Yolumuz Gəncəyədir. Azərbaycan dövlətinin və xalqının tarixində, taleyində, elm və mədəniyyətinin inkişafında müstəsna rolu olan Gəncəyə... Ölkənin aparıcı media qurumlarının təmsilçilərinin iştirak etdiyi səfərdə Teleqraf.com-un əməkdaşı da var.
Hələ 9 əsr əvvəl şeyx Nizami Gəncəvi “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz...” yazırdı. Bizim səfərimizdə də məqsəd Nizami yurdunda yerləşən qocaman ali təhsil ocağı – Azərbaycan Dövlət Aqrar Universitetindəki yeniliklərlə tanış olmaq, qış imtahan sessiyasını izləmək, kənd təsərrüfatı ilinin yekunları, 2022-ci ildə həyata keçiriləcək tədbirlər, qarşıda duran vəzifələr və Prezident İlham Əliyevin aqrar sektor qarşısında qoyduğu tapşırıqların icrasına həsr olunmuş seminarda iştirak etməkdir. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Vüqar Hüseynov, şöbənin əməkdaşları, nazirliyin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə, nazirliyin Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri Anar Hüseynov da səfərdə bizimlə birgədirlər.
Yolüstü Kür çayı sahilində dayanırıq. Qış fəsli olmasına baxmayaraq ölkənin ən böyük çayının suyunun az olması diqqətimizi çəkir və məyusluq doğurur. Yerüstü su ehtiyatlarının 30 faizinin ölkə ərazisində, 70 faizinin isə qonşu ölkələrin ərazisində formalaşdığı ölkəmizdə kənd təsərrüfatının inkişafı həm də suya olan tələbatı artırır. Bu gün quraqlıq problemi təkcə Azərbaycan üçün deyil, dünyanın əksər ölkələri üçün aktualdır. Bu problemi həll etmək üçün Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatında müasir suvarma sistemlərindən istifadənin genişləndirilməsinin qaçılmaz olduğu düşüncəsindədir.
“Kənd Təsərrüfatı Nazirliyi bu məsələni daim diqqət mərkəzində saxlayır. Bilirsiniz ki, dövlət müasir suvarma sistemlərindən istifadəni stimullaşdırır, artıq təsərrüfatlarda quraşdırılan damcı sulama və digər müasir suvarma sistemlərinin dəyərinin 40 faizi dövlət tərəfindən ödənilir. Eyni zamanda, fermerlər bu ildən suvarma sistemlərinin quraşdırılmasına görə ödənişləri “Fermer kartı”na köçürülmüş subsidiya məbləği hesabına nağdsız şəkildə ödəyə biləcəklər. Bu sahəyə dövlət dəstəyinin genişlənməsi nəticə etibarilə təsərrüfatlarda müasir suvarma sistemlərinin quraşdırılmasına marağı artırıb”, - deyə nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Vüqar Hüseynov yolüstü mediaya açıqlamasında deyir.
Aşıq Pənahın məşhur “Ana Kürüm” mahnısında “bu elin bəzəyi” deyib öydüyü Kürlə sağollaşıb səfərimizə davam edirik. Və budur, artıq Gəncədəyik. Hoteldə yerləşdikdən dərhal sonra Aqrar Universitetə tələsirik. Nəhayət o məşhur tarixi binaya yetişirik. Bu həmin binadır ki, 1918-ci il mayın 28-də Tiflisdə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası iyunun 16-da Gəncəyə köçdükdən sonra özünün ilk yığıncağını bu binada keçirib. Hazırda burada Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqrar təhsil və elm muzeyi” yerləşir.
Girişdə bizi Azərbaycan xalqına xas olan əsl qonaqpərvərliklə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, Milli Elmlər Akademiyasının müxbir üzvü, kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərov qarşılayır.
Haşiyə. İbrahim Cəfərovu 2000-ci illərdən – Gəncə Dövlət Universitetində təhsil aldığım dövrdən tanıyıram. Həmin vaxt İbrahim Cəfərov bu ali məktəbdə müəllim və 38 saylı Nizami (ikinci) Dairə Seçki Komissiyasının sədri idi. Öz işinin bilicisi olan bu şəxsə hamı böyük hörmət və ehtiramla yanaşırdı. Sonrakı illərdə İbrahim Cəfərovun bu ali məktəbə rektor təyinatına şad olmuşdum. Əmin idim ki, o el arasında “ASXİ” kimi tanınan və nüfuzu o qədər də yüksək olmayan ali məktəbin qaldırılmasına nail olacaq. Sosial şəbəkədən və mediadan ADAU-nun fəaliyyətini izləyirdim, getdikcə daha çox əmin oldurdum ki, yanılmıram. İndi bizim bu ali məktəbdəki yenilikləri öz gözlərimizlə görməyimiz üçün Gəncəyə səfər etməyimiz lap yerinə düşmüşdü.
İbrahim Cəfərov bildirir ki, Azərbaycanda ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına 1920-ci ildən başlanılıb. Həmin il noyabrın 13-də Azərbaycan İnqilab Komitəsinin (RevKom) qərarı ilə Bakı Politexnik İnstitutu, dekabrın 14-də isə həmin institutun nəzdində 5 fakültə, o cümlədən kənd təsərrüfatı fakültəsi yaradılıb, fakültə 9 il fəaliyyət göstərib. İndiki Azərbaycan Dövlət Aqrar Universiteti Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1929-cu il 15 may tarixli qərarı ilə Kənd təsərrüfatı fakültəsinin bazasında Azərbaycan Kənd Təsərrüfatı İnstitutu kimi təsis edilib, 1931-ci ildə Bakıdan Gəncəyə köçürülüb. Həmin dövrdən bəri müxtəlif illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, Azərbaycan Kənd Təsərrüfatı Akademiyası adlanıb:
“2009-cu ildən isə Azərbaycan Dövlət Aqrar Universiteti statusunda fəaliyyət göstərir və bu gün ölkədə aqrar təhsilin və aqrar elmin belə deyək, başında duran bir nömrəli universitetdir. Lənkəran Dövlət Universitetində aqrokimya və baytarlıq ixtisasları üzrə cüzi sayda kadr hazırlanır. Naxçıvan Dövlət Universitetində baytarlıq və aqrokimya üzrə hərəsində 15 tələbə oxuyur. Bütövlükdə bu missiyanı Azərbaycan Dövlət Aqrar Universiteti boynuna götürüb və hər il demək olar ki, 1300 nəfər tələbə qəbul olunur. Ən önəmli cəhət ondan ibarətdir ki, qəbul olunan tələbələrin təxminən 80 faizi dövlət sifarişlidir. Yəni, bu gün 32 ixtisas üzrə Azərbaycan Dövlət Aqrar Universitetində tələbə qəbulu həyata keçirilir. Bunun 80 faizi dövlət sifarişlidir. 14 ixtisasın tələbəsi, o cümlədən aqronomluq, torpaqşünaslıq-aqrokimya, baytarlıq təbabəti, zoomühəndislik və aqromühəndislik fakültəsi tələbələrinin bir qismi olan Azərbaycan vətəndaşları bir manat da ödəmədən təhsil alırlar. Onların təhsil haqlarını dövlət ödəyir. O mənada Azərbaycan vətəndaşları dedim ki, bu fakültələrdə xarici tələbələr də təhsil alır. Bu gün Aqrar Universitetdə 12 xarici ölkə vətəndaşı olan 350 nəfərdən artıq tələbə təhsil alır. Bu tələbələrin böyük bir qismi Türkiyə, İran, İsrail, Rusiya, Qazaxıstan və Afrika ölkələrindəndir. Həmçinin, Qoşulmama Hərəkatına üzv ölkələrdən olan tələbələr var ki, onlar Azərbaycan dövlətinin təqaüdü hesabına təhsil alırlar”.
İbrahim Cəfərov deyir ki, universitetdə təhsil üç formadadır. Tələbələrin böyük əksəriyyəti Azərbaycan dilində, təxminən 10 faizi rus bölmələrində təhsil alırlar. Yeddi ixtisas üzrə 15 nəfərlik ingilis dili qrupları var. Təxminən 100 nəfərə yaxın mükəmməl ingilis dilli müəllimlər var. Bunlar gənc müəllimlərdir. Son illərdə 150 nəfərdən artıq müəllim işə qəbul olunub.
Rektor bildirir ki, əvvəllər bu ali məktəbə maraq az idi. Lakin ölkədə aqrar sahə prioritet hesab olunandan, aqrar islahatlar həyata keçiriləndən, böyük fermer təsərrüfatları yaranandan sonra ADAU-ya maraq böyükdür: “Bu gün ADAU bütövlükdə dövlətin tam diqqəti altındadır. Son 5 ildə cənab prezident Gəncə şəhərinə səfəri çərçivəsində 3 dəfə Aqrar Universitetdə olub. 2016-cı il fevral ayının 17-də bir tələbə evinin, 2017-ci il noyabr ayının 10-da ikinci tələbə evinin açılışında iştirak edib. 2020-ci il iyun ayının 24-də cənab prezident hörmətli Mehriban xanımla bir yerdə bir dəfəyə 1500, amma Bolonya prosesinin tələblərinə görə iki növbədə təhsil olduğuna görə 3 min nəfər tələbənin təhsil aldığı yeni tədris korpusunun açılışında iştirak edib. Bu tədris korpusu nəinki MDB məkanında, Şərqi Avropada ən böyük tədris korpuslarından biridir”.
Atalar deyir, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Biz də bu deyimdən yola çıxaraq universitetlə əyani tanış olmağa start veririk. İlk ziyarət etdiyimiz ünvan tələbə evləri olur. Bizə məlumat verilir ki, universitetin iki tələbə evinin (yataqxana) hər biri 520 nəfərlikdir. Hər tələbə evində 257 otaq var. Bu otaqların 251-i iki nəfərlikdir. 6 otaq üç nəfərlikdir. İki nəfərlik otaqların hər birinin daxilində sanitar qovşaq var. Hər mərtəbədə mətbəx, aşağıda qadın bərbəri, kişi bərbəri, həkim-terapevt, həkim-stomatoloq, kompüterlərlə təchiz olunmuş internetə çıxışı olan kitabxana, dəftərxna ləvazimatı, market, fitness zal və 100 nəfərlik kafe var. Hər iki yataqxana eyni layihə əsasında inşa olunub. Yəni, bir tələbə evində olanlar digərində də mövcuddur. Baxdıq ki, tələbə evləri yaxşı vəziyyətdədir. Ən əsası da odur ki, tələbələr burada günü cəmi bir manata qalırlar. Tələbələrin yaşayış haqqı bir ildə 350 manat təşkil edir.
“Tələbə 10 kiloqram paltarı camaşırxanaya verir və bir manat pul ödəyir. Yataq dəstləri 10 gündən bir dəyişilir. Bu gün tələbənin yaşayış məsrəfləri ən azı 80-85 manatdır. Amma biz bunu cənab nazirin (kənd təsərrüfatı naziri İnam Kərimov nəzərdə tutulur-S.Həmid) tövsiyyəsi ilə günü bir manat, illik 350 manat etmişik. Xərclərin digər hissəsini universitet büdcədənkənar vəsait hesabına ödəyir”, - bizi tələbə evi ilə tanış edərkən rektor İbrahim Cəfərov bildirir.
Hazırda Aqrar Universitetin 9 tədris korpusu var. Tədris korpuslarının bir neçəsi universitetin kampusundan kənarda yerləşir. Gəzib gördük ki, korpusların hamısı ən yüksək səviyyədə təmir olunub.
“Demək olar ki, Azərbaycan Dövlət Aqrar Universitetində sovetdən qalma və sizin hamınızın oturduğu partalar yoxdur. Bu gün universitet tələbələri mənim və sizin oturduğunuz 25 manatlıq qara stullarda otururlar. Bu gün Azərbaycan Dövlət Aqrar Universitetində 4 tələbəyə bir kompüter düşür. Bir neçə il əvvəl Təhsil Nazirliyi tərəfindən açıqlanan statistikaya görə, 28 tələbəyə bir kompüter düşürdü. Hazırda universitetdə 100-dən artıq ağıllı lövhə var. Universitetdə 3 ildən artıqdır ki, ADAU TV adlı internet televiziyası fəaliyyət göstərir. Biz internet televiziyasını cənab nazirin iştirakı ilə 2019-cu ilin sentyabr ayında yeni tədris ili başlayanda açdıq. Ən müsbət cəhət ondan ibarətdir ki, mart ayının 2-də artıq pandemiya ilə əlaqədar tədris bağlananda universitetlərin hamısı pis vəziyyətə düşmüşdü. Amma biz 8 mart qadınlar bayramından sonra ayın 9-dan başlayaraq hər gün ADAU TV vasitəsilə 7-8 canlı dərslər verdik. O semestrin 2 ayı ərzində 500 dərs verdik. Bu gün də ADAU TV-də o dərslər “YouTube”də qalır. Bu gün “YouTube”də 1000-dən artıq canlı dərslərimiz var. O dərsləri birinci özüm başlamışam. ADAU-da birinci dərsi özüm demişəm. 500-cü dərsi də özüm demişəm. Mənim özümün orada 40-dan artıq dərsim var. Bu illər ərzində bir dəfə də olsun Aqrar Universitetin rektoru olaraq mənim dərsimi heç kim əvəz etməyib. Mən öz dərsimdə olmuşam. Və mənə baxaraq kafedra müdirləri də özləri dərslərini özləri keçiblər. Mən gələndə bilirsinizmi vəziyyət necə idi? Kafedra müdiri qabağında çay otururdu, laborant da girib onu auditoriyada əvəz edirdi. Dedim ki, yox, qardaşlar, daha belə getməyəcək. Mən etdiyim kimi et. Komandir nə edirsə, tabeliyindəkilər də onu etməlidir. Prorektorların hamısının dərsi var, hamısı dərsə getməlidir. Dekan zəhmət çəkib dərsini deməlidir. Kafedra müdiri dərsini deməlidir və hamı digərlərinə nümunə olmalıdır. Bütün bunlar gəlişigözəl sözlər deyil, reallıq bundan ibarətdir”, - deyə rektor İbrahim Cəfərov bildirir.
Növbəti gün ADAU-da keçirilən imtahan prosesini izlədik.
Rektor bildirir ki, əgər 2009-ci ildə universitetdə 1700 tələbə təhsil alırdısa, bu gün 6300 nəfər tələbə təhsil alır. Bu tədris ilində magistr qəbul planı 94 faiz, bakalavr qəbul planı isə 83-84 faiz faiz yerinə yetirilib. Bu il universitetə təxminən 1300 nəfər tələbə qəbul olunub. 150 nəfər tələbə isə xaricdən gələrək bu universiteti seçib. Xarici tələbələrin təhsil haqqı 2000 dollardır. İbrahim Cəfərov qeyd edir ki, universitetdə ingilis dilinin tədrisinə böyük önəm verilir: “Elmi Şuranın qərarı ilə 30 yaşınadək kim fəlsəfə doktoru olursa, ona birdəfəlik 3 min manat, onun rəhbərinə isə 2 min manat yardım edilir. Kim 50 yaşınadək müdafiə edib elmlər doktoru dərəcəsi alırsa, birdəfəlik 10 min manat yardım alır. Bu çox böyük rəqəmlərdir. Gəl, 49 yaşında bizdə müdafiə elə, 3-5 il qal bizdə işlə, 10 min manatını al”.
Tələbə təqaüdlərinə gəldikdə isə rektor bildirdi ki, universitetə marağın artırılması məqsədilə bir çox işlər görülür. Xüsusilə tələbələr üçün bir çox təşəbbüslər həyata keçirilir. Yüksək balla qəbul olan tələbələrə dövlət təqaüdündən əlavə təqaüdlər verilir:
“Cənab nazirin tövsiyəsi ilə 3 ildən artıqdır ki, ADAU-da 500 baldan çox bal toplayaraq daxil olan tələbələrə əvvəlki illərdə 200 manat əlavə təqaüd verilirdi. Bu ildən həmin təqaüdün məbləği 250 manat olub. 400 baldan yuxarı bal toplayaraq qəbul olunanlara əvvəllər 100 manat, bu ildən 150 manat əlavə təqaüd veririk. İngilis dili qruplarına qəbul olan Azərbaycan vətəndaşlarına əvvəlcə 70, indi 100 manat əlavə təqaüd veririk. Bu proses həmin tələbələrin əlaçı olduğu müddətdə davam edir. Yəni, tələbə sonrakı semestrlərdə hökmən əlaçı çəxmalıdır ki, əlavə təqaüdü ala bilsin. Bu bir növ həvəsləndirmə tədbiridir ki, həmin tələbələr əlaçı olaraq qalsınlar. Xüsusilə qeyd etmək istəyirəm ki, bu təqaüd dövlətin verdiyi təqaüddən ayrıdır. Heç bir tələbənin təqaüdündə də gecikmə olmur. Tələbənin təqaüdü veriləndən sonra müəllimin məvacibi verilir.
Növbəti tanışılıq Bitkilərin kimyəvi analizi laboratoriyası ilə oldu. İbrahim Cəforov bildirir ki, bitki mühafizəsi Azərbaycan Dövlət Aqrar Universitetində çox önəmli yerdə durur və universitetin ən güclü kafedralarından biri də Bitki mühafizəsi kafedrasıdır: “Burada 2 elmlər doktoru, 8 nəfər elmlər namizədi var. Kadr hazırlığı üçün bitki mühafizəsi ixtisası açılıb ki, ölkəmizdə ərazq təhlükəsizliyinin təminatında problem olmasın”.
Rektor İbrahim Cəfərov buradakı mikroskopları, digər avadanlıqları göstərərək deyir: “Bunların hamısı dövlətin puludur. On il bundan qabaq bizdə 20-30 mikroskop var idi. Amerikadan gələn bir professor dedi ki, bunlar bizdə, yəni Amerikada yüz ildir muzeydədir. İndi isə bizdə ən müasir mikroskoplar var. Bunlar qorunmalıdır”.
Səfərimizin sonunda baş çəkdiyimiz və el arasında “Uçxoz” (“Uçebnoe xozyaystvo”) adlanan ADAU-nun Tədris-Təcrübə Təsərrüfatı böyük marağımıza səbəb oldu. Bu təsərrüfatı analoqu olmayan bir müəssisə adlandıra bilərik. Buranı mükəmməl bir tədris bazası adlandırsaq, şişirtməyə yol vermərik. Burada xaricdən gətirilən 50 baş iribuynuzlu mal-qara, qoyunçuluq ferması, quşçuluq ferması, ət kəsimi sexi, 80, 30 və 15 nəfərlik auditoriyalar, 16 ton məhsul saxlamaq üçün soyuducu, yay auditoriyaları, intensiv bağlar, 5 istixana, balıqçılıq təsərüfatı, baytarlıq klinikası, bitki klinikası yerləşir:
“Burada iki-üç gündən bir 100-150 kiloqram pomidor yığılır. Kimsə məhsul istəyəndə bazar qiymətinə həmin məhsulu alır və həmin pul universitetin hesabına köçürülür. Məsələn, bayram ərəfəsində tutaq ki, bazarda ətin kilosu 10 manatdırsa, Elmi Şura qərar verir ki, 8 manatdan 200-300 kiloluq heyvan kəsilsin, xadimələrə-filana paylanılsın. Amma bütövlükdə Tədris-Təcrübə Təsərrüfatının məqsədi burada daha çox məhsul alıb onu daha baha qiymətə satmaq yox, tədrisi təşkil etməkdir. Yəni, söhbət bundan gedir”.
Beləliklə, iki günlük Gəncə səfərimizi başa vurmaq üzrəyik. Səfər təəssüratlarımız olduqca zəngin oldu. Bir daha əmin olduq ki, ölkənin ərzaq təhlükəsizliyi, aqrar sahənin inkişafı ilə bağlı məsələlər dövlətin diqqət mərkəzindədir və Azərbaycan Dövlət Aqrar Universitetində yetişən gənc kadrlar sayəsində bu sahələr etibarlı əllərdədir.
Bakı-Gəncə-Bakı