nəticəsindən asılı olaraq birinci, ikinci və üçüncü yerləri tutan qaliblərə müvafiq diplom, xatirə hədiyyələri və pul mükafatları təqdim olunacaq.
Müsabiqədə iştirak etmək istəyən şəxslər sənədləri bu ilin dekabrın 4-dək həftənin I-V günləri saat 14.30-dan 17.30-dək Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin (AzPatent) informasiya təminatı şöbəsinə (AZ 1009, Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi 53) təqdim edə bilərlər.
Daha ətraflı məlumat almaq üçün 412 594 37 70 (71) daxili 2-08; (050/ 055/070) 319 07 21 telefon nömrələri ilə (əlaqəli şəxs Alı İsmayılov) müraciət etmək olar.