Dünəndən etibarən Dövlət Yol Polisi paytaxt ərazisində keçirilən "Zəfər günü" tədbirləri ilə əlaqədar sürücülərə xəbərdarlıq edib. Hansı küçə və prospektlərin bağlı olacağı barədə ətraflı məlumat verib. Lakin təəssüf ki, bəzi sürücülər xəbərdarlığa məhəl qoymadan məsuliyyətsizlik edir və nəticədə Neftçilər prospektində maddi zərərlə nəticələnən bir neçə yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, yol polisi tədbirlərin təhlükəsiz şəraitdə keçirilməsi üçün intensiv fəaliyyət göstərir. "Lakin bəzi sürücülərin məsuliyyətsizliyi nəticədə qəzalar baş verir, tıxaclar yaranır. Sürücülərə müraciət edərək bildiririk ki, paytaxtın mərkəzi ərazilərinə şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edirik. Həmin istiqamətdə hərəkət edən ictimai nəqliyyatdan istifadə etsinlər. Eyni zamanda Neftçilər prospekti boyu dayanma-durma qaydalarına riayət etsinlər".
Vaqif Əsədov əlavə edib ki, bütün bunlar insanların təhlükəsizliyi üçündür. "Zəfər günüdür, böyük bayramdır. Bu bayramı gözəl şəkildə qeyd etmək üçün hər birimiz özümüzdə məsuliyyət hiss etməliyik. Yol polisinin işini daha da çətinləşdirən addımlardan çəkinmək lazımdır. Avtomobil ilə mərkəz istiqamətində hərəkət həm sizin vaxtınızı alacaq, həm də müxtəlif xoşagəlməz hadisələrə səbəb ola bilər. Bir anlıq düşünək ki, qanunsuz yerdə park etməklə digərlərinə ciddi maneə yaradırıq".
Polis polkovniki qayda pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərinin görüləcəyi barəsində də xəbərdarlıq edib: "Kütəvi tədbirlər o demək deyil ki, qaydaları pozmaq olar. Yol polisi qaydalara riayət etməyən, dayanma-durmanı pozan sürücülərə qarşı inzibati qaydada tədbirlər görəcək. Bir daha sürücüləri intizamlı olmağa dəvət edir, maksimum dərəcədə şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə çağırırıq".