Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Zahid müəllim, Prezident hərbçilərlə son görüşündə mühüm mesajlar verdi. Ordunun gələcəyi ilə bağlı verilən həmin mesajları necə şərh etmək olar?
- Azərbaycan son 30 ilin müstəqillik tarixində ilk dəfə idi ki, Ordu gününü torpaq bütünlüyü şəraitində qeyd edirdi. Həqiqətən də 1991-ci il mürəkkəb bir dövr idi. Öz-özlüyündə azadlıq uğrunda mübarizəmiz həm də torpaqlarımızın müdafiəsi şəraitində keçməkdə idi. Təəsüflər olsun ki, 10 minlərlə insan itkiləri, milyona çatan qaçqın-köçkün reallığında biz özümüzün suveren haqlarımızın gerçəkləşdirilməsinə nail olduq. Keçmiş sovet məkanı ölkələrinin heç birində oxşar vəziyyət deyildi. Hətta Gürcüstan, Moldova (uzun 10 illər ərazi bütövlüyü problemi yaşayan) kimi ölkələrin bizimlə eyni sırada adlarının çəkilməsinə baxmayaraq, onların durumu, bir tərəfdən münaqişənin etimologiyası, şərtləri, itkilərin miqyası hümanitar fəlakətin ölçüsü qat-qat bizdən fərqli idi. Həqiqətən də ən acınacaqlı durumda məhz Azərbaycan idi. Biz də bu məsələləri daimi olaraq xatırlatmağa məcbur oluruq. Həm də ona görə ki, qeyd etdiyimiz ordu quruculuğu məhz ən ağır şərtlər altında baş verməkdə idi. Belə olan şəraitdə Ali Baş Komandan cənab İlham Əliyevin “Mən 17 ildə bütün fəaliyyətimdə strateji hədəf olaraq torpaqlarımızın azadlığını birinci yerə qoymuşdum” devizi gerçəkdən də onu göstərir ki, strateq kimi çalışmalar öz nəticəsini verdi.
Bütün strateji, siyasi şərtlər təmin olunduqdan sonra ordu məhz onun qarşısında qoyulmuş vəzifələri yerinə yetirdi. “Gülüstan” sarayında bir qədər rəmzi məna daşıyan, öz adı ilə Azərbaycanın bölünməsini ehtiva edən bir qədər daha çox imperiyalar arasında savaşın poliqonu, meydanı olan buna görə də taleyi həmişə 3-4-cü paytaxtlarda həll edilmiş bir ölkənin qalibiyyət hadisəsindən bəhs olunur. Oradakı törən sözün həqiqi mənasında yalnız mifologiyalarda, bizim ədəbi əsərlərimizdə, yazıçı təxəyyülərində özünü göstərib. Bir də ki, sadə insanlarımızın arzusu olub. İndiki reallıqda “Gülüstan” sarayında sanki ölkənin gələcək yeni hərbi siyasi doktrinasının əsasları qoyulur. Ölkənin qalib rəhbəri məhz savaşda igidlik göstərən zabit heyəti ilə görüşür və ordu gününü millət, xalq, dövlət, gələcək Azərbaycanın yeni quruculuq günü kimi qeyd edir.
- İlk dəfə Silahlı Qüvvələr Gününü qalib olaraq qeyd etdik. Hansı hislər yaşadız?
- Ötən illər ərzində 26 iyun tədbirlərinə millət vəkili olaraq qatılmışıq. Lakin il-ildən onların effekti müəyyən dərəcədə dəyişməkdə idi. Onlar sanki mülkiləşirdi. Artıq dərəcədə siraviləşməkdə idi. Oradakı əsgər və zabit mundirinə ümumxalq məhəbbətini nə qədər qoruyub saxlamağa çalışsaq da, bununla bərabər hər kəs müqəddəs savaşın bizim üçün nə zaman olacağını gözləyirdi. Artıq indi 70 minin üzərində fədakarlıq göstərən hər bir şəxsin əməlləri qiymətləndirilib. O, orden və medalların arxasında dayanan gerçək qəhrəmanlıq və sücaət var. Onlar əməllərlə qazanılıb. Qanlar tökülüb. 3000-ə yaxın şəhid valideynləri öz övladlarını bir adla, soyadla böyütmüşdülər. Özlərinin oğulları olub. Ancaq indi artıq millətin balaları, dövlətin övladları libasında zirvəyə yüksəliblər. Bu xalqımız üçün böyük bir salnamədir. Media məkanına çıxan və bəzən haradasa diqqətdən kənarda qalmış şəxslər üzərindən 70 min insanın fədakarlığını, igidliyini, sücaətini qiymətləndirilməsinə qətiyyən kölgə salmaq olmaz. Əlbəttə hər hansı bir hərbi hissə çərçivəsində anlaşılmazlıqlar, səhvlər, yanlışlıqar ola bilər. O cümlədən bəzən bir şəhid ailəsinə münasibətdə də diqqətsizlik bu dövlətin ali münasibətinin yüksək mənasını qəti bir şəkildə zədələyə bilməz.
