Azərbaycanda terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.
İşxan Sarqsyanın 20 il, Vladimir Rafaelyanın isə 19 il müddətə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Həmçinin prokuror çıxışında təqsirləndirilən şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssində çəkmələrini istəyib.
Prokuror qeyd edib ki, təqsirləndirilən şəxslər cəzaların çəkib başa çatdırdıqdan sonra Azərbaycan hüdudlarından çıxarılmasını tələb edib.
Təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.
Növbəti proses martın 7-də davam edəcək.
İstintaq materiallarına əsasən, Ermənistan Müdafiə Nazirliyinin xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində qrup komandiri Sarqsyan İşxan Aşoti, mühəndis istehkamçı qismində hərbi xidmət keçən Rafaelyan Vladimir Otari 27 may 2021-ci ildə, saat 03 radələrində Azərbaycan Respublikasının dövlət sərhədini Kəlbəcər rayonu istiqamətində təkrarən qanunsuz olaraq keçib, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin həmin ərazidə dislokasiya olunmuş bölmələrinin və digər təyinatlı məntəqələrin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi ərazisindən keçən təminat və digər keçid yollarında minalanma işlərini həyata keçiriblər.
Qeyd olunan şəxslərin həmin cinayət əməllərini törətmələri müəyyən edilərək cinayət başında yaxalanıb, Azərbaycan ərazisinə keçirilməsini təşkil etdikləri “TM 62 – M” və “E-00-M” tipli ümumilikdə 23 ədəd mina aşkar edilərək götürülüb.
Hər iki təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228-ci (qanunsuz silah əldə etmə), 318-ci (qanunsuz ölkə sərhədini keçmə), 282-ci (təxribat törətmə) maddələri ilə ittiham elan edilib.