5 Avqust 2021 18:43
394
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarşıdan növbəti şənbə və bazar günü gəlir. Bir çox insanımız üçün bu işgəncə və azar günləridir. Operativ Qərargah hələ də inadından dönmək istəmir. Yenə də metronu, avtobusları işləməyə qoymayacaqlar, zavallı insanlar taksi axtarışına düşəcəklər. Pulu-parası olmayan da otursun evində, bütün vacib işlərini təxirə salsın. İnsanlarımız həm maddi, həm də mənəvi sıxıntını yaşayacaqlar.

Teleqraf.com xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa karantin rejimində həftə sonu məhdudiyyətlərinə irad bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, yay fəsli olduğu və onlar məzuniyyətdə olduğu üçün İctimai nəqliyyatda yoluxma faktoru aşağıdır: "Hazırda iş yerlərinə də elə bir axın yoxdur. Heç kim də əsaslandıra bilmir ki, iki gün ictimai nəqliyyat işləməyəndə pandemiya azala bilər. Əksinə, nəqliyyatda sıxlıq yaratmaqla insanlar üçün yoluxma riskini daha da artırırlar. Metronun girişində qızdırmanı yoxlamaq üçün aparat qoyulur və bu da profilaktika üçün kifayət edir. İctimai nəqliyyat həftənin bütün günləri işləməlidir. Əminəm ki, özü metro ilə, avtobusla gedib-gəlmək məcburiyyətində olan kimsə belə bir qərarı qəbul etməz. Məsələyə öz komfortundan yanaşanlar anlamalıdırlar ki, bu qərarla eyni vaxtda şəhərətrafından gələn vətəndaş, xəstəxanaya metro ilə tələsən tibb bacısı, maaşı aşağı olan avtobus sürücüsü, televiziyaya, redaksiyaya tələsən jurnalist, yaxud da bir pensiyaçı, bir əlill boğazından kəsdiyi pulu taksiçiyə verməyə məhkum olur".

Fazil Mustafa hesab edir ki, tətbiq olunan qərara təkrar baxılmalı, Bakı şəhərində bütün ictimai nəqliyyatın işləməsi təmin edilməlidir.


Müəllif: Aysel Azad