- Azərbaycan Ordusunun keçdiyi tarixi Zəfər yolunu necə analiz etmək olar?
- 103 yaşlı bir Silahlı Qüvvələrdən danışırıq. Cumhuriyyət dövründə Azərbaycanda qurucu, fədakar, düşünən, az sayda insan bu coğrafiyada dövlət qurmağı bacardı. Lakin Azərbaycan həm regional müharibələrə cəlb edilməklə, onun ardınca imperiya quruculuğu vasitəsi ilə özünün müstəqil ordusunu formalaşdırmaq imkanından məhrum edildi. Sovet dövründə yenə də bizim qəhrəman övladlarımızın döyüş qabiliyyəti saxlanıldı. Bu, II Dünya müharibəsində 300 minə yaxın insanımızın faşizmə qarşı mübarizədə həyatını qurban verməsi ilə müşahidə olundu. Ondan sonrakı illərdə də Azərbaycanın hərbi elitasının quruculuğu üçün sovet çətiri altında olsa belə, yenə də gerçək inistitutlar, məktəblər və hərbi kadrların formalaşdırılması səviyyəsində həyata keçirildi. 90-ci ildəki məğlubiyyət, yəni silahlı qüvvələrin, əsgərin və zabitin məğlub olması fonunda torpağın itirilməsi onların qəhrəmanlığına qiymət verməyə imkan vermirdi. Çünki öz-özlüyündə hamı sayırdı ki, uduzmuş bir ölkədə qalib olmur. Əvəzində isə bu illər ərzində erməni ordusunun bir mifologiyası yaradılmışdı. Onlar həqiqətən də informasiya vasitələrində bir səlib yürüşü həyata keçirirdilər. Hər yerdə erməni ordusunun “yenilməzliyi”, guya tarixdə olan məşhur “generallarının irsinin” davam etdirildiyini söyləmələri “Qarabağ qartalları” adı ilə Qafqazlarda həmişə “öndə” olduqları istər sovet və ondan əvvəlki dövrdə eləcə də indiki zamanda bu ordu ilə daha böyük əraziləri “fəth” edəcəkləri haqqında daimi təbliğatlar aparırdılar. Bu da açıq deyək ki, Azərbaycan insanını əsəbiləşdirirdi, yəqin ki elə ordumuzu da təsir edirdi. Ancaq əslində belə deyildi. Bunu da Azərbaycan Ordusu Vətən müharibəsində tarixi Qələbə qazanmaqla sübut etdi.
- I və II Qarabağ müharibələrinin itkiləri qan bağları ilə birləşdirildi - ifadəsini necə izah etmək olar?
- Cənab Prezidentin “Gülüstan” sarayındakı çıxışında son illərin makroskopik bir baxışda, bəlkə də, 30 ilin təhlilləri verildi. Şəhidlərimizin qısası alındı - söylənərkən hər iki müharibənin itkiləri qan bağları ilə birləşdirildi. Birinci və İkinci Qarabağ müharibəsi arasında müxtəlif fərqlər qoyarkən bəzən ehtiyyatsız ifadələr, yanaşmalar millətimizin içərisində müəyyən qədər parçalanma yaratmağa çalışan dairələrin sanki əlini gücləndirir. Bu gün Azərbaycanda Silahlı Qüvvələrin say tərkibi artırılacaq deyərkən, o cümlədən müasir ordu quruculığunun elementlərinin daha çox bərqərar olması ilə bağlı atılacaq addımlar nəzərdə tutulur. 2020-ci ilin qanlı savaş günlərində Ali Baş Komandan Müdafiə Nazirliyinin məhz növbəti hərbi taktiki planlarının hazırlanması, həyata keçirilməsi yönündə görüşlər keçirdiyi vaxt qeyd etmişdi ki, harada ki ləngimələr var, orada qeydlər təhlillər aparılır. Bu da göstərirdi ki, qarşıdakı dövrdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən həmin məsələlər üzrə yeni addımlar atılacaq. Müharibə dövründə Bakının hava hücumundan müdafiə sistemləri güclü bir şəkildə qorunmanı təmin etdi. Eləcə də digər strateji obyektlər, həmçinin Mingəçevirlə bağlı da oxşar sözləri söyləyə bilərik. Lakin Gəncə və Bərdənin, xüsusilə düşmənin strateji silahlarının zərbəsinə məruz qalması Azərbaycan hava hücumundan müdafiə sistemlərinin bu yöndə təkmilləşdiriləcəyini deməyə imkan verir.
(Ardı var)