11 İyun 2022 09:16
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə ali məktəblərə qəbul imtahanları keçirildi. Nəticələr elan olunduqdan sonra Bakının 152 saylı tam orta məktəbində heç bir şagirdin ali məktəbə qəbul olmadığı açıqlandı. Təhsil naziri Emin Əmrullayev də bugünkü çıxışında Azərbaycan təhsilində ciddi problemlərin olduğunu vurğulayıb. Ali məktəblərə qəbul göstəricilərinin zəif olması təhsilin keyfiyyətindən xəbər verirmi? Bu gün ali təhsil nə dərəcədə məzunların "əlindən tutur"?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Teleqraf.com-a açıqlamasında ali məktəblərə qəbul göstəricilərinin təhsilin keyfiyyəti ilə müqayisə olunmamalı olduğunu bildirib:

“Bu il orta ümumtəhsil məktəblərini 85 minə yaxın şagird bitirir. Qəbul və buraxılış imtahanlarının nəticələrini təhlil etdiyimiz zaman müxtəlif nəticələrlə qarşılaşırıq. Hər il rayonlar, eyni zamanda Bakı şəhəri məzunları arasında ali məktəblərə qəbul olmayan kifayət qədər məktəblər var. Məsələn, 2021-ci ildə də 152 saylı məktəbin bir məzunu belə ali məktəbə daxil ola bilmədi. Masallının bir neçə kənd məktəbi var ki, heç bir şagirdi ali məktəbə qəbul olmayıb. Bu tipli kifayət qədər nümunə var. Lakin bu, tədrisin göstəricisi hesab edilə bilməz. Tədrisin göstəricisi buraxılış imtahanları, xüsusilə də əsas fənlərdəki qiymətlərlə hesablana bilər. Bizə görə, şagirdlərin ümumiyyətlə cavab kartına hər hansı məlumat qeyd etməməsi problem ola bilər. Çünki təhsil standartlarına görə orta ümumtəhsil məktəblərinin əsas məqsədi vətəndaş yetişdirmək və onlarda minimum biliklərin formalaşmasıdır. O demək deyil ki, orta məktəbdən məzun olan hər bir şəxs ali məktəbə qəbul olmalıdır. Bu, prinsipcə mümkün deyil. Orta məktəbləri 85 min şagird bitirirsə, ali məktəblərin qəbul planı 47 min yerdir. Bütün uşaqlar 700 bal toplasa da, hamısı qəbul ola bilməz. Bu, prinsipcə doğru yanaşma tərzi deyil. Sadəcə, tədrisin keyfiyyətini ölçən məsələ buraxılış imtahanlarının nəticələridir, amma o da qənaətbəxş deyil”.

Təhsil eksperti ölkədə tədris keyfiyyətinə yanaşmanının birmənalı olmadığını vurğulayıb: “Ölkədə heç kim Azərbaycanın təhsil səviyyəsindən razı deyil. Əslində, təhsilin başqa funksiyası da yoxdur. Bu gün hamı deyir ki, "ölkədə təhsil batıb". Nə batıb? Uşaqlar hər gün məktəbə gedirlər, yazırlar, oxuyurlar - deməli, təhsil var. Başqa gözləntimiz nədir? Ali məktəbələrə qəbulu təhsilin göstərici vahidi qəbul edirik. Məsələn, Türkiyənin məktəb məzunlarının yalnız 10 faizi ali məktəblərə qəbul ola bilir. Amma cənubi koreyada 85 faiz məzunlar. Azərbaycan isə bir buraxılış ilində məzunların 50 faizi təhsilin növbəti mərhələsinə gedə bilirlər. Ümumiyyətlə, qəbul imtahanının məzmunu fərqli aspektdə yoxlanıb ölçülür. Dövlət İmtahan Mərkəzi (DİM) kifayət qədər obyektiv, şəffaf, əlçatan imtahan keçirir. Məqsədi dövlət standartlarının yoxlanılması və ölçülməsidir. Orta ümumtəhsil məktəblərində müəllimlər tədirisi düzgün təşkil etmədiyinə görə, orta məktəblərdə summativ qiymətləndirmələr standartlara uyğun təşkil edilmədiyinə görə uşaqlar buraxılış imtahanında normal nəticə göstərə bilmirlər. Heç bir summativ qiymətləndirmə imtahanında listening, mətn tipli suallar yoxdur. Yekun nəticədə uşaqlar buraxılış və qəbul imtahanında yeni model testlər görürlər və cavablaya bilmirlər. Yaxud da məktəbdaxili qiymətləndirmələrin cavab kartları yoxdur. Bu modellər xüsusilə 8-ci siniflərdən başlayaraq məkəblərdə işlənilməlidir ki, onlarda bacarıqlar formalaşsın. 9-cu sinifdə 38 uşaq ağ kağız qoyub və biz elə fikirləşirik ki, bunlar oxuyub yazmağı bilmirlər. Onlar sualın cavabını sual kitabçasına yazıblar və köçürməyə vaxtları çatmayıb. Yoxlama və ölçmə alətləri bir meyar üzrə deyil. Ona görə də məsələyə tamamilə fərqli yanaşmalıyıq”.


Müəllif: Aysel Azad