21 Oktyabr 2021 18:14
389
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya ilə mübarizə prosesində dünyanın ciddi nailiyyətləri var. Əgər belə olmasaydı dünya 2021-ci ili post-pandemiya dövrünün başlanğıcı hesab etməzdi. Bu gün dünya iqtisadiyyatında artım tempi özünü göstərir. Bu, artıq post-pandemiya dövrünün əlamətidir. Azərbaycan iqtisadiyyatında ilk dəfədir ki, pandemiya dövründə iqtisadi yüksəliş özünü göstərməkdədir. Prezident İlham Əliyev də vurğuladı ki, post-pandemiya dövrünə hazırlaşmalıyıq. Bu istiqamətdə işlər getməkdədir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Onun sözlərinə görə, görülən işlərə baxmayaraq bir çoxlarının Üçüncü Dünya müharibəsi adlandırdığı pandemiya ilə mübarizə prosesində hələ ki tam və qəti qələbə əldə edilməyib:

“Virusla mübariəzədə vaksinlərin çox böyük rolu və əhəmiyyəti var, amma bu prosesin özündə də ədalətsiz bölgü müşahidə olunur. Cənab Prezidentin qeyd etdiyi kimi, dünyanın 10 iqtisadi inkişaf etmiş dövləti vaksinlərin 75 faizinə sahibdir. Kasıb ölkələrdə isə bu, cəmi 2 faiz təşkil edir. Bu, acınacaqlı vəziyyətdir. Pandemiya ilə mübarizə prosesində tam və qətiyyətli qələbənin əldə olunmasına mane olan amillər sırasındadır”.

Millət vəkili bildirib ki, pandemiya davam edir və virus mutasiya keçirməkdədir: “Virusun yeni növlərinin qeydə alınması ilə bağlı bu gün faktlar var. Bir sıra ölkələrdə, o cümlədən region ölkələrindən Rusiyada COVİD-19 virusunun yeni mutasiyası - AY.4.2 yayılmağa başlayıb. Yeni ştamm delta ilə müqayisədə daha yoluxucudur. Post-pandemiya dövrü gəlir deyə arxayınlaşmaq üçün heç bir əsas yoxdur.

Hesab edirəm ki, karantin rejimində olduğumuzu heç kim unutmamalıdır. Xüsusilə məlum və məşhur şərtlərə hər zaman əməl edilməlidir. İnsanların gigiyena qaydalarına riayət etməsi, sosial məsafə saxlanılması, qapalı məkanlarda maskadan istifadə olunmasi vacibdir.

Hesab edirəm ki, yeni şəraitə uyğun davranışımız inkişaf edib. Vaxtilə insanları məcbur edirdilərsə, müəyyən cərimələrin müqabilində insanlar maska taxırdılarsa, indi bu məcburi deyil. İnsanlar vərdişlidirlər. Artıq sağlamlıqları naminə insanların açıq havada da maska taxdığının şahidi oluram. Hamı peyvəndləmə prosesində iştirak etməlidir. 3-cü doza peyvəndləmədən söhbət gedir. İnsanlar bu mövzuya qətiyyən biganə qalmamalıdırlar”.


Müəllif: Aysel Azad