6 İyul 2021 14:05
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibənin ikinci hissəsini təqdim edirik:

(Əvvəli burada)

- Zahid müəllim, yeni ordu anlayışı gündəmə gətirilir. Orduda hansı dəyişikliklər gözlənilir?

- Xüsusi təyinatlı qüvvələrin bu savaşda önəmli bir yeri oldu. Onlar əfsanəyə çevrildilər. Bu qüvvələr Azərbaycan Silahlı Qüvvələrinin nüvə mərkəzində oldu. Bu bazisdə, fundamentdə ordunu qurmaq çox önəmli olacaq. Komplektləşmiş, mobil, çevik reaksiya qabiliyyətinə malik olan, qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün bəzən onlarla, yüzlərlə əsgərin, zabitin yerinə yetirəcəyi funksiyanı birinin-ikisinin üzərinə qoyulan müasir ordu proqramlarının Azərbaycanda gerçəkləşməsi onu deməyə əsas verir ki, ölkəmiz və onun Ali Rəhbərliyi tamam fərqli planlar üzrə çalışmaqdadır. Bu qətiyyən hansısa ərazilərə hücüm üçün Azərbaycan Ordusunu hazırlamaq deyil. Bir çoxları cənab Prezident İlham Əliyevin qalib lider kimi indi artıq ərazi bütövlüyümüzün təminatı ilə məhdudlanmayıb eləcədə də İrəvana, bəlkə də, tarixi Azərbaycan torpaqlarına yönəlik addımlar atacağına dair fikirlər səsləndirirlər.

- Şuşa Bəyannaməsindən sonra bölgədə yeni dönəm başladı. Proseslərin gedişatı ilə bağlı fikirləriniz nələrdir?

- Şuşa Bəyannaməsi ilə Azərbaycan yalnız təkcə Türkiyənin hərbi siyasi dəstəyini qazanmır. Eləcə də ölkəmizin regional və beynəlxalq təhlükəsizliyin qorunmasındakı yeri daha da güclənəcək. Qalib Azərbaycan Ordusu ilə əməkdaşlıqda bölgə dövlətlərinin hamsı maraqlı olacaq. O cümlədən daha subregional birliklərin qurulacağını yəqin etmək olar. Azərbaycan Silahlı Qüvvələri və onun şanlı hərbi taborları, dəstələri Türkiyənin qorunmasında iştirak edəcək. Bunu həm də belə vurğulamaq lazımdır. Yəni burada birtərəflik yoxdur. Eləcə də 2001-ci ildən ABŞ-ın Əfqanıstana 160 minlik sayda böyük bir koalisiya ilə 50-dən artıq dövləti səfərbər etməsi fonunda bunun üzərindən 20 il keçdikdən sonra bu əraziləri “Talibana” buraxıb çıxmaq haqqında qərarlar verilib. Həmin bölgədə artıq bütün missiyanı Türkiyə öz üzərinə götürür. Bu öz-özlüyündə bir çağırışdır. Bölgədə fərqli milli, etnik qüvvələrin və 3 imperiyanı sarsıdan bir məkanın içərisində Türkiyə hərbi gücünün oradakı tənzimləməni və uzun yüz illər boyu imperiyaların toqquşduğu bir məkanı həqiqətən də təhlükəsizlik regionuna çevirmək mümkün olacaq. Nəzərə alsaq ki, Əfqanıstan həqiqətən də Azərbaycan və Türkiyə ilə münasibətlərdə maraqlıdır. Deməli bizim daha böyük regionda gücümüz artacaq. Orada da Azərbaycan rdusunun qüvvələri iştirak edə bilər. Bu qətiyyən sovetlər birliyinin Əfqanıstanda böyük hərbi bataqlıqda insanları məhv etməsi və sayseçmə oğulların heç bir məqsəd olmadan qırılması ilə eyni tutula bilməz.

- Azərbaycanın hərbi və təhlükəsizlik doktrinasında hansısa yeniliklərin olması gözlənilir?

- İndiki reallıqda Azərbaycanın təhlükəsizlik və hərbi doktrinasının yenilənməsi mümkündür. Bu barədə parlamentdə də çıxışlarım olub. Çünki təhlükəsizlik mühiti dəyişib. 5-ci nəsil texnologiyaların Azərbaycan Ordusu arsenalında dünya tarixinə düşən mühüm yeniliklərindən bəhs ediriksə, bu, həqiqətən də ABŞ-a, Avropaya və Asiya qitəsinə qədər geniş arealda etiraf olunur. Onlar bizim tərəfimizdən lobbi qrupları vasitəsi ilə yazılan baxışlar, açıqlamalar deyil. Onları pulla əldə etmək qeyri-mümkündür.

- Belə olan şəraitdə Azərbaycanı qarşıda hansı vəzifələr gözləyir?

- Azərbaycanda Ordu sayının artması fonunda onun yeni bir keyfiyyət müstəvisinə daşınması reallığı yaranıb. Müdafiə naziri Zakir Həsənov 26 iyun tarixindəki müsahibəsi zamanı ölkə rəhbərliyinin bu istiqamətdə onlara verilən tapşırıqlarının məxfi xarakter daşıdığını, lakin bu yöndə işlərin addım-addım gedəcəyini vurğuladı. Yüz il ərzində bir sıra hallarda ayrı-ayrı dairələrin əli ilə “Azərbaycanın öz əsgəri ola bilməz”, “o özünü qorumağa qadir deyil”, “komandir heyəti mütləq başqa millətlərdən olmalıdır”, “bu millətin övladlarını ancaq inşaat batalyonlarına göndərmək gərəkdir” kimi bizim xalqımızın maraq və mənafelərinə uyğun olmayan bir təəsürat, təbliğat, daşlaşmış rəylər yaratmağa çalışırdılar. Bunlar dəyişdi. İndi həqiqətən də yalnız ordunun imici yenilənmədi. Bu eyni zamanda Azərbaycan xalqının bütövlükdə dövlətimizin, millətimizin dünya çapında nüfuzunu, əlaqələrini gücləndirəcək, investisiyaları atıracaq. Vaxtilə iqtisadi imkanlar ordu quruculuğuna nə qədər yaxşı formada təsir edibsə, indi Silahlı Qüvvələrin qalibiyyəti bizə yeni investisiyalar qazandıracaq. Paralel olaraq təhlükəsizlik imkanlarını genişləndirəcək. Azad torpaqlar ümumi iqtisadiyyatımızın bir hissəsinə çevriləcək. Sözsüz ki, çox mürəkkəb bir dövrdə biz bunları danışırıq. İnsanlarımızın həssaslığı başadüşüləndir. Çünki pandemiyanın ümumi yaratdığı iqtisadi, sosial ziyanlar, itkilər əhalinin iqtisadi aktivliyinin aşağı düşməsi və dünya çapında iqtisadi kommunikasiyaların, əlaqələrin, əməkdaşlığın çox ciddi şəkildə zədələnməsi fonunda vətəndaşlarımız hər bir qərara həssaslıqla reaksiyalar verirlər. Bu da çox başadüşüləndir. Çünki onların ailə büdcəsində hər bir hökumət qərarı hiss olunmaqdadır. Lakin biz çox inanırıq ki, qalib ölkənin qələbəsinə uyğun da idarəçilikdə yenilənmələr imkan verəcək ki, əhalinin bütün sosial təbəqələrinin maraqları qoruna bilsin. Çevik bir şəkildə bu addımlar ona imkan versin. Qətiyyən müharibədəki qələbəmiz əbəs yerə ayrı-ayrı daxili sosial, siyasi qruplar arasında toqquşmalara yönəlməsin. Tam əksinə biz bu qələbəni iqtisadi-siyasi uğurlarımızın müstəvisində davam etdirək. Dəmir əl, Dəmir Yumruq ifadəsi inşaatda, siyasətdə, idarəetmədə, sosial həyatda, vətəndaşların quruculuğunda, məmurun onlara xidmətində və.s özünü göstərsin. 26 iyunda qeyd olunan qalib ordunun müzəffərlik günü 100 yaşlı ordunun 300 illik tarixində qazana biləcəyi və arzuladığı bir böyük salnamə əldə edildi. Bundan sonrakı dövrdə yeni hədəflər, yeni planlar, yeni məqsədlər uğrunda dövlətimizin millətimizin əslində 30 il gecikmiş sanki bundan sonrakı dövrdə əsl layiq olduğumuz həyatı yaşamaq imkanını təmin edəcəyik.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər