“McDonalds” şirkəti Ukraynaya təcavüzlə bağlı Rusiyanı boykot edərək, bu ölkədə olan 850 restoranını bağlayıb. Anlaşılandır. Amma həmin “McDonalds” Vətən Müharibəsi zamanı ANCA erməni lobbisinin təkidi ilə "Qarabağ Azərbaycandır" paylaşımını öz sosial media səhifəsindən silmişdi. Bununla bağlı ciddi etirazlar olmuşdu. O zaman McDonalds bunu siyasətə qarışmamaqları ilə izah etmişdi.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz “McDonalds” restoranlar şəbəkəsinin Rusiyada fəaliyyətini dayandırması haqqında məsələyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, şirkət Vətən müharibəsi zamanı Azərbaycana qarşı zidd addım ataraq ikili standartlar nümayiş etdirib:
“Bu şirkət, həmçinin onu dəstəkləyən bəziləri Azərbaycanın suverenliyi məsələsini, bizim üçün milli qurur, milli maraq, beynəlxalq hüquq məsələsini "franşiza-françayzinq" səviyyəsinə, “siyasətə qarışmırıq” səviyyəsinə endirmişdilər. İndi isə həmin bu şirkət digər bir ölkənin süverenlyi və ərazi bütövlüyünə olan təcavüzlə bağlı bir anda 850 restoranı Rusiyada bağlayıb.
Necə olur ki, Azərbaycanın süverenliyinə və ərazi bütövlüyünə qəsd edənlərə qarşı apardığımız ədalətli müharibədə bu tip addımlar “siyasətə qarışmaq” hesab olunur, amma digər ölkədə bu “təcavüzə etiraz” sayılır? Bunun çox sadə bir adı var, yumşaq formada buna ikili standart deyirlər. Bir qədər sərt formada olanı isə, ümid edirəm hamı bilir ki, bu tip yanaşmanı necə adlandırılar, burda yazmağı məqsəduyğun hesab etmirəm”.
Osman Gündüz hesab edir ki, “McDonalds” restoranlar şəbəkəsinin Azərbayacana qarşı mövqeyinə rəsmi qurumlar münasibət bildirməli idilər: “Təəssüf edirəm ki, o zaman ciddi ictimai etirazlar, boykot çağırışları olsa da, bütün diqqət müharibəyə yönəldiyindən rəsmi qurumlarımız bu məsələdə çox da dərinə getmədilər. Fikrimcə , dövlət üçün bu çox yanlış addım idi. Təkrarlanmaması üçün hökumət ciddi tədbirlər görməli idi.
O zaman da yazmışdım, indi də qeyd etməyi özümə borc hesab edirəm ki, normal ölkələr, özünə hörmət edən dövlətlər bu tip addımları bağışlamırlar.
Ümid edirəm, aidiyyəti qurumlar McDonalds və bu tip qurumların 44 Günlük Müharibə zamanı ölkəmizə qarşı etdiklərini unutmayıblar”.