Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin nizamnamə fondunun məbləği açıqlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İdarənin nizamnaməsində qeyd olunub.
Beləliklə nizamnamə fondunun məbləği 1 000 000 manat təşkil edir.
İdarənin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.
İdarə öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir, balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.
İdarə qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra İdarənin, onun nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.
İdarənin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Azərbaycan Prezidentinin qərarı ilə dövlət büdcəsinə köçürülür.
İdarə “Dövlət rüsumu haqqında” qanununda nəzərdə tutulmuş xidmətləri göstərdiyinə (hüquqi hərəkətləri həyata keçirdiyinə) görə həmin Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu, habelə qanunla müəyyən edildiyi hallarda digər ödənişlər tutur. İdarənin tutduğu dövlət rüsumunun “Dövlət rüsumu haqqında” qanunu ilə müəyyən edilən hissəsi İdarənin fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə onun hesabına köçürülür. “Reklam haqqında” qanunun 26.2-3-cü maddəsinə müvafiq olaraq İdarənin açıq məkanda reklam yayımına görə tutduğu haqqın məbləği dövlət tərəfindən tənzimlənən qiymətlərə (tariflərə) aiddir